Regionlarda ət yenə BAHALAŞDI - 10 manatdan 11.50-ə qalxdı

Vahid Əhmədov: "Ətin qiyməti 14-15 manata qədər arta bilməz. Bu, çox ciddi rəqəmdir və cəmiyyətdə yaxşı qarşılanmayacaq"


"Bazar iqtisadiyyatının olması o demək deyil ki, qiymətlərdə anarxiya yaranmalıdır”.

Bunu "Sherg.az”a bazarlarda ətin qiymətində müşahidə olunan artımın səbəblərini izah edərkən iqtisadçı millət vəkili Vahid Əhmədov deyib. 

O bildirib ki, Azərbaycanda 13-14 faiz inflyasiya getsə də, ətin qiymətində kəskin artım olmamalıdır:

"Ətin qiyməti 14-15 manata qədər arta bilməz. Bu, çox ciddi rəqəmdir və cəmiyyətdə yaxşı qarşılanmayacaq.

Ətin qiymətinin artmasının obyektiv və subyektiv səbəbləri var. Ola bilər, qonşu ölkələrdən gətirilən mal-qara üçün gömrük rüsumları ödənir və bu qiymətlərə təsir edir. Lakin Azərbaycanda kifayət qədər mal-qara var. Buna görə, qiymətlər bir-birinə uyğunlaşdırılmalıdır.

İqtisadiyyat Nazirliyinin belə məsələlərlə məşğul olan xüsusi departamenti var. Həmin departament nəzarət mexanizmlərini həyata keçirməli, monitorinqlər aparmalıdır. İstənilən qiyməti qoyub, əhalini pis vəziyyətə salan sahibkarların qarşısı alınmalıdır. Ətin qiymətinin artması əhalinin narazılığını da artıra bilər”.

Qeyd edək ki, bölgələrdə ətin qiymətində artım qeydə alınıb. Belə ki, 10 manata satılan mal ətinin qiyməti 11, bəzi yerlədə isə 11.50-ə yüksəlib. Əksər sallaqxanalar qış mövsümündə ətin daha da bahalaşacağını bildirir. Səbəbini isə ot presi və yemin qiymətindəki bahalaşma ilə izah edirlər.

Aysel Aslan