İqtisadiyyat üçün ən qorxulu xəstəlik inhisarçılıqdır
Əgər bu Məcəllənin qəbulu ləngiyirsə, belə çıxır ki, kimlərsə onun qəbul olunmamasında maraqlıdır
Milli Məclisin ötən toplantısında Rəqabət Məcəlləsinin qəbulu gündəmə gətirilib. Millət vəkili Fazil Mustafa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son günlər ard-arda imzalanan sosial yönümlü sərəncam və fərmanların cəmiyyətdə çox müsbət əhval-ruhiyyə yaratdığını vurğulayıb. Millət vəkili həmçinin vurğulayıb ki, qeyri-neft sektorunun inkişafı dövlətin yükünü azaltmalıdır. Əgər bu gün vətəndaşların alıcılıq qabiliyyəti aşağıdırsa, bunun qarşısı alınmalıdır. F.Mustafa Rəqabət Məcəlləsinin qəbul edilməməsinin zəruriliyini qeyd edib:
- Problemlərdən biri haqsız rəqabət, inhisarçılıqla bağlıdır. Bunu aradan qaldırmaq lazımdır ki, təşəbbüskar insanlar pul qazana bilsin. Bu gün tikinti sektorunda vəziyyət də ürəkaçan deyil. Tikinti ilə bağlı ləngimələr insanların kirayədə qalmaq vaxtını bir az da uzadır».
«Rəqabət Məcəlləsinin qəbulu nədən gecikir» sualına cavabında iqtisadçı Fuad İbrahimov bildirdi ki, bu, maraqlı qüvvələrdən asılıdır. «Şərq»ə açıqlamasında iqtisadçı inhisarçılığı iqtisadiyyatın sağalmaz xəstəliyi adlandırdı:
- Necə ki, bəşəriyyət onkoloji xəstəliklərdən qorxur, iqtisadiyyat üçün də ən qorxulu xəstəlik inhisarçılıqdır. İnhisarçılığı tamamilə aradan qaldırmaq heç vaxt mümkün olmur. Lakin onu hansısa həddə dayandırmaq mümkündür. Bunun üçün də gərək Rəqabət Məcəlləsi mütləq qəbul olunsun. Rəqabət Məcəlləsi qəbul edilsə, inhisarçılığı müəyyən səviyyədə tənzimləmək mümkün olar. İnhisarçılıq iqtisadiyyata ən böyük zərbə vuran amildir. İnhisarçılıq şəffaflığa mane olur, vergidən yayınmalara şərait yaradır, qiymətlərə də mənfi təsir edir. Qarşıdan Novruz bayramı gəlir. Bazarda qiymətlər artıq artmağa başlayıb.
Bu, süni qiymət artımıdır. Biz azərbaycanlılar sanki artıq buna vərdiş etmişik ki, bayram öncəsi qiymətlər mütləq qalxacaq. Nə qədər qəribə görünsə də, sanki hamı bunu «təbii» qarşılayır. Belə olmamalıdır amma. Əksinə, tələbat çox olan yerdə qiymətlər enməlidir. Çünki bayram öncəsi alıcılıq faizi onsuz da artır. Problem yeni inhisarçılıqdadı. Ona görə də mən millət vəkili ilə tam razıyam ki, Rəqabət Məcəlləsi qısa bir zamanda qəbul olunmalıdır. Biz onsuz da çox gecikmişik. Bu Məcəllə dünəndən qəbul olunmalıydı.
Bəs Rəqabət Məcəlləsinin qəbulu niyə uzanır?
İqtisadçı bildirdi ki, Rəqabət Məcəlləsinin qəbulu ümumilikdə ölkə üçün prioritet məsələ olmalıdır:
- Çünki burada söhbət inhisarçılığın makro-iqtisadiyyata vura biləcəyi ziyandan gedir. Əgər bu Məcəllənin qəbulu ləngiyirsə, belə çıxır ki, kimlərsə onun qəbul olunmamasında maraqlıdır. Qəbul edilmirsə, deməli, qəbul edilməsində maraqlı deyillər. Siz yadınıza salın, «ASAN Xidmət» olmadığı vaxtlarda «OVİR» önündəki növbələri. İnsanlar xarici pasport almaq üçün günlərlə növbəyə dayanırdılar, gecə «OVİR» önünə gəlib səhəri orada açanlar vardı.
Bu kimə sərf edirdi? Əlbəttə, bir qrup məmura. Amma «ASAN Xidmət» yaradıldı və artıq vətəndaşlar çox rahat şəkildə, sərbəst, yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu ödəyərək xarici pasport, şəxsiyyət vəsiqəsi alır, eləcə də digər hansısa sosial problemlərini, sənədləşmə işlərini həll edirlər. İqtisadiyyatımız üçün də bu gün ən əsas məsələ Rəqabət Məcəlləsinin qəbul edilməsidir. İnanın ki, bu məcəllə qəbul edilsə, bir çox müsbət dəyişikliklərin şahidi olacağıq.
Məlahət Rzayeva