“Regionda çox ciddi geostrateji xaos ola bilər”

“Türkiyənin Suriyada İran və Rusiya ilə koordinasiyalı siyasəti ABŞ-la geosiyasi məkanda toqquşmaya səbəb olub”


Türkiyə hazırda çoxvektorlu siyasət yürüdür. ABŞ çalışacaq ki, Suriyadakı kürdlər vasitəsi ilə Türkiyəyə təzyiq etsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Türkiyə arasında meydana gələn viza böhranı ilə bağlı növbəti dəfə çıxış edib. Amerikanın strateji ortaq olduğunu xatırladan Ərdoğan həddini bilməz səfirə görə münasibətlərin qurban verilməsinin qəbuledilməz olduğunu bildirib:

"Terror təşkilatının üzvləri Prezidenti narahat edirlər, səsin çıxmır. Amma bu ölkənin vətənpərvər övladları terrorçuların qarşısını almaq istəyəndə onları həbs edirsiz. Budurmu ədalət? Əgər böyük ABŞ-ı bir səfir idarə edirsə, yazıqlar olsun. Səfir "hökumət adı ilə bu addımı atdım” deyirsə və hökumət də onu müdafiə edirsə, o zaman biz də verdiyimiz qərarın arxasındayıq”. Ərdoğan deyib ki, heç kimin Türkiyəyə hüquq dərsi verməyə haqqı yoxdur:   

"Kandildəki terror baronları ilə birbaşa rabitə xətti quranlar bizə hüquq dərsi verə bilməz. Biz ədliyyə proseslərini tamamilə konstitusiya və qanunlara uyğun şəkildə aparırıq. Diplomatik toxunulmazlığı olmayan bir şəxslə bağlı proses Vyana anlaşmasına uyğun aparılır. Nə qohumlarının, nə də vəkilinin hər hansı görüş tələbi olmayıb. Problemi böyüdən biz deyilik”. 

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin nümayəndə heyəti viza böhranı ilə əlaqədar danışıqlar aparmaq üçün gələn həftə Türkiyəyə gələcək. Nümayəndə heyətinə Departamentin sədr müavini Conatan Koen başçılıq edəcək. Bu arada türkiyəli jurnalist Nevzat Çiçek ABŞ-ın viza qadağasının davamı olaraq Türkiyəyə qarşı "qara siyahı” hazırladığına dair iddia irəli sürüb. Çiçek açıqlamasında ABŞ-ın yaşanan viza böhranının həlli üçün gələcəkdə daha sərt tədbirlər seçəcəyini bildirib: 

"İlk olaraq Türkiyənin 15 tanınmış siyasətçisi ABŞ-a buraxılmayacaq. Daha sonra qadağa 283 nəfərə tətbiq olunacaq. Onların sırasında sabiq nazirlər, siyasilər, iş adamları olacaq”. Tərəflər arasındakı ziddiyyətlə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-Türkiyə siyasi gərginliyi hər ötən gün daha da qəlizləşir. Onun sözlərinə görə, Türkiyənin müstəqil siyasəti, regional oyunçuya çevrilməsi, bundan əlavə 2016-cı il hərbi çevrilişə cəhddən sonra ABŞ-Türkiyə arasında müttəfiq əlaqələri çox ciddi şəkildə zəifləyib: 

"ABŞ-ın Şimali Suriyada PKK-PYD terror təşkilatlarına maliyyə və hərbi yardımı Türkiyənin haqlı narazılığına səbəb olub. Xüsusilə hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin ekstradisiya edilməməsi rəsmi Ankarada ciddi narahatlıq doğurub. Ötən həftə ABŞ konsulluğunun işçisinin FETÖ işində şübhəli bilinərək həbs edilməsi ABŞ-Türkiyə arasında problemlərin kulminasiyası oldu. Türkiyə vətəndaşları üçün viza rejimi ləğv edildi. Vizanın ləğvi təkcə konsulluq işçilərinin həbsi ilə bağlı deyil, burada yığılıb qalan problemlərin partlaması deməkdir”. 

Ekspert bildirib ki, iki ölkə sərt ritorik siyasət aparır: 

"Buna baxmayaraq, Tillersonla Çavuşoğlu mövcud gərginliyi müzakirə ediblər. Amma tərəflərin hər hansı bir razılığa gəlməsi yaxın perspektivdə mümkün deyil. Türkiyənin Suriyada İran və Rusiya ilə koordinasiyalı siyasəti ABŞ-la geosiyasi məkanda toqquşmaya səbəb olub. Türkiyə hazırda çoxvektorlu siyasət yürüdür. ABŞ çalışacaq ki, Suriyadakı kürdlər vasitəsi ilə Türkiyəyə təzyiq etsin. Regionda çox ciddi geostrateji xaos ola bilər. Çünki Amerika Türkiyənin milli təhlükəsizliyinə qarşı siyasət yürüdür. Ona görə də Ankara-Vaşinqton əlaqələrində müsbət irəliləyişlər əldə etmək çətin görünür.

  İlk növbədə ABŞ kürdlərə dəstəkdən imtina etməli, Türkiyəni təhdid edən siyasətə son verməlidir”.

İsmayıl