Rusiyada ciddi iqtisadi təlatümlər baş qaldırır

Vəfa Quluzadə: “Sanksiyaların nəticələri çox ağır olacaq. Sanksiyalar həm Putin hakimiyyətini laxladacaq, həm də Rusiya iqtisadiyyatına ciddi təsir edəcək”
Natiq Cəfərli: “Putin vətənpərvər ritorikasının və güc siyasətinin girovuna çevrilib”



Ukraynaya hərbi təcavüz etdiyi üçün Qərbin iqtisadi sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi durum getdikcə pisləşir. Rublun sürətlə dəyərdən düşməsi və investisiyaların yoxluğu ölkə iqtidasiyyatını daha acınacaqlı vəziyyətə salır. Artıq Rusiya rəsmiləri də iqtisadi geriləməni gizlətmirlər və açıq şəkildə etiraf edirlər.

Ötən gün Kreml sözçüsü Sergey Qlazyev pul ixracının ölkədə olan pul vəsaitlərinin dövriyyəsini təhdid altına aldığını deyib. Qlazyez borcların geri ödənilməsi və iqtisadiyyatın sabit saxlanılması məqsədi ilə Rusiyanın 240 milyard dollar nağd çıxış reallaşdıracağını bildirib. Bu, təxminən 5 trilyon rubl edir. Borcların ödənilməsi ilə əlaqədar olan bu rəqəm gələn ilin sonuna kimi 130 milyard dollar olacaq. Yerli iqtisadiyyatın qismən sabit saxlanılması üçün itkilər 1 trilyonu ötəcək. Ümumilikdə itkilərin 11 trilyon rubl olduğu təxmin edilir. Bu baxımdan ölkədən xarici qaynaqların çıxarılması çox təhlükəlidir. Qlazyev hökuməti və Mərkəzi Bankı tənqid edərək, nağd çıxışının dayandırılması üzrə onların fəaliyyətinin nəticə vermədiyini bəyan edib.

"Ölkə iqtisadiyyatı məhv olmaq təhlükəsi ilə üzləşib”

Rusiyanın iqtisadi çöküşünü şərh edən siyasi icmalçı Vəfa Quluzadə deyib ki, Rusiya uzun müddətdir yürütdüyü təhlükəli siyasətin acı nəticələrini yaşayır.

Politoloqun sözlərinə görə, Kremlin apardığı uğursuz siyasət Rusiya iqtisadiyyatını defolt vəziyyətinə salıb: "Bu gün Rusiyanın beynəlxalq aləmə çıxışı yox səviyyəsindədir. Bu ölkəyə məhsul idxal edən sahibkarlar müflis olmaq təhlükəsi ilə üz-üzə dayanıb. Bu isə heç şübhəsiz, Rusiyaya dost olan ölkələrin və həmin ölkələrdə iş başında olan rejimlərin də maraqlarına uyğun deyil. Putin miqrantlara təzyiqlər, hədə-qorxu yolu ilə mümkün təhlükələri dəf etməyə çalışır. Bir müddət öncə "Gömrük İttifaqı” adı ilə dünyaya meydan oxumağa çalışan Kreml indi özünü qoruya bilmir. İnzibati yollarla rus rublunun enməsinin qarşısını almağa çalışsa da, buna nail olmur. Hesab edirəm, Rusiyanın görəcəyi günlər hələ qabaqdadır. Yəqin ki, proseslər bu şəkildə davam edərsə, Rusiya daxilində ciddi təlatümlər baş qaldıracaq. Reallıq ondan ibarətdir ki, Rusiya miqrantlar olmadan yaşaya bilməz. Amma ölkədəki mövcud şərait isə miqrantların bu ölkədə yaşamaq imkanlarını məhdudlaşdırır”.

