Rusiyada azərbaycanlı oğurlandı, o da qaçdı

Ekspertlər bu ölkənin getdikcə daha da kriminallaşacağını deyirlər



Moskva vilayətində 43 yaşlı azərbaycanlı oğurlanıb. Naməlum şəxslər həmyerlimizin əl-qolunu bağlayaraq maşına mindiriblər. Yolda onu maşından düşürdüb, başqa bir maşına mindirərək Klin şəhərinə aparıblar.

Azərbaycanlının ailəsindən pul almaq məqsədi ilə qaçırıldığı məlum olub. Belə ki, 20 il bundan qabaq da həmin azərbaycanlı bir qrup şəxs tərəfindən oğurlanıb. O zaman onun qardaşı (imkanlı iş adamı) həmin şəxslərə pul verərək qardaşını azad edib.

Bu dəfə isə cinayətkarlar 3 milyon dollar tələb ediblər. Lakin onların planı baş tutmayıb. 43 yaşlı azərbaycanlı saxlanıldığı yerdən qaça bilib. Belə ki, fevralın 4-də cinayətkarlardan biri həmyerlimizin əlindəki qandalı istilik sistemi elementinə bağlamağı unudub. Bundan istifadə edən azərbaycanlı pəncərədən qaçaraq yaxınlıqdakı polisə xəbər verib. Hadisə yerinə gələn polis əməkdaşları iki nəfəri saxlayıblar. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində

azərbaycanlını qaçırmaqda şübhəli bilinən üçüncü şəxs də yaxalanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, son zamanlar Rusiyada kriminal hadisələr geniş vüsət alıb. Ekspertlər isə bunu müxtəlif səbəblərlə əlaqələndirirlər.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə hesab edir ki, Rusiyada cinayətkarlıq artıq cəmiyyətin gündəlik yaşamına çevrilib. Orda kriminal aləm o dərəcədə kök salıb ki, Rusiya hüquq-mühafizə orqanları istəsələr də, bunun kökünü kəsə bilməzlər:

"Əslində, Rusiyada kriminal hadisələr hər zaman aktual olub. Tarixən də Rusiyada adam oğurluğu, qətl, basqın kimi cinayətlər çox olub. Özbaşınalıq, ictimai təhlükəsizlik kimi hallar həmişə olub və buna heç vaxt son qoyulmayıb. Ölkədə ciddi iqtisadi krizis səbəbindən son dövrlər də dövlət rəhbərliyinin və hüquq-mühafizə sisteminin başı daha böyük işlərə qarışıb. Dövlətin nəzarəti azaldığı üçün də kriminal aləmin nümayəndələri aktivləşib”.

Rusiyada kriminallaşmanın nə qədər davam edəcəyinə gəldikdə isə İ.Altay deyib ki, bu, Rusiyadakı iqtisadi-sosial durumun sonrakı inkişafından asılı olacaq: "Bildiyiniz kimi, Rusiyaya qarşı qərbin sanksiyaları hələ də davam edir. Rublun dəyərdən düşməsi beynəlxalq krizislə üst-üstə düşdüyü üçün Kreml ölkədaxili nəzarəti əlində saxlaya bilmir. Əgər Rusiya qərblə mübarizədən qalib çıxarsa, daxildə asayişin qorunmasında da daha diqqətli olar. Rusiyada güc diktaturası olmasa, rus cəmiyyətini nəzarətdə saxlamaq mümkünsüzdür. Çünki onlar elə bir mühitdə formalaşıb ki, sivil yollarla təsir etmək olmur. Daxildəki xaoslara son vermək üçün ilk növbədə dövlətin özü güclü olmalıdır. Hazırkı dönəmdə Rusiya dövləti iqtisadi tənəzzüllə qarşı-qarşıya olduğu üçün öz gücünü itirmək təhlükəsi var. Bu səbəbdən də indiki halda cinayətkar aləmin idarə olunan səviyyədə saxlanmasına hakimiyyət birbaşa nəzarət edə bilmir”.

Şəymən