Rəqsi elə bəyənildi ki...

Fatiməni yenə Amerikaya dəvət etdilər



Tanınmış rəqqasə Fatimə Fətəliyeva Amerikadan yenicə qayıdıb. O, Amerikada möhtəşəm konsert proqramında çıxış edib və mükafatlar qazanıb: "Bu günə qədər dünyanın müxtəlif ölkələrində Azərbaycan milli rəqsini layiqli şəkildə təqdim etmişəm. Bununla da hər zaman qürur duymuşam. Bu mənim Amerikaya ilk səfərim idi. Bizi orada gözəl qarşıladılar. Amerikada özümə yeni dostlar qazandım. Konsertə gəlincə, hər şey çox gözəl və peşəkar şəkildə təşkil edilmişdi. Həmin konsertdə "Sarı gəlin” rəqsimlə yanaşı, daha üç rəqsimi nümayiş etdirdim. Çıxışım alqışlarla qarşılandı. Mənə mükafatlar da verdilər. Bütün bunlara görə konsertin təşkilatçısı Frida xanıma təşəkkür edirəm. Gecədə sənətçi dostum Rüfət Axundovun da möhtəşəm çıxışı oldu. Onunla birgə yola çıxmaq mənim üçün xoş oldu. Amerikada az vaxt olsa da, gəzə bildik”.

Amerikada Azərbaycan sənətçilərinin görüşünü təşkil edən Frida xanım ötən gün Amerikadan bizə telefon açaraq təəssüratlarını bölüşdü: "Azərbaycan sənətçilərinin Amerikada belə bir konsert proqramı ilə çıxış etməsi məni çox fərəhləndirdi. Bir təşkilatçı kimi bu konsertdən zövq aldım. Çünki konsertə gələn hər bir tamaşaçının marağını gördükcə, bir daha əmin oldum ki, Azərbaycan musiqisini, mədəniyyətini düzgün təbliğ etsək, Amerika ictimaiyyətinin diqqətini çəkə bilərik. Fatimənin maraqlı rəqsləri hələ də burda danışılır. Bircə onu deyə bilərəm ki, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovadan sonra Amerikada Azərbaycandan belə maraqlı konsert proqramı ilə çıxış edən olmamışdı. Fatimə Zeynəb xanımdan sonra bəlkə də ilk azərbaycanlı sənətçi idi ki, Amerikada bu qədər maraqla qarşılandı. Konsert o qədər maraqla izləndi ki, Fatiməni yenidən Amerikaya dəvət etmək üçün bizə müraciət edənlər oldu. Elə Rüfət də gözəl oxudu. Milli rəqsimizi Fatimə o qədər mükəmməl və peşəkar şəkildə təqdim etdi ki, artıq bir neçə təkliflər gəlib. Biz istəyirik ki, Amerikada erməni lobbisi kimi, azərbaycanlıların lobbisi də, diasporamız da güclü təbliğat işləri aparsınlar. Təbliğatın isə ən gözəl yolu elə musiqidən başlayır. Biz Amerikada Azərbaycan günləri keçirmək niyyətindəyik. Fatimənin təqdim etdiyi milli Azərbaycan rəqslərini yenə görmək istəyirlər. Bu qız o qədər ürəklə, məsuliyyətlə bu konsertdə çıxış etdi ki, burada yaşayan azərbaycanlılarla yanaşı, amerikalılar da onu bir daha görmək arzularını bizə çatdırdılar. İnşallah, yaxın zamanda bir daha Fatiməni Amerikaya dəvət etməyi düşünürük”.

Tahirə