"Ölünü diriltmək olmaz”

Vəfa Quluzadə hesab edir ki, Rusiya Putinin yürütdüyü siyasət nəticəsində çıxılmaz duruma düşüb: "Putin rus xalqına verdiyi vədi yerinə yetirə bilməyib. Buna baxmayaraq, Putin qoşunlarını da geri çəkə bilmir. Hazırda Kreml rəhbəri olduqca çıxılmaz durumdadır. Hətta Rusiyanın qərar qəbul etmək imkanı da məhduddur. Artan sanksiyalar Putin hakimiyyəti üçün sağalmaz yaralar vura bilər. Putinin Ukrayna məsələsində tutduğu mövqedən geri çəkilərək vəziyyətdən çıxa bilərdi. Amma bunu etmədi. ABŞ və Avropa Birliyi Rusiyaya əvvəlcə yüngül sanksiyalar, xəbərdarlıq etməklə bir mesaj verirdi. Putin siyasətinin dəyişməməsi Qərbi sərt addımlar atmağa vadar etdi. Əmin olun, bu sanksiyalar Rusiyaya baha başa gələcək”. Putinin SSRİ-ni bərpa etmək iddiasını da dəyərləndirən siyasi ekspert bildirib ki, Rusiya artıq ölü dövlətdir, ölünü isə diriltmək olmaz: "Sanksiyaların nəticələri çox ağır olacaq. Sanksiyalar həm Putin hakimiyyətini laxladacaq, həm də Rusiya iqtisadiyyatına ciddi təsir edəcək. Bundan qaçış yoxdur”.

"Rusiya iqtisadiyyatı primitiv resurslar üzərində qurulmuş, korrupsiyalaşmış bir modeldir”

İqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Rusiya siyasəti mərkəzləşmiş, yarıqapalı və anti-demokratik xarakter daşıyır. Ekspertin sözlərinə görə, Ukrayna böhranı olmasaydı belə, Rusiya iqtisadiyyatını ciddi tənəzzül gözləyirdi: "Qərblə qarşıdurma olmasaydı, böhranın səbəbkarı Putin iqtidarı olacaqdı. İndi isə, Kreml ideoloqları hər vasitə ilə yaranmış vəziyyətin bütün məsuliyyətini Qərbin, Avropa İttifaqının və ABŞ-ın düşmənçilik siyasətinin üzərinə atmağa çalışırlar. Hələ ki, bu təbliğat işləyir. Amma Rusiya cəmiyyəti artıq eyforiyadan çıxaraq, reallığı görməyə başlayıb. Bu isə yaxın vaxtda Putinin qurduğu oyunu pozacaq, xalq problemlərin kökünün məhz zay olan idarəetmə sistemində görməyə başlayacaq. Gərginliyin bilərəkdən artırılması, hələ ki, Kremlə dividend gətirir”.

Natiq Cəfərli qeyd edib ki, Putin vətənpərvər ritorikasının və güc siyasətinin girovuna çevrilib: "O, Ukraynada geri addım atsa, ətrafındakı vətənpərvər dəstə, onun özünə qarşı çıxmağa başlayacaq. Putinin bir sıra müttəfiqləri hələ də federasiyanın güclü olduğu qənaətindədir. Qərb-Rusiya qarşıdurması davam edəcək. Ancaq görünən odur ki, primitiv iqtisadiyyatı və idarəetmə sistemi təsəvvür edilməz dərəcədə zəif olan Rusiya bir neçə yöndə ciddi zəifləməyə başlayacaq. Bunu görən ən sadiq müttəfiqlər belə, artıq ciddi düşünməyə başlayıblar.

"Kremlin ideoloqları cəmiyyəti aldadır”

Son günlər Rusiya telekanalları təbliğat aparırlar ki, Rusiya-Çin və Rusiya-Türkiyə yaxınlaşması ölkəni xilas edəcək və Qərbi çökdürəcək. Yəni Rusiya ilə əlaqələrin "xətrinə” Çin Qərblə münasibətlərinə yenidən baxacaq. İqtisadçı Natiq Cəfərli deyib ki, Çinin Avropa Birliyi və ABŞ-la olan ümumi ticarət dövriyyəsi 1 trilyon 80 milyard dollar, Rusiya ilə isə cəmi 89 milyard dollardır. Çin trilyondan çox dövriyyəsi olan Qərb dövlətləri ilə münasibətlərini Rusiyaya görə korlaya bilməz. Başqa bir məsələ isə odur ki, ABŞ-ın dövlət borclarının 3 trilyon dolları Çinədir. Yəni Çin ABŞ-ın ən böyük iqtisadi tərəfdaşıdır və Çin iqtisadiyyatı Qərb dövlətlərindən çox asılıdır. İqtisadiyyatda rəqəmlər və hesablamalar yalan olanda, ölkələrə ciddi ziyan dəyir. SSRİ-nin taleyi buna ən parlaq misaldır”. Əksinə, N.Cəfərli düşünür ki, getdikcə Rusiyanın Avropa Birliyindən asılılığı artacaq: "Qərbin sanksiyaları ilə üzləşən Rusiya ciddi iqtisadi problemlər yaşamaqdadır. Rusiyadan qaz asılılığı olan Avropa ölkələri alternativ variantlar axtarışında müəyyən nailiyyət əldə ediblər. Böyük ehtimalla yaxın dövrlərdə Avropa Birliyi ölkələri Rusiyadan enerji asılılığını minimuma endirmək üçün səylərini artıracaqlar. Xarici mətbuatla yanaşı, yerli ekspertlər də yaxın müddətdə Rusiyanın Avropadan asılı olacağını deyirlər”.

