"Rusiyada Dağlıq Qarabağ münaqişəsinə dair konkretlik yoxdur" - Qeyri-müəyyən vəziyyət

İlqar Vəlizadə:"Dağlıq Qarabağ münaqişəsi olduğu səviyyədə qalır. Ermənistanın destruktiv mövqeyinə lazımi qiymət verilmir. Növbəti dəfə ümidverici bəyanatlar müşahidə etmədik"
"Putinin mətbuat konfransında regionla bağlı ciddi yeniliklər olmadı”.
Bunu "Sherg.az”a Rusiya prezidenti Vladimir Putinin ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib. 
O, prezidentin region və Azərbaycanla bağlı mesajlarını diqqətə çatdırıb:
"Rusiyanın xarici siyasəti əslində 1 ilə dəyişilə bilməz, böyük gözləntilər yox idi ki, Putin konfransda bölgə ilə bağlı xüsusi açıqlamalar versin. Lakin demək lazımdır ki, son aylarda Rusiyanın Suriyada kifayət qədər böyük fəaliyyətləri var. İstər-istəməz bu regionla bağlı məsələlərə təsir edir.
Öz növbəsində Rusiya-Türkiyə münasibətlərinin inkişafı da müəyyən ümidlər verir ki, Azərbaycan-Rusiya münasibətləri də müsbət yöndə davam etsin. Rusiya-İran münasibətlər də yüksələn xətlə inkişaf edir. Burada üçtərəfli – Rusiya-İran-Azərbaycan formatı son il ərzində möhkəmlənib. Nəticə müəyyən pozitiv tendensiyalara gətirib çıxara bilər. 
Lakin bütün bunların fonunda Dağlıq Qarabağ münaqişəsi olduğu səviyyədə qalır. Ermənistanın destruktiv mövqeyinə lazımi qiymət verilmir. Növbəti dəfə biz burada ümidverici məqamlar, bəyanatlar müşahidə etmədik. Təəssüf ki, bu məsələdə Rusiyanın aktivləşməsi gözlənilə bilərsə də, konkretlik yoxdur. Bu da bizi qeyri-müəyyən vəziyyətə salır”.
Qeyd edək ki, dekabr ayının 14-ü paytaxt Moskvada keçirilən konfransda iştirak etmək üçün 1640 yerli və xarici jurnalist akkreditasiyadan keçib.
Mətbuat konfransının əsas mövzuları Suriyada müharibə, iqtisadiyyat, prezident seçkiləri kampaniyası olub.
Aysel Aslan