İlqar Altay:"Şantaj və tələb ehtimalını da düşünmək olar ki, Ramiz Mirzəyev ondan tələb olunan ağır şərtlərə əməl etməsin, ya da artıq bu təzyiqlərdən bezib, mənlik və qüruruna sığışdırmayıb, rədd cavabı versin"Çünki bəzən insanı sıxışdırıb, “mərdi qova-qova” o həddə çatdırırlar ki, o artıq şok yaşayır, qorxu və qorunma hissini itirir, heç nəyi nəzərə almır"
"Mən sadəcə bir kriminalist kimi, ikinci mütəşəkkil cinayət tərəfinin detalları üzərində daha çox dayandım. Misal var, şər deməsən xeyir gəlməz”
"Keçmiş AFFA prezidentinin ailəsinin, qohumlarının başına gələn son faciələrdə ən böyük və real ehtimal odur ki, həmin 3 hadisənin bir-biri ilə əlaqəsi yoxdur”.
Bunu "Sherg.az”a AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin ailə üzvlərinin başına gələn faciəvi olaylardan danışarkən İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altay deyib. R.Mirzəyevin oğlunun və qardaşı oğlunun bundan əvvəl ayrı-ayrı vaxtlarda avtoqəzalarda həlak olduğunu xatırladan İ.Altay vurğulayıb ki, bu qəzalar ölkədə son vaxtlar artan ölümlü yol hadisə-faciələrdəndir:
"Ramiz Mirzəyevin bacısının həyat yoldaşı ilə birlikdə evində qətlə yetirilməsinə gəlincə, mərhumların bədənində yanıqdan və ya tüstü-dəm qazından zəhərlənmədən başqa zorakılıq əlaməti varsa, bu da maddiyyat əldə etmə motivli basqın, quldurluq cinayəti ilə bağlı olar. Güman ki, burada ikinci, az ehtimal olunan variant bu 3 faciənin- 2 avtoqəza və 2 qətlin hansısa böyük güclü qüvvə tərəfindən Ramiz Mirzəyevə qarşı yönəlmə versiyasıdır. Bu halda Mirzəyevin hansısa ağır hərəkətinin qisasını almaq ya da ondan tələb etdikləri çox mühüm nəyisə bu cür faciəli şantaj metodu ilə tələb etmək istəyiblər. Bu versiya üzərində dayansaq, ayrı-ayrı zaman və formada 3 faciənin bir tanınmış şəxsə qarşı təşkil edilməsi adi kriminal qrup ya reket-mafiya bacaracağı iş ola bilməz. Özü də ölkədə növbədənkənar prezident seçkiləri ərəfəsi hüquq-mühafizə orqanlarının güclü, sayıq iş rejimində çalışdıqları dövrdə.

Bu, kompleks 3 hadisəni Ramiz Mirzəyevin başına gətirə bilən, tovuzlu polkovnik Fətulla Hüseynovu qətlə yetirən qüvvədən də xeyli güclü, imkanlı və yüksək əlaqəli şəxs ola bilər. Şantaj və tələb ehtimalını da düşünmək olar ki, Ramiz Mirzəyev ondan tələb olunan ağır şərtlərə əməl etməsin, ya da artıq bu təzyiqlərdən bezib, mənlik və qüruruna sığışdırmayıb, rədd cavabı versin və hər şeyi göz altına alsın. Çünki bəzən insanı sıxışdırıb, "mərdi qova-qova” o həddə çatdırırlar ki, o artıq şok yaşayır, qorxu və qorunma hissini itirir, heç nəyi nəzərə almır. Yenə qeyd edirəm, Ramiz Mirzəyevin ətrafında baş vermiş bu 3 faciə böyük ehtimal ki, bir-biri ilə əlaqəsizdir və həyatın acı təsadüfü, bəd hadisələrin insan həyatının bir qısa dövründə cəmləşməsidir. Mən sadəcə bir kriminalist kimi, ikinci mütəşəkkil cinayət tərəfinin detalları üzərində daha çox dayandım. Misal var, şər deməsən xeyir gəlməz”.
Qeyd edək ki, Tovuz şəhərində yerləşən 7 otaqlı mənzildə 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın naməlum şəraitdə qətlə yetirilməsi və meyitlərinin yandırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb. Zəruri ekspertizalar təyin edilib və dəhşətli cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. İlkin araşdırmalar zamanı F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P. Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur. Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş. Xatırladaq ki, bu, Mirzəyevlərlə bağlı son aylarda baş vermiş üçüncü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olub. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda "Toyota Land Cruiser"in aşması nəticəsində vəfat edib.
Aysel Aslan