Rusiyada itkin düşən azərbaycanlı qız hələ tapılmayıb

“Biz də xəbər gözləyirik, daim əlaqədəyik, tapılmasına ümid edilir”




Rusiya vətəndaşı olan və Dolqoprudnı şəhərində yaşayan 17 yaşlı azərbaycanlı məktəbli Qumru Əhmədova doqquz gündür axtarılmağına baxmayaraq hələ də tapılmayıb.

Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı-direktoru İlqar Hacıyevin "Şərq”ə verdiyi məlumata görə, məktəbli qız itkin düşməsindən 24 saat sonra hüquq- mühafizə orqanlarına müraciət edilib: "Qızın ailəsi ilə yox, qohumları əlaqə saxlaya bildik. Çünki polislər tərəfindən araşdırmalar aparılması ilə əlaqədar ailəsi əlavə məlumat vermir. Yəqin onlara da əlavə informasiya verməmək tapşırılıb. Hətta qonşu dövlətin aidiyyəti dövlət qurumları hələki açıqlama verməyiblər. Biz də xəbər gözləyirik, daim əlaqədəyik. Tapılmasına ümid edilir”.

Qeyd edək ki, 11-ci sinif şagirdi olan Qumru Əhmədova sonuncu dəfə sinif yoldaşları ilə birlikdə dərs ilinin birinci rübün başa çatmasını qeyd etmək münasibəti ilə təşkil olunan məclisdə görünüb. Sonradan rəfiqəsi ilə oranı tərk ediblər. Daha sonra atası ona zəng edərək təcili evə gəlməsini bildirib. 15 dəqiqə sonra isə qızın telefonuna zəng çatmayıb.

Vüqar Şahinoğlu