Ramiz Rövşən yazdı: Səhhəti pisləşən şair infarkt keçirə bilərdi





Sosial şəbəkədə azərbaycanlı şair Sayman Aruzun səhhətində yaranmış problemə görə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılıb.

Belə ki, şair Ramiz Rövşən "Facebook” hesabında Sayman Aruzun səhhətinin ağır olduğunu bildirib: "Xətrini çox istədiyim, dəyərli şairimiz Sayman Aruz kəskin ürək tutmasından özünü itirmiş, xəstəxanaya yerləşdirilib. Hazırda ölümlə üzə-üzə olan şairə şəfa diləyirik”.

Musavat.com saytının əməkdaşı şairin səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.

S.Aruz müalicəsini evdə davam etdirdiyini bildirib: "Haqqımda yayılan xəbərləri oxumamışam, səhhətimin ağır olması məsələsi yəqin ki, bir az şişirdilib. Hazırda evdə müalicəmi davam etdirirəm. Sinəmdə kəskin ağrı hiss etdim, nəfəsim kəsildi, təzyiqim qalxmışdı. Qonşuların köməkliyi ilə xəstəxanaya aparıldım. Həkimlər bildirdilər ki, vaxtında xəstəxanaya çatdırılmasaydım, infarkt ola bilərdim. Şükür Allaha ki, müayinə etdilər, dərman, iynə vasitəsilə səhhətimi düzəltdilər. Bir gecə həkim nəzarətində qaldım, sonra xahiş etdim ki, məni evə buraxsınlar. Mən də rəhmətlik Zöhrab Tahir kimi xəstəxanada daha çox xəstələnən adamam. Hazırda yanımda həkim var, müayinə üçün gəlib. Maraqlananlara təşəkkür edirəm, indi özümü yaxşı hiss edirəm”.