"Sanksiyalar Rusiyanın hərbi-sənaye sektoruna da ciddi zərbə vurub”

Rusiyanın əsas gəlir sahələrindən biri də hərbi-sənaye kompleksidir. N.Cəfərli sanksiyaların bu sahəyə də ciddi zərər vurduğunu bildirib: "Silah-sursat istehsalında bəzi detalların xaricdən gətirilməsinin əngəllənməsi hərbi-sənaye sektoruna ziyan vurub. Yaranmış vəziyyət yüz minlərlə insanın işsiz qalmasına, sosial problemlərin artmasına, inflyasiyanın qalxmasına səbəb olub. Amma buna baxmayaraq, Rusiya demək olar ki, dünyanın yarısına savaş açıb”.

"Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana da təsir edir”

Azərbaycanın 2 milyona yaxın vətəndaşı Rusiyadadır. Ölkə əhalisinin ciddi bir kəsimi Rusiyadakı yaxınlarının göndərdiyi vəsait hesabına keçinir. Aydındır ki, Rusiyanın ciddi böhrana girməsi dolayısı ilə Azərbaycan vətəndaşlarının maddi təminatına da mənfi təsir göstərəcək. İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, ən qısa zamanda Azərbaycan vətəndaşları böhranı daha ciddi hiss etməyə başlayacaq: "Azərbaycanın həm neft, həm də digər məhsullarının ixracında və ya idxalında Rusiya birinci yerdədir. Belə sıx iqtisadi münasibətlər qurulan ölkənin böhrana düşməsi təbii ki, Azərbaycana da təsirsiz ötüşə bilməz. Əgər Rusiyada vətəndaşın alıcılıq qabiliyyəti düşürsə, bizim ixracımız üçün problem yaranır. Düzdür, Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsi Azərbaycan idxalçılarına müəyyən imkanlar yaratdı. Qərbdən idxalı dayandırılan məhsulların yerini Azərbaycan məhsulları tutdu. Ancaq alıcılıq qabiliyyətinin düşməsi rus bazarlarının önəmini xeyli dərəcədə azaltdı. İdxal məsələsində isə durum bir qədər fərqlidir. Azərbaycanın manatı dollara bağlıdır. Rublun ucuzlaşması Rusiya məhsullarının qiymətlərinin enməsinə gətirib çıxarır. İqtisadi məntiq onu deyir ki, indi Azərbaycan Rusiyadan məhsulları daha ucuz alır. Rusiyadakı böhranın ən ağır zərbəsi yaşayışı faktiki olaraq Rusiyadan təmin olunan insanlara dəyəcək. Təsəvvür edək ki, 3 ay öncə 100 min rubl qazanan vətəndaşımız pulunu dollara çevirdikdə 3000 dollar edirdi. İndi həmin məbləğ 2000 dollardır. Bu o deməkdir ki, insanlar gəlirlərinin 25-30 faizini itirib. Ən təhlükəli məqam isə odur ki, proses hələ də davam edir. Azərbaycanın xüsusən regionlarında əhalinin böyük bir hissəsi hətta gündəlik dolanışıq məsələsində Rusiyadan göndərilən pullardan asılı vəziyyətdədir. Yəni Rusiya iqtisadiyyatının çöküşü iqtisadi planda Azərbaycanın ziyanınadır”. Ekspertin fikrincə, bu durum siyasi müstəvidə Azərbaycanın maraqlarına cavab verə bilər. Ancaq bu, uzunmüddətli prosesdir. Yaxın dönəm üçün Azərbaycanın sosial-iqtisadi durumunu daha çox mənfi təsirlər gözləyir.

İsmayıl