Saakaşvili həbs olundu, sonra tərəfdarları qurtardı

Kiyevdə baş verənlər Ukraynada ciddi proseslərə işarədir








Ukrayna hüquq-mühafizə orqanları əməkdaşları Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qarşı ciddi ittihamlar irəli sürüb. Saakaşvili "dövlət çevrilişinə cəhd”də, həmçinin, "cinayətkar dəstə iştirakçılarına yardım etməkdə və onların əməllərini gizlətməkdə” günahlandırılır. İttiham olunduğu maddələr üzrə siyasətçini 5 ilə kimi həbs cəzası gözləyir. Məlumat üçün deyək ki, Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun əməkdaşları Saakaşvilinin yaşadığı evdə axtarış aparmağa gəliblər. Buna etiraz edən Saakaşvili evin damına çıxıb və hüquq-mühafizə orqanlarını intiharla hədələyib. Lakin eks-qubernatorun həmləsi fayda verməyib. Hüquq-mühafizə orqanları bir qrup etirazçının müqavimətinə baxmayaraq, Saakaşvilini yaşadığı mənzildən çıxararaq avtomobillə hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.

Lakin sonradan onun tərəfdarları avtomobilin qarşısını kəsərək irəliləməsinə mane olub. Polislərin əlindən alınan Saakaşvili tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə çıxış edib. O, tərəfdarlarını hüquq-mühafizə orqanlarından çəkinməməyə çağırıb. Artıq bir sıra yerlərdə eks-qubernatorun tərəfdarlarının etirazı başlanılıb. Qarşıdurma zamanı etirazçılara atəş açıldığı deyilir.

Saakaşvili xalqı inqilaba çağırdı:"Ukraynanı Əhmədovdan azad etməliyik”

Saakaşvili öz tərəfdarlarını küçələrə çıxmağa və prezident Pyotr Poroşenko ilə onun ətrafına qarşı çıxış etməyə çağırıb.
Saakaşvili Kiyev sakinlərindən Ukrayanın Poroşenkodan xilas edilməsi üçün Meydana çıxmağı xahiş edib.
"Mən bütün Kiyev sakinlərini küçələrə çıxmağa, Ukraynanı Poroşenko və onun dəstəsi - Medvedçuk, Əhmədov və başqa oliqarxlardan xilas etmək üçün Meydana çıxmağa çağırıram. Heç nədən qorxmayın, onlar bizdən qorxmağa məcburdur. Biz qaçmamalıyıq, onlar qaçmalıdır”.
Saakaşvili həmçinin oliqarx Sergey Kurçenko ilə əlaqələri təkzib edib.

Saakaşvili Yanukoviçin pulları hesabına mitinqlər təşkil edib

"Yeni qüvvələr hərəkatı”nın lideri, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hakimiyyəti ələ keçirmək məqsədilə Ukraynanın sabiq prezidentinin pullarından mitinqlərin təşkili üçün istifadə edib.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lusenko çərşənbə axşamı günü keçirdiyi brifinqdə deyib.
"Biz bir sıra siyasətçilərin, ilk növbədə, Saakaşvilinin Yanukoviçin cinayətkar qruplaşması ilə əməkdaşlığını üzə çıxarmışıq. Saakaşvili və onun yaxın ətrafı onların pulları hesabına məqsədi Ukraynada hakimiyyəti ələ keçirmək olan etiraz aksiyalarını maliyyələşdiriblər”, - deyə baş prokuror bildirib. Onun sözlərinə görə, o cümlədən 500 min dollar Saakaşvilinin vəkil etdiyi şəxsə - Severion Danqadzeyə verilib.

Avakov: "Ukrayna hökumətinə tabe olmalısan!”

Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb. APA-nın məlumatına görə, bu barədə o, özünün "Twitter” səhifəsində yazıb. A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: "Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.
Saakaşvili ətrafında yaranmış gərginliyi "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Ukraynada baş verən hadisələr Rusiyanın bu ölkəni tam nəzarət altına keçirmək istəməsinin nəticəsidir. Ekspertin fikrincə, Ukraynanın şərqi ərazilərinin rus qoşunları tərəfindən işğalı Poroşenkonu Qərbə doğru tam istiqamətlənməkdən və Rusiyadan qopmaq planlarından çəkindirir: "Poroşenko çox gözəl anlayır ki, onun bu prosesi davam etdirməyə siyasi gücü və bacarığı yetməyəcək. Ukraynanın Qərbə tam inteqrasiyasını istəyən qüvvələr də bunu anlamamış deyillər. O səbəbdən Rusiyadan tam qopma planını reallaşdırmaq üçün daha radikal siyasətçi Mixail Saakaşvili meydana girdi. Odessa qubernatoru olduğu zamanlarda bu planı ardıcıl və radikal şəkildə davam etdirməsi ruspərəst korrupsioner oliqarxiya tərəfindən böyük müqavimətlə üzləşdi. Lakin Saakaşvilini Ukrayna siyasətindən kənarlaşdıra bilmədilər. Hadisələrin təfərrüatına varmaq istəmirəm. Prosesləri izləyən siyasi kəsim xronologiyanı yaxşı bilir”.

Politoloqa görə, Saakaşvilinin həbsi və daha sonra nümayişçilər tərəfindən azad olunması Ukraynada ciddi proseslərin getdiyinə işarədir: "Məlumdur ki, Saakaşvili tərəfdarları daha radikal hərəkətlərlə Rusiyadan qopmağı təklif edirlər. Onsuz da hər kəsə aydındır ki, Rusiya güclü olduğu müddətcə işğal etdiyi torpaqları azad etməyəcək. Ona görə də mümkün qədər tez və sürətli şəkildə Qərbə inteqrasiyanı düşünürlər. Hesab edirəm ki, bu, daha düzgün qərardır. Rusiya ilə heç bir dövlətin gələcəyi yoxdur. Qarşıdakı günlərdə Ukrayna paytaxtında gərgin günlər yaşanacaq. Böyük ehtimalla Ukraynada növbəti hakimiyyət dəyişikliyi qaçılmazdır”.

İsmayıl