Rəsmi Bakının mövqeyi qətidir - Birinci məsələ ərazi bütövlüyümüzün bərpasıdır

Tofiq Abbasov: "Avropa İttifaqı ilə əməkdaşlıqla çəkindiyimiz, deməkdən ehtiyat etdiyimiz heç bir məsələ yoxdur”
"Hazırda Avropa İttifaqı ilə Azərbaycanın strateji müttəfiqliyə bərabər sıx əməkdaşlığı var. 10 ildir Aİ-nin Şərq Tərəfdaşlığı proqramı qüvvədədir”. Bunu "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Analitik bildirib ki, Azərbaycan bütün formatlarda adekvat və qarşılıqlı fəaliyyət mexanizmini nümayiş etdirir: 
"Azərbaycan qarşılıqlı iqtisadi münasibətlərdə iqtisadi bloklara hər zaman böyük dəstək verir. Hər dəfə tərəfdaşına bəyan edir ki, məsələnin siyasi mahiyyəti ikinci plandadır. Yəni, tərəflar arasında əsas məqam iqtisadi amildir. Məqsəd fayda götürmək və daha çox qazanc əldə etməkdir. 
Bu baxımdan Azərbaycanın mövqeyi qəti və konkretdir. Ancaq problem ondadır ki, Avropa təşkilatlarında sistemli şəkildə Azərbaycanın maraqlarına qarşı işləyən lobbiçi qüvvələr var. Onlar çalışırlar ki, atı arabadan sonraya qoysunlar. Halbuki at öndə olmalıdır ki, araba hərəkət edə bilsin.
Aİ-də yubiley sazişində ərazi bütövlüyü məsələsi öz həllini tapmadığı üçün Azərbaycan dərhal buna rədd cavabı verdi. Əslində rəsmi Bakının sərgilədiyi siyasi iradə Gürcüstanın, Ukraynanın və Moldovanın da xeyrinə idi. Onlar sussa da, Azərbaycan səsini çıxartdı və həmin ölkələr birmənalı Bakını dəstəklədilər. Yəni Avropa İttifaqı ilə əməkdaşlıqla çəkindiyimiz, deməkdən ehtiyat etdiyimiz heç bir məsələ yoxdur”.
Ekspert vurğulayıb ki, rəsmi Bakı bərabər hüquqlu əməkdaşlığın tərəfdarıdır: 
"Ötən illər ərzində Avropa İttifaqı ilə iqtisadi münasibətlərimizi, sosial və humanitar əlaqələrimizi xeyli genişləndirmişik. Əvvəl-axır Aİ, biz deyənə gəlib çıxacaq. Hələlik isə proses uzanır. Lakin bu yubanma Azərbaycanla deyil, birbaşa təşkilatın özü ilə bağlı problemdir”.
İsmayıl