Rusiya 540 mindən çox miqrantı niyə deportasiya edib ? - Səbəb

"Rusiya ərazisində yaşayan 10 milyona yaxın miqrantın böyük əksəriyyəti qeyri-qanuni əsaslarla məskunlaşıb”.
Bunu "Sherg.az”a 2012-2017-ci illərdə 2 milyondan çox vətəndaşın Rusiya qanunvericiliyini pozduğuna görə, bu ölkəyə gəlişinə qadağa qoyulmasından danışarkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 
O diqqətə çatdırıb ki, Rusiyada qeyri-qanuni miqrasiya ilə mübarizəni Daxili İşlər Nazirliyi həyata keçirir:
"Rusiya ərazisində çox sayda qeyri-qanuni miqrantlar var. Rusiyanın şərqində elə ərazilər var ki, miqrantlar yaşayır və heç bir ərazidə, strukturda qeydiyyatda deyillər. Qeyri-qanuni miqrantların olması da problemlərin baş qaldırması deməkdir. Bu tək qeyr-qanuni yaşamaqla məhdudlaşmır. Həmin şəxslərin qanunsuz əməlləri sonradan hökumət üçün də problemlər yaradır. Ona görə, Rusiya hökuməti bu cür qeyri-qanuni miqrasiya hallarını önləməyə çalışır.
Son illərdə Rusiyada çoxsaylı yol nəqliyyat hadisələri baş verdi. Bu hadisələrin əksəriyyətinin səbəbkarları isə sürücü miqrantlardır. Nəticədə qeyri-qanuni yaşayan miqrantların bu şəkildə qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu da üzə çıxır.
Miqrantlar hesab edirlər ki, miqrant olduqlarına görə, yol hərəkəti qaydalarını istədikləri şəkildə poza bilərlər. Amma istənilən halda onlar haqqında hüquq-mühafizə orqanlarında informasiyalar olur. Növbəti dəfə həmin şəxslərin Rusiyaya girişinə qadağa qoyula bilir. Rusiya hökuməti inzibati qaydaları pozan xarici vətəndaşlara qarşı belə cəzalar tətbiq edir”.
Qeyd edək ki, 2012-2017 illərdə 540 mindən çox insan Rusiyadan deportasiya edilib.
Aysel Aslan