Qroznı toplantısı İstanbul sammitinə alternativ ola bilməz

Rusiya sadəcə olaraq Çeçenistanın inkişafda olduğunu və ölkədə sabitlik olduğunu nümayiş etdirmək istəyirdi




Çeçenistan Respublikasının paytaxtı Qroznıda Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısı keçirilib. Toplantı iki gün davam edib. Terrorçuluğun dünyada ən böyük təhlükələrdən biri olduğunu deyən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirakçıların arzusunu nəzərə alaraq, toplantının ilk müzakirə mövzusu olaraq ekstremizm və terrorçuluğa qarşı mübarizəni seçdiklərini bəyan edib. N. Patruşev toplantı çərçivəsində dünya ictimaiyyəti üçün aktual olan miqrasiya məsələsinə də toxunub.

Təhlükəsizlik Şuraları ali nümayəndələrinin VII Beynəlxalq toplantısında 70-dən ölkənin nümayəndələri iştirak edib. Toplantıda ekstremizm və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, miqrasiya prosesləri və beynəlxalq informasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. Toplantıda Azərbaycanı Prezident Administrasiyasının sədri, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyasının sədr müavini, hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov, Rusiya Prezidentinin Şimali Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Sergey Melikov və digərləri iştirak edirlər.

Qeyd edək ki, sözügedən toplantının İstanbulda keçirilən Dünya Humanitar Sammiti ilə üst-üstə düşməsi təsadüf kimi qəbul edilməyib. İddialara görə, Rusiyanın Təhlükəsizlik Şuralarının ali nümayəndələrinin VII Beynəlxalq toplantısını məhz indi çağırmasında məqsəd İstanbul sammitinə alternativ olmaq və dünyanın diqqətini Türkiyədən yayındırmaqdır.

Qroznı toplantısının bir növ İstanbul sammitinə alternativ çağrılması iddiası ilə razılaşan "Atlas” Araşdırmalar Fondunun rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, aradakı miqyas fərqi çox böyük olduğu üçün Rusiyanın məqsədinə çatması mümkün hal deyil: "İstanbulda keçirilən Dünya Humanitar Sammitinin arealı həddindən artıq genişdir və BMT səviyyəsində baş tutan bir toplantıdır. Bir sıra dünya liderləri, tanınmış Hollivud ulduzları bu toplantıya qatılıb və mindən çox jurnalist bu sammiti işıqlandırıb. Amma Qroznıda keçirilən tədbir lokal xarakterlidir. Ola bilsin ki, həmin yığıncaqda təhlükəsizlik, terrorizm, miqrasiya ilə bağlı ciddi fikir mübadiləsi aparılmış olsun. Amma bütün dünyanı əhatə edən qlobal sammit ilə kiçik bir regionu əhatə edən toplantı arasında fikir mübadiləsini eyniləşdirmək doğru deyil”.

Politoloqun sözlərinə görə, toplantının Qroznıda keçirilməsi Çeçenistanın imici baxımdan əhəmiyyətlidir. İki savaş görən bu ölkədə xeyli yenidənqurma işləri aparılıb. Qroznı həqiqətən də öz infrastrukturu ilə göz oxşayır. Rusiya da toplantını Qroznıda keçirməklə Çeçenistanın inkişafda olduğunu və ölkədə sabitlik olduğunu nümayiş etdirmiş hesab olunur.

Şəymən