Kislovodsk və Jeleznovodsk kurort şəhərlərində birgə layihə hazırlanır
"Bu layihə iqtisadi baxımdan çox siyasi əhəmiyyət daşıyır"
"Rusiya və Azərbaycan Şimali Qafqaz regionunda SPA kompleksin tikintisi üzrə yeni birgə layihənin reallaşdırılması üzərində işləyirlər".
Bu sözləri Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. O qeyd edib ki, hazırda Kislovodsk və Jeleznovodsk kurort şəhərlərində birgə layihə hazırlanır:
"Jeleznovodskda layihə fəal hazırlıq mərhələsinə keçib. İnşaat işləri üçün ərazi müəyyən edilib, 400 yerlik sanatoriyanın tikintisi ilə bağlı sənədlər hazırlanır. Obyektin 2020-ci ildə təhvil veriləcəyi müəyyənləşdirilib. Bununla yanaşı, Rusiya tərəfi ərazi təqdim edib ki, bu da ikitərəfli tərəfdaşlıq şəraitində biznesi inkişaf etdirməyə imkan verə bilər".
O.Ruhullayeva bildirib ki, Azərbaycan investoru, öz növbəsində, "İstoçnik" sanatoriyası" investisiya layihəsinin reallaşdırılmasına hazır olduğunu ifadə edib. Onun sözlərinə görə, müasir sanatoriya-kurort kompleksinin yaradılması üzrə daha bir layihəni Azərbaycan tərəfinin təşəbbüsü ilə Kislovodskda həyata keçirmək planlaşdırılır: "2017-ci ilin aprelində Azərbaycan tərəfi ilə dövlət mülkiyyətində olan "Akademiçeski" sanatoriyasının yenidən qurulması haqqında niyyət sazişi imzalayıb. Obyekt "Kislovodski" milli parkından piyada 2 dəqiqəlik məsafədə 4,9 hektar sahədə yerləşir. Stavropol diyarı hökuməti tərəfindən investora bu layihənin reallaşdırılması üçün vergi güzəştləri təqdim etmək planlaşdırılır".
İqtisadçı Fuad İbrahimov sözügedən layihəni "Şərq"ə dəyərləndirərkən qeyd edib ki, bu cür layihələrdə hər bir dövlətin iqtisadi nöqteyi-nəzərdən statusu var. Onun sözlərinə görə, bu gün Azərbaycanın belə layihələrdə iştirakı ilk növbədə ölkəmizin investor kimi tanınmasına xidmət edəcək.
"Bilirik ki, Azərbaycanın Ukraynada həyata keçirdiyi layihələri var. Rusiyada, Qırğızıstanda, Qazaxıstanda, Moldovada, Gürcüstanda Azərbaycan investor kimi çıxış edir. Bundan başqa, Şərqi Avropada, Rumıniya, Bolqariya, Monteneqro kimi ölkələrə də biz investisiya yatırmışıq. Ancaq Rusiya məsələsində nəzərə almaq lazımdır ki, bu iqtisadi baxımdan Azərbaycan üçün elə də əlverişli deyil. Amma siyasi cəhətdən əlbəttə ki, çox əlverişlidir. Ən azından ona görə ki, 3 milyona yaxın vətəndaşımız Rusiyada yaşayır.
Mən bu məsələyə ancaq siyasi müstəvidə cavab verirəm. Azərbaycanın Rusiyada belə layihələrdə iştirakı xoş qonşuluq niyyəti güdür. Bunun müsbət halı ancaq budur. İqtisadi tərəfdən düşünmürəm ki, bu layihədə iştirak etməklə Azərbaycan külli miqdarda vəsait əldə edə bilsin".
İlahə