Rusiya Ermənistana hərbi texnika yığır, adını da “təlim” qoyur

Moskva cırtdan bir ölkəni silahla yükləməklə, regionda müharibə riskini artırır



Rusiya və Ermənistan birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında saziş imzalayıb. Bu saziş Ermənistana raket sisteminin geniş imkanlarından yararlanmaq şansı verəcək. Ona görə də Rusiyanın Ermənistanla bu anlaşması Azərbaycanın əleyhinə yönəldilmiş addım kimi dəyərləndirilir. Bildirilir ki, bu razılaşma Dağlıq Qarabağda mümkün hərbi əməliyyatlar zamanı Ermənistana dəstəyi nəzərdə tutur.

Rəsmi Moskva isə sazişin Azərbaycanın əleyhinə olmadığını bildirib. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, həmin sazişdə Dağlıq Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur”. Xatırladaq ki, son aylar Rusiya işğalçı Ermənistana göndərdiyi silah-sursatın miqdarını artırıb. Məsələni şərh edən politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Rusiya tərəfindən tamamilə hərbiləşdirilmiş bir ölkədir: "Düzdür, ora yığılan silahların böyük bir hissəsi rus bazalarına cəmlənir. Rusiya Ermənistana hərbi vertolyotlar, "Miq-31”-lər yığır. Bunu da KTMT-nin hərbi akademiyasının açılışı bəhanəsiylə həyata keçirirlər. Yəni Moskva düşmən ölkəyə hərbi texnikanı yığır və adını da "təlim” qoyur”. Ekspert bildirib ki, hava hücumundan müdafiə sisteminin qurulması ilə bağlı Ermənistanla əvvəlcədən razılaşma olub: "Müəyyən səbəblərdən belə qərara alınıb ki, KTMT-nin hava hücumundan müdafiə qurğuları ilk olaraq Ermənistanda qurulsun. Bu məqsədlə "S-300” raketlərinin arxasınca "S-400” raketləri düşmən ölkəyə göndərilib. Yaxın gələcəkdə kosmik silahların da göndərilməsi nəzərdə tutulur. Rusiya qərarını Ermənistan sərhədlərinin müdafiəsi üçün atdığını iddia edir. Ancaq əslində bu silahlanma Rusiyanın təşəbbüsü ilə qurulan təşkilat üzvünü müdafiə etmək üçün deyil. Çünki həmin qurğular müdafiə yox, birbaşa hücum xarakterli silahlardır. "Favorit” raketləri hücum silahlarından sayılır. Məncə, Rusiya bu addımı ilə ciddi səhvə yol verir. Cırtdan bir ölkəni silahla yükləməklə, regionda müharibə riskini artırır. Rusiya heç bir halda sübut edə bilməz ki, Ermənistanın silahlandırılması hansısa təhlükədən ötrüdür. Bu silahlar lazım gələndə Türkiyəyə, Gürcüstana və İrana qarşı da istifadə oluna bilər”.

İsmayıl