Rusiyadan növbəti təxribat...

XİN dəqiq araşdırmadan sonra bu barədə ictimaiyyətə açıqlama veriləcək

 



Rusiyanın Dövlət Avtomobil Müfəttişliyi İdarəsi Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsində doğulan Petrosyan Arşak Valeriviç adlı şəxsə sürücülük vəsiqəsi verib.

Məlumata görə, Moskvada verilən sürücülük vəsiqəsində 1985-ci il təvəllüdlü Arşak Petrosyan Valeriviçin doğulduğu yer "Dağlıq Qarabağ Respublikası” kimi göstərilib. Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinin mövqeyini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Şərq”ə dedi ki, məsələdə bəzi məqamlar olduğu üçün proses daha dərindən araşdırılmalıdır. İki-üç günlük dəqiq araşdırmadan sonra bu barədə ictimaiyyətə açıqlama veriləcək.

Politoloq Sülhəddin Əkbər isə bildirdi ki, bütün bu addımların hamısı Rusiyanın Azərbaycana təzyiqi kimi başa düşülməlidir: "Kreml Azərbaycana xəbərdarlıq edir, yəni göstərir ki, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə həyata keçirdiyi təxribatı eynilə Dağlıq Qarabağda da edə bilər. Bunun başqa adı yoxdur. Heç kimə sirr deyil ki, bu konfliktlərin arxasında birbaşa Moskva dayanır. Dağlıq Qarabağ münaqişəsi də Azərbaycana ciddi, əsaslı təsir vasitəsidir. Rusiya nə vaxt Azərbaycanla problem yaşasa, dərhal bu konfliktdən istifadə edir. Bax, görürsüz, Kreml ermənilərə saxta, qanunsuz sənədlər verir və bunu gizlətmək ehtiyacı duymur. Bunlar ilk baxışda kiçik məsələlər olsa da, arxasında ciddi məqamlar dayanır. Rusiya Avrasiya birliyinə daxil olmaq üçün, eyni zamanda bölgədəki enerji layihələrində iştirakla bağlı Azərbaycana təsir göstərir. Onu da vurğulayım ki, bu yaxınlarda ABŞ-da Azərbaycan- Ermənistan prezidentlərinin görüşü gözlənilirdi. Amma son məlumatlara görə, Rusiya hər vəchlə çalışaraq bu təşəbbüsü pozmağa nail olub”.

İsmayıl