“Bu kimi cəhdlər, dünyada islamın getdikcə artan nüfuzundan əndişələnən güc mərkəzlərinin sistemli şəkildə həyata keçirdiyi plandır”
İngiltərənin məşhur "Times” qəzeti islam dininin əsas kitabı olan "Qurani-Kərim”in Məhəmməd peyğəmbərdən əvvəl yazılması ilə bağlı sensasiya yaradacaq yazı dərc edib.
Məqalədə deyilir ki, Birmingem Universitetinin kitabxanasında bir ay öncə tapılan bir Quran perqamenti üzərində aparılan araşdırma belə bir iddianı səsləndirməyə əsas verir. Belə ki, testlər perqamentin 568 və 645 illəri arasında yazıldığına işarət edir. Məhəmməd peyğəmbərin doğum tarixi isə 570-ci (bəzi qaynaqlara görə 571-ci il göstərilir) - ölüm tarixi isə 632-ci il qeyd edilir.
Xəbərdə bildirilir: "Araşdırmalara görə, bu perqament ən gec üçüncü Xəlifə Osmanın əmri ilə Quranın yığıldığı 653-cü ildən əvvələ, ən erkən tarix olaraq isə Məhəmməd peyğəmbərin uşaqlıq dönəminə aiddir. Hətta daha dəqiqi Məhəmməd peyğəmbər doğulmadan öncə yazılıb”. Qeyd edək ki, bir çox tarixçilər bu iddialara qarşı çıxaraq, karbon testlərinin hər zaman etibarlı olmadığını vurğulayıblar. Qəzet isə öz növbəsində xəbərin doğruluğunu müdafiə edərək, tapılan perqamentin varlığının Quranın kökünə bağlı ənənəvi məlumatları gücləndirdiyini yazıb.
Məsələni dəyərləndirən Seyid Camal Əzimbəyli "Şərq”ə söyləyib ki, Azərbaycanda geniş elmi, dini və milli məfkurəsi olan hər kəs bilir ki, islam dininin qaydaları dünyaya sülh gətirib: "Bu cür cəfəng məlumatlarla islamı gözdən salmaq, islamın ali məqamı olan Həzrəti Məhəmməd Mustafanı adiləşdirmək istəyirlər. Bu kimi cəhdlər dünyada islamın getdikcə artan nüfuzundan əndişələnən güc mərkəzlərinin sistemli şəkildə həyata keçirdiyi plandır. Biz bunu İŞİD-in timsalında görə bildik. Əslində, sözügedən təşkilatın tərkibində döyüşənlərin mütləq çoxluğunun müsəlman kimliyi yoxdur. Amma Avropa analitik mərkəzləri bunun islam şəbəkəsi olduğunu bildirir. İslamın vəhşi obrazını yaratmağa çalışırlar. Deyim ki, müəyyən mənada buna nail olublar. Bir daha qeyd edim ki, "Qurani-Kərim”lə bağlı yayılanlar yalan və riyakarlığa əsaslanan xəbərdir və heç bir dini əsası yoxdur”.
Ayyət Əhməd