Rusiyada “KQB” geri qayıdır

Sülhəddin Əkbər: “Ölkəyə qarşı xarici təhdidlər Putinin qorxusunu artırır”



Rusiyada Federal Təhlükəsizlik Xidmətinin bazasında Dövlət Təhlükəsizliyi Nazirliyinin yaradılması nəzərdə tutulur. Bu barədə "Kommersant” qəzeti yazıb.

Məlumatda bildirilib ki, nazirlik Xarici Kəşfiyyat Xidməti və Federal Mühafizə Xidmətini də özünə cəm edəcək. Həmçinin, vurğulanıb ki, yeni qurumun əməkdaşları Daxili İşlər Nazirliyi tərəfindən başlanılmış işlərin prosessual nəzarətini həyata keçirəcək. Eləcə də bütün hüquq-mühafizə və güc strukturlarında təhlükəsizliyin təminatı ilə məşğul olacaq. Rusiyalı ekspertlər hesab edirlər ki, söhbət faktiki olaraq keçmiş "KQB”-nin yenidən qaytarılmasından gedir.

Qərarla bağlı "Şərq”ə danışan keçmiş MTN nazirinin müavini, politoloq Sülhəddin Əkbər deyib ki, atılan addımlar Rusiya Prezidenti Vladimr Putinin nəzarəti öz əlində daha sıx birləşdirməsinə xidmət edir: "Rusiyanın daxili vəziyyəti, sosial-iqtisadi durumu pisləşir. Xüsusən, ölkəyə qarşı xarici təhdidlər artmaqdadır. Bütün bunlar Putinin qorxusunu artırır. Qorxuların artması nəticəsində Rusiya rəhbərində öz ətrafına və mövcud hakimiyyətə qarşı inamsızlıq yaranır. Ona görə də hökumət qurumlarını öz əlində cəmləməyə və prosesləri vahid mərkəzdən idarə etməyə çalışır. Təbii ki, bu qərarın müsbət nəticə verəcəyini düşünmürəm. Əksinə, yeni qurumun yaradılması Rusiyada anti-demokratik və repressiv rejimin güclənməsinə gətirib çıxaracaq. Ölkə daxilində narazılıq daha da artacaq”.

İsmayıl