“Bu, geri çəkilmək, təslim olmaq anlamında yox, beynəlxalq hüquqa hörmət göstərmək kimi dəyərləndirilməlidir”
“Rusiya ABŞ-ın qarşısından geri çəkilməyəcək, ancaq...”
Elçin Mirzəbəyli: “Situasiya həddindən artıq gərginləşərsə, Moskva dönüş edə bilər”
“Bu, geri çəkilmək, təslim olmaq anlamında yox, beynəlxalq hüquqa hörmət göstərmək kimi dəyərləndirilməlidir”
“Bu, geri çəkilmək, təslim olmaq anlamında yox, beynəlxalq hüquqa hörmət göstərmək kimi dəyərləndirilməlidir”
ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib ki, Rusiyanın amerikalı diplomatları ölkə ərazisindən çıxarmaq qərarına qarşı adekvat addımlar atılacaq. Tərəflər arasında yaranmış gərginliyə baxmayaraq, Tillerson Rusiya ilə gələcək münasibətlərə praqmatik yanaşıb. Dövlət departamentinin rəhbəri vurğulayıb ki, Vaşinqton problemlər ətrafında rəsmi Moskva ilə birgə işləməyə hazırdır. Onun sözlərinə görə, bir kiçik məsələdən ötrü ümumi dialoqu pozmağa dəyməz.
Xatırladaq ki, ABŞ-ın yeni sanksiyalarından sonra rəsmi Moskva amerikalı diplomatların sayının azaldılmasına qərar verib. Bu isə 455 nəfərin ixtisara düşəcəyi anlamına gəlir. Amerikada da 455 nəfər rusiyalı diplomat və texniki heyət işçilərinin ölkədən çıxarılması gözlənilir. ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və İrana qarşı sanksiyalar paketinə məcburi imza atsa da, qanun layihəsini pisləyib. Ağ Ev rəhbəri sanksiyaların gərginliyi artıracağını, danışıq mühitini pozacağını iddia edib.
Məsələ ilə bağlı "Şərq”in suallarını cavablandıran siyasi ekspert, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, əgər Tramp həqiqətən sənədə imza atmaq istəməsəydi, veto hüququndan istifadə edərdi.
- ABŞ Prezidenti özü imzaladığı qanun layihəsini hansı məntiqlə tənqid edir? Trampı qorxudan məqam nədir?
- Adətən, dövlət başçıları belə məsələlərdə diplomatik kanalların açıq qalması üçün oxşar davranışlar sərgiləyirlər. Rusiya nüvə ölkəsidir, güclü dövlətdir, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvüdür. İstər-istəməz beynəlxalq məsələlərdə güclü ölkələr arasında münasibətlər qorunmalıdır. Müxtəlif proseslərlə bağlı ABŞ-Rusiya arasında təmasların olması zəruridir. Məhz bu təmaslara maneə yaratmamaq üçün Tramp tərəfindən müəyyən diplomatik fikirlər səsləndirilir. Məqsəd diplomatik ünsiyyət üçün açıq pəncərə saxlamaqdır. Lakin Rusiya haqqında səsləndirilən sərt açıqlamalar sadəcə Konqresin mövqeyini ifadə etmir. Eyni zamanda Trampın hakim komandasının da mövqeyini əks etdirir. Məlumdur ki, Ağ Ev rəhbəri Respublikaçılar Partiyasını təmsil edir. Respublikaçılar Konqresdə də hakim mövqeyə sahibdirlər.
- Rusiya adekvat addımlar atacağını bəyan edib. Sizcə, Kreml ABŞ-a qarşı hansı təhlükəni yarada bilər?
