Fikrət Sadıqov: “Baş verən cinayətlər rus-erməni cəmiyyətlərinin bir-birinə olan nifrətini daha da artıracaq”
Mübariz Əhmədoğlu: “Ermənistan Rusiyanı “qorxudaraq” Gümrüdəki hərbi bazanı bağlamağı planlaşdırır”
Gümrüdə baş verən ailə qətliamından sonra gərginləşən İrəvan-Moskva münasibətlərinə daha bir hadisə əlavə olunub. Rusiyanın Stavropol vilayətində bir neçə erməni rus hərbçini qətlə yetirib.
Cinayəti törədənlər Gümrüdə rus əsgəri tərəfindən vəhşicəsinə öldürülən erməni ailəsinin qisasını aldığını deyiblər. Rusiya ilə Ermənistanın "arasını vuran” hadisələri şərh edən əksər siyasi ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət erməni və rus ictimaiyyətlərini qarşı-qarşıya qoya bilər. Millətlərin qarşıdurması isə siyasi hakimiyyətlərin arasındakı anlaşılmazlıqdan fərqli olaraq daha ağır nəticələrə gətirib çıxarar.
Prosesləri dəyərləndirən politoloq Fikrət Sadıqov deyib ki, Gümrüdə baş verən cinayətdən sonra Ermənistanda vüsət alan kütləvi aksiyalar erməni cəmiyyətinin öz hakimiyyətlərinə və ruslara qarşı olan nifrətinin göstəricisidir: "Camaatı küçələrə tökən bu nifrətdir. Ermənilərin əksəriyyəti Gümrüdəki rus bazasından narahat olurlar. Bu narahatlıq təkcə rus əsgərinin erməni ailəsini qətlə yetirməsindən qaynaqlanmır. Ümumiyyətlə, rus bazasının Gümrüdə yerləşməsi birmənalı şəkildə ölkənin daxili siyasi və ictimai həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunur”.
Məişət səviyyəsində xalqlar arasında baş verən cinayətlər rus-erməni cəmiyyətlərinin bir-birinə olan nifrətini daha da artıracaq: "Əlbəttə, Moskva əlindən gələni edir ki, gərginliyi müəyyən dərəcədə yumşaltsın. Amma bu, çox çətin və mürəkkəb məsələdir. Rusiya cənubi Qafqazda, xüsusilə Ermənistandakı siyasətini müəyyən dərəcədə dəyişməlidir. Çünki Ermənistanda yeni nəslin nümayəndələri yaşayırlar və onlar keçmişin adamlarına bənzəmirlər. Erməni gəncliyin əksəriyyəti qərbyönlü düşüncə ilə yaşayır. Artıq erməni ictimaiyyəti yaxşı başa düşür ki, Gümrüdəki rus hərbi bazası onları müdafiə etmək üçün deyil. Baza Türkiyə və Azərbaycana qarşı yönələn bir obyektdir. Hesab edirəm ki, Ermənistanla Rusiya arasındakı soyuqluq bundan sonra da davam edəcək”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Gümrü şəhərində baş verən hadisənin siyasi məsələ olduğunu və Ermənistan hökuməti tərəfindən təşkil olunduğunu deyib: "Ermənistan Rusiyanın Dağlıq Qarabağla bağlı tələblərinin icrasını dayandırmaqdan ötrü bu addımı atıb. Rəsmi İrəvanın məqsədi Qərbə doğru meyillənmək və Rusiyanı şantaj etməkdir”. M.Əhmədoğlu bildirib ki, Ermənistan Rusiyanı "qorxudaraq” Gümrüdəki hərbi bazanı bağlamağı planlaşdırır: "Gümrüdə hadisə olur və dərhal sonra NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay reaksiya verir. Bu, təsadüfi deyil. Xatırlayırsızsa, ötən ilin sonunda Ermənistanın müdafiə naziri Seyran Ohanyan Brüsselin Mons şəhərində NATO-nun baş katibinin siyasi məsələlər üzrə müavini Aleksandr Verşboun ilə görüşdü və gizli danışıqlar apardı. Fikrimcə, Gümrüdəki olay Rusiyaya qarşı qurulmuş siyasi şantajdır. Rəsmi Moskva da bunu anlayır. Bu xəmir hələ çox su aparacaq və Rusiya-Ermənistan münasibətləri getdikcə daha da gərginləşəcək. Əgər Serj Sarkisyan istefa verərsə, o zaman Ermənistandakı vəziyyət normallaşa bilər. Nə qədər ki, Sarkisyan hakimiyyətdədi, Qərbin şantajları da davam edəcək”.
İsmayıl