Rayonlarda həkim çatışmır

Ucqar kənd yerlərində həkim çatışmazlığı yaşanır. Rayonlardakı xəstəxanalar müasir avadanlıqlarla təmin olunsalar da, kadr problemi yaşanır.
Professor Adil Qeybulla xüsusən də Azərbaycanın sərhədyanı bölgələrində həkimlərə daha çox tələbat olduğunu deyib: "Səhiyyə sahəsində kadrların böyük əksəriyyəti Bakıda toplanıb. Amma sovet dövründə təyinat icbariliyi var idi. İndi təyinat azadlığı olduğundan, əksər kadrlar rayonlara getməkdən çəkinir. Regionların inkişafı proqramı çərçivəsində səhiyyə sahəsində kadrlara xüsusi şəraitin yaradılması lazımdır. Rayona gedən mütəxəssis nə gəlir, nə də həyat səviyyəsi baxımından sıxıntı çəkməməlidir. İndiki ağır yaşam şərtlərində minimal maaş alan həkim, əlbəttə, rayonda qalmayacaq. Sovet dönəmində həkimin aldığı maaş onun həyat ehtiyaclarını ödəyirdi”.

Adil Qeybulla: "Rayona gedən mütəxəssis nə gəlir, nə də həyat səviyyəsi baxımından sıxıntı çəkməməlidir”

A.Qeybulla problemin aradan qaldırılmasını bölgələrdə həkimlərin şəraitinin yaxşılaşdırılmasında görür: "Rayonlarda yeni diaqnostika mərkəzləri və xəstəxanalar tikilib. Həmin obyektlərdə geniş cərrahi əməliyyatlar keçirildikcə, ali kateqoriyalı mütəxəssislər Bakıya gəlməyi o qədər də əhəmiyyətli saymayacaq. İkinci tərəfdən, hazırda həkimin özünütəsdiqi məsələsi də önəmlidir. 
Həkim öz əməyindən də razı qalmalıdır. İşləmədikcə, təcrübə yığmadıqca, həkimlərdə dekvalifikasiya gedir. Azərbaycanın bir milyona yaxın məcburi köçkün və qaçqınının olduğu məlumdur. Onlar kütləvi miqrasiya şəraitindədir. Belə halda tibb kadrlarının paylanması və yerləşdirilməsi xeyli problemlər yaradır. Səhiyyə hələlik dotasiya ilə işləyən orqandır. Bu vəsait gəlir gətirmir, əhalinin sağlamlığına yönəlib”.
Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudovun açıqlamasına görə, rayonlardakı həkim qıtlığını aradan qaldırmaq üçün təyinat olmalıdır
"Sovet dövründə universiteti bitirən tələbələr rayonlara təyinat alırdı və iki il məcburi işləməsə, şəhərdə işləyə bilmirdi. Gənc həkimlərin öz rayonlarına təyinat alması eyni zamanda kəndlərdə ziyalı sayının da artmasına gətirib çıxaracaq. Həm də həkim özü çox böyük təcrübələr toplayacaq. Mən Şınıx kəndinə təyinat alanda Rəsullu kənd xəstəxanasının baş həkimi idim. Məndən başqa da həkim yox idi xəstəxanada. İnanırsınız, öz kabinetimə qədər xəstə ilə dolu idi. Axı hamının Bakıda müalicə almaq imkanı yoxdur. Rayonlara təyinat olsa, həkim çatışmazlığı da aradan qalxar. Əgər kimsə fəaliyyətini Bakıda davam etdirmək istəyirsə, yenidən imtahan verər keçər”.
Şəymən