- Rusiyanın ABŞ-a qarşı atacağı addımlar heç vaxt adekvat ola bilməz. Moksva həmin potensiala və gücə malik deyil. Bildiyiniz kimi, ABŞ-ın qəbul etdiyi sanksiyaların əhəmiyyətli hissəsi Rusiyanın enerji bazasına yönəlib. Rusiya hansısa formada Amerikanı enerji bazarlarında, ayrı-ayrı layihələrdə təhdid etmək imkanına sahib deyil. Rusiyanın ən böyük şirkəti "Qazprom” belə Amerikanın müttəfiqlərinin himayəsində olan enerji şirkətləri ilə müqayisə olunmaz dərəcədə kiçik və dünya bazarlarından çıxdaş edilmiş bir təşkilatdır. Kremlin "sərt” addımları, sadəcə Amerikalı diplomatlarla bağlı ola bilər. Bu isə adekvat yox, siyasi cavab hesab edilir. Rusiya hakimiyyəti ölkə əhalisini müəyyən qədər sakitləşdirmək və nüfuzunu qorumaq məqsədi ilə hansısa addımlar atmaq məcburiyyətindədir. Amma bu addımlar şübhəsiz ki, nə ABŞ-ın, nə də onun müttəfiqlərinin iqtisadiyyatına ciddi təsir göstərəcək. Amma ümumiyyətlə, təsir etməyəcəyini demək də olmaz. Avropada elə ölkələr var ki, Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda həmin dövlətlərin ixrac potensialı xeyli aşağı düşəcək.
- Ağır sanksiyalardan sarsılan Rusiya vəziyyətdən çıxmaq üçün geri addım ata bilərmi?
- Situasiya həddindən artıq gərginləşərsə, Moskva dönüş edə bilər. Çünki Rusiya tərəfindən oxşar davranışı daha əvvəl müşahidə etmişik. SSRİ dövründə də buna bənzər siyasətə əl atılıb. Əslində Moskva hökuməti həm dövlətin, həm də xalqın rifahı üçün beynəlxalq hüququn prinsiplərinə əməl etməlidir. Ukrayna, digər postsovet məkanı ilə bağlı mövcud məsələlərdə ədalətli mövqeyini ortaya qoymalıdır. Bu, geri çəkilmək, təslim olmaq anlamında yox, beynəlxalq hüquqa hörmət göstərmək kimi dəyərləndirilməlidir. Ancaq indiki halda Rusiya rəhbərliyi öz nüfuzunu qorumağa daha çox diqqət yetirir, nəinki ölkənin beynəlxalq aləmdə möhkəmlənməsinə səy göstərir. Belə şəraitdə hansısa "geri çəkilməkdən” söhbət gedə bilməz. Əgər proseslər fərqli yöndə inkişaf edərsə, tərəflər arasında müəyyən razılaşmalar mümkündür.
- Şimal qonşumuz Rusiyanın iqtisadi sanksiyalara məruz qalması Cənubi Qafqaz regionuna, xüsusən Azərbaycana müsbət və ya mənfi necə təsir edə bilər?
- Qonşularımızda gedən istənilən proses ölkəmizə bu və ya digər formada təsir edir. Azərbaycanda sağlam iqtisadi sistem var. Ölkəmizin iqtisadi resursları keçmiş sovet ölkələri ilə müqayisədə daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiyanın iqtisadi əlaqələri güclüdür və ticarət dövriyyəmiz genişdir. Bu səbəbdən ölkəmizə müəyyən mənfi təsirlər mümkündür. Amma bunun müsbət tərəfləri də ola bilər. Avropa bazarından Rusiyaya daxil olan məhsulları Azərbaycan məhsulları əvəzləyə bilər. Türkiyə ilə oxşar problemlər yaşananda Azərbaycan iş adamları üçün də yeni imkanlar yaranmışdı. Hesab edirəm ki, sanksiyaların müsbət və mənfi tərəfləri olacaq. Proses ilk növbədə Rusiyanın valyuta bazarına təsir göstərəcək. Rus rublunun dəyərdən düşməsi orada yaşayan soydaşlarımız üçün də müəyyən problemlərə gətirib çıxaracaq”.
İsmayıl