Quduzluğa yoluxan insanların sağalmaq ehtimalı yoxdur

Sahibsiz heyvanları, küçə itlərini daim nəzarətdə saxlamaq lazımdır



Aprelin əvvəlində sahibsiz itin dişlədiyi Zaqatala sakini 47 yaşlı Pəri Qasımovada quduzluq xəstəliyi aşkarlanıb. Hazırda Pəri Turacovanın müalicəsi Zaqatala RMX-nin yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Xəstəxanadan verilən məlumata görə, qadında quduzluq əlamətləri get-gedə şiddətlənir, o, sudan və havadan qorxur, tənəffüs çatışmazlığı müşahidə edilir, arqessivliyi artır. Rayon xəstəxanasının həkimləri deyirlər ki, ilk dəfədir quduzluğa yoluxmuş xəstə ilə qarşılaşırlar.

Görəsən, quduz haqqında mütəxəssislər nə düşünür? Quduza yoluxan xəstələr şəfa tapırmı? Yaxud da insanlar quduz olmamaq üçün nələrə diqqət etməlidir?

Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova isə virtualaz.org-a açıqlamasında bu xəstəlikdən sağalmağın mümkün olmadığını deyib. Onun sözlərinə görə, xəstəliyin inkubasiya dövrü 14 gündən başlayaraq 1 ilə qədər çəkə bilər: "Bu, itin dişləmə yerindən asılıdır. İt insanı aşağı ətraflardan dişləyərsə, o zaman ölüm 1 ilin tamamında da ola bilər. Bu müddətdə xəstəlik gizli qalır. Amma it dişləyən yer əl, barmaq və ya üzdürsə, bu zaman ölüm daha tez olur. Ölənə kimi isə belə xəstələr infeksion-yoluxucu reanimasiya şöbələrində saxlanılır. Onlarda havadan, sudan, işıqdan qorxma simptomları olduğundan xüsusi şərait yaradılır, çox hava axını olmayan otaqda saxlanılırlar. Belə xəstələr öldürülmür, çünki ölümcül xəstələrin evtanaziyası Azərbaycanda qadağandır. Xəstəlik özü ölümlə nəticələnir”.

Şöbə müdirinin sözlərinə görə, vaxtında peyvənd vurulsa, heç də heyvan dişləmələri ölümlə nəticələnməz. Çox zaman insanlarda dişləmə adi sıyrıq kimi olduğundan onu ciddi qəbul etmirlər və bu da ölümlə nəticələnir. Əslində bu, it dişləməsi ilə bağlı ilk belə hal deyil. Heyvan dişləməsini çox zaman qulaqardına vurduqlarından bəlli nəticə ilə sonuclanır”.

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, quduza yoluxmamaq üçün ilk növbədə bunu yayan heyvanlardan uzaq durmaq lazımdır. "Çünki quduzluq insanlara, elə heyvanların özlərinə də onlardan keçir. Ona görə də sahibsiz heyvanları, küçə itlərini daim nəzarətdə saxlamaq lazımdır. Onları Sanitar Epidemiologiya Mərkəzi ya öz nəzarətlərinə götürməli, ya da ki, məhv etməlidir”.

Tibb ekspertinin sözlərinə görə, quduza yoluxmaların artmasına əsas səbəb həmin xəstəliyin daşıyıcıları olan itlərin nəzarətsiz qalmasıdır. "Bəzən görürsən ki, yemləmə zamanı da təsadüfi hücumlar nəticəsində insanlar quduza yoluxur”. Müalicə tədbirlərinə gəldikdə isə həkim-ekspert deyib ki, quduz itlərlə təmasda olan şəxslər dərhal quduzluq əleyhinə viruslardan istifadə etməlidir. Bunu nə qədər erkən etsələr, nəticələri də bir o qədər yaxşı olar: "Vaxtında tədbir görülmədikdə artıq xəstəlik qana keçir, çoxalmağa başlayır və onun müalicəsi mümkün olmur. Artıq xəstəlik insanın sinir hüceyrələrini məhv edir və insan aqressivləşir. Sudan, qandan qorxmağa başlayır. Təbii ki, sinir hüceyrələrinin məhvi nəticəsində də tədricən insanlar öz həyatlarını itirirlər. Ona görə də heyvanların hücumuna məruz qalan insanlar mütləq vaksinasiya edilməlidirlər. Xəstəlik gecikmiş olanda onun müalicəsi mümkünsüz olur. Xəstə şəxslərin perspektivi yoxdur, ona görə də xəstəliyin klinik addımları ortaya çıxana qədər mütləq vaksinasiya olunmaq lazımdır. İt tərəfindən dişlənilən şəxs mütləq həkimə müraciət etməli, həmin it isə ən azı 10 gün müşahidə altında saxlanılmalıdır. Bu şərtlərin gözlənilməməsi isə acı nəticələrə gətirib çıxarır. Artıq quduzluğa yoluxmuş insanlar xüsusi otaqlarda, həkimlərin müşahidəsi altında saxlanılır. Onlar ya cəmiyyətdən təcrid edilir, ya da ki, iynə vurulub öldürülür”. A.Qeybulla da qeyd edib ki, quduzluğa tutulmuş insanlar müalicə edilsə də, müalicənin heç bir perspektivi olmur.

Şəymən