Proseslər sonda Putin hakimiyyətinin devrilməsinə gətirib çıxara bilər
Beynəlxalq aləmin Rusiyaya sanksiyaları genişləndikcə, Putinin devrilməsi ilə bağlı ehtimallar artır. Artıq rəsmi dairələrin də həyəcanlı bəyanatlar səsləndirməsi Rusiyada doğrudan da vəziyyətin gərgin olduğunu göstərir.
Belə ki, Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, Qərb ölkələri Ukraynanın cənub-şərqindəki münaqişədən istifadə edərək Rusiyanın iqtisadi maraqlarını boğmaq və ölkə prezidenti Vladimir Putinin devrilməsinə nail olmaq istəyir.
Qərbin heç vaxt Rusiyadan əl çəkməyəcəyini əminliklə vurğulayan Peskov deyib ki, burada söhbət heç də Krım və Ukraynadan da getmir. Əgər Krım olmasaydı belə, onlar başqa səbəb tapacaqlar.
"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadənin sözlərinə görə, Putinin imperialist siyasətinə qarşı Rusiya daxilində narazılıq edən qüvvələr formalaşıb. Xüsusən, liberal qüvvələr Putinin uğursuz siyasətini qətiyyətlə rədd edirlər: "Getdikcə hakimiyyət daxilində Putindən narazılıq daha da artacaq. Əlbəttə, bunun müqavimət dərəcəsinə çatıb-çatmayacağını indidən demək çətindir. Amma Putin devrilə bilər, hətta iddia olunur ki, ona qarşı sui-qəsd də ola bilər. Rusiyada indiki şəraitdə istənilən hadisənin baş verməsi mümkündür. Çünki Rusiyanın Ukrayna geosiyasəti xalis avantüra idi. Moskvanın populist siyasəti Rusiyanın sadə kütləsi arasında narazılıqla qarşılanır. Putinin niyyəti o idi ki, Krımdan sonra Dnestryanı bölgəni və digər regionları Rusiyaya birləşdirməli, NATO-nu arxası üstdə qoysun. Lakin bu baş tutmadı”. Politoloq deyib ki, Ukrayna ilə Rusiyanın qarşıdurması bütün demokratik dünya ilə Moskvanı üz-üzə qoyub. Səbəb isə Putindir: "Nəticə etibarı ilə Rusiya bu mübarizəni uduzacaq. Rusiyanın mübarizəni uduzması öz növbəsində bu ölkədə hakimiyyət dəyişikliyinə, Putin iqtidarının siyasi səhnədən getməsinə gətirib çıxaracaq. Bu isə bütün regiona çox böyük müsbət təsir edə bilər. Qarabağ məsələsi Rus imperiyasının siyasəti nəticəsində həll oluna bilmir. Tərəflər sülhə doğru addım atan kimi Ermənistan cəzalandırılır. Ona görə də biz Qərbin qələbəsində maraqlıyıq. Rusiyanın qələbəsi Sovet imperiyasının bərpası deməkdir. Bütün yeni demokratik dövlətlərdə Polşa, Macarıstan, Baltik respublikalarında, MDB dövlətlərində ruslar yaşayır. Rusiyanın rusları qorumaqla bağlı yeni doktrinası faşist ideologiyasıdır. Necə ki, Hitler bütün dünyada yəhudilərin məhv edilməsini elan edirdi. İndi Putin də elan edib ki, hansı ölkədə ruslara qarşı hərəkət olarsa, dərhal ora əsgər göndərəcək. Bu, çürük ideologiyadır”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, hazırda Putin dilemma qarşısındadır: "Bunu da Qərb ölkələri yaxşı görür. Onlar da vəziyyətdən istifadə edib, sanksiyalarını daha da gücləndirirlər. Sanksiyaların Rusiya hakimiyyətinə təsir etdiyini Qərb dünyası anlayıb. Moskvanın üstünə gedir. Rusiyanın vəziyyəti ağırlaşa bilər”.
Putinin devriləcəyi haqda iddialara gəlincə, politoloq bunun mümkün olmadığını deyib: "Şişirdilmiş fikirdir. Hazırkı lider hakimiyyətdəki bütün istiqamətlərə nəzarət edir. Lazım gəlsə, o, oliqarxları susdura bilər. Buna da gedə bilər. Amma o, imkanlıların narazılığını nəzərə almalıdır. Rusiya büdcəsi onların hesabına doldurulur. Narazılıqlar qulaqardına deyil, diqqətə alınmalıdır. Bu olmayacaqsa, oliqarxlar alternativ variantlar barədə düşünməli olacaqlar”. Putinin ölkəsini tələyə saldığını deyən politoloq bəyan edib ki, Kreml sahibi bu tələdən çıxmağın yolları barədə düşünməlidir: "Avropa ölkələri və Amerika ilə münaqişə Rusiyaya müsbət heç nə vəd etmir. Avropa Birliyi ilə əməkdaşlıq etmədən Kreml yaşaya bilməz. Şimal qonşumuz qazının əsas hissəsini Avropa bazarına ixrac edir. Avropa bazarı alternativ imkanları həyata keçirsə, Rusiya qazını da sata bilməyəcək. Valyutasız qalacaq. Bütün yollar Kremlə aparır. Putin müsbət sonluq istəyirsə, mülayimləşməlidir. Amma hələ ki buna getmir”.
Şəymən