Ramil Səfərovun atası danışdı
“Biz onların nazı ilə oynamamalıyıq. Onsuz da ki, gec, ya tez, ermənilər Dilqəmlə Şahbazı ölkəmizə qaytarmalı olacaqlar”
Qondarma Dağlıq Qarabağ hakimiyyətindən kəlbəcərli girovlarla bağlı sərsəm tələb irəli sürülüb. Belə ki, separatçılar girovlardan birini erməni zabiti Qurgen Markaryanı qətlə yetirən Ramil Səfərovla dəyişmək niyyətində olduqlarını dilə gətiriblər. Həmin tələb Dağlıq Qarabağdakı separatçı rejimin qondarma prezidentinin "mətbuat katibi” David Babayan tərəfindən səsləndirilib.
Ramilin atası Sahib Səfərov isə hesab edir ki, ermənilərin dediklərini ciddiyə alıb, reaksiya verməyə belə dəyməz: "Ermənilər nə dediklərini heç özləri də bilmir. Bu günə qədər onların dillərindən məntiqli bir ifadə eşitməmişik. Ramillə girovlardan birinin dəyişdirilməsi də növbəti erməni sərsəmləməsindən başqa bir şey deyil. Azərbaycan dövlətinin səyi ilə beynəlxalq hüquq normaları çərçivəsində Ramilin Azərbaycana ekstradisiyası həyata keçirilib və ölkəyə gələr-gəlməz də prezidentin fərmanı ilə azadlığa buraxılıb. Ermənilər hansı əsasla Ramillə girovlarımızın dəyişdirilməsi iddiasını irəli sürürlər, anlamıram? Bu cür absurd iddiaları ermənilərin dilindən tez-tez eşidirik. Hətta bir çox hallarda ermənilərin adından özümüzünkülər yalan xəbərlər yayırlar. Amma təbii ki, bu cür mənasız bəyanatlara reaksiya verib, özümüzü yormağa dəyməz. Sərsəmləmək ermənilərin milli ənənələridir. Biz isə sadəcə olaraq "it hürər, karvan keçər” deyib, daha ciddi məsələlər ətrafında düşünməliyik. Bizim üçün önəmli olan da ermənilərin Ramillə girovları dəyişdirmək iddiası yox, Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunmasıdır. Bütün aparıcı dövlətlər, beynəlxalq təşkilatlar bu məsələdə Azərbaycanın yanındadır və girovların qaytarılması ilə bağlı Ermənistan hökumətinə də bir neçə dəfə xəbərdarlıq edib. Onlar isə bu bəyanatlardan nəticə çıxarıb, girovları qaytarmaq əvəzinə sərsəm təkliflər irəli sürməklə məşğuldurlar. Biz isə onların nazı ilə oynamamalıyıq. Onsuz da ki, gec, ya tez, ermənilər Dilqəmlə Şahbazı ölkəmizə qaytarmalı olacaqlar. Bu istiqamətdə dövlət tərəfindən lazımi addımlar atılır. Cənab Prezidentin şəxsi iradəsi ilə tez bir zamanda onların qaytarılacağına əminəm. Çünki biz artıq bu cür məsələlərdə ölkə başçısının əzminə yaxşı bələdik. Necə ki, Ramili Macarıstan həbsxanasından azad elədi. Şəhid qəhrəmanlarımız Mübariz İbrahimovla Fərid Əhmədovun nəşini erməni casuslarının caynağından aldı, eləcə də girovlarımızı separatçıların əlində qoymayacaq. Əmin olsunlar ki, Qarabağı da onlara verən deyilik!”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da bildirib ki, bu addım Ermənistanın qondarma Dağlıq Qarabağda quldurluq rejimi yaratdıqlarını bir daha sübuta yetirir: "Ona görə də quldurlara xas olan təkliflərlə çıxış edirlər. Ermənilər özləri də bu hərəkətləri ilə etiraf edirlər ki, azərbaycanlı girovları məkrli niyyətlə ələ keçiriblər. Bu addımla Ermənistan dünyada nifrətlə qarşılanan İŞİD hərəkatından heç nə ilə fərqlənmir. Orada terrorçu rejim yaradıb, iyrənc təkliflərlə özlərini yüksək tutmağa çalışırlar”.
QAT sədrinin sözlərinə görə, ermənilərin növbəti oyununa beynəlxalq təşkilatlar açıqlama bildirməlidirlər: "Bu oyuncaq rejimə qarşı artıq mövqelərini formalaşdırmalıdırlar. Ermənilər Ramil Səfərova qarşı haqsız mövqelərini yeritməyə can atırlar. Zabitimizə olan kin və nifrətlərini gizlədə bilmirlər”.
Həmçinin A.Nağı hesab edir ki, Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı qəbul edəcəyi qərarlara heç kəsin müdaxilə etməyə ixtiyarı yoxdur: "Bu, dövlətin işidir. Düşmən ölkə Ramil Səfərovu geri istəməklə Macarıstanın qərarlarına da zidd mövqe göstərir. İrəli atdıqları fikirlərlə beynəlxalq normalara və ölçüyə sığmayan hərəkətlərini nümayiş etdirirlər”. Qeyd edək ki, ailəsi Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərova məktub yazıb.
D.Əsgərovun qardaşı Sahib Musayevin dediyinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə yaxın günlərdə girovlarla görüş keçiriləcək: "Məktubda Dilqəm Əsgərovun vəziyyətini soruşmuşuq. Ona özündən muğayət olmasını qeyd etmişik. Görüş zamanı bizim məktub ona çatdırılacaq”.
S.Musayev düşmən tərəfinin Kəlbəcər girovlarından birinin Ramil Səfərovla dəyişdirilməsi ilə bağlı təklifinə münasibət bildirib. Qeyd edib ki, girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev qanunsuz heç bir hərəkətə yol verməyiblər: "Ermənilər qələt edir, bu fikri söyləyirlər. Nəyə görə Ramili onlara verməliyik? Ermənilər tərəfindən qanunsuz saxlanılan vətəndaşlarımıza görə biz öz igidimizi onlara verməyəcəyik. Bu heç vaxt mümkün deyil”.
Şəymən