Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağdakı separatçı rejim gedəcək
Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir. Çünki baş nazir Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Ölkədə daxili siyasi və iqtisadi proseslərin gedişatı ilə bağlı bütün məsuliyyət indiki hökumətin üzərinə düşür. Bu baxımdan Ermənistanda keçiriləcək seçkilər mühüm hadisə kimi yadda qalacaq. "Qarabağ klanı” öz səlahiyyətlərini və rəhbər vəzifələri Ermənistan təmsilçilərinə təhvil vermiş olacaq. Əlbəttə ki, bu, Ermənistanın siyasətində yeni mərhələ deməkdir. Reallıq odur ki, ölkə iqtisadiyyatında xeyli həll olunmamış məsələ var. İndiki iqtidar ölkədaxili problemlərlə bağlı normal təklif irəli sürməyib, sürənə də oxşamır.
Paşinyan və onun komandası ancaq siyasi ritorika ilə məşğuldur. Ermənistan cəmiyyəti may-aprel eyforiyasından çıxa bilmir. Əksər ekspertlər düşünür ki, Paşinyanın qondarma rejimin rəhbərlərinə təsiri sıfra bərabərdir. Nikol bu təsiri asanlıqla bərpa edə bilməyəcək. Çünki qondarma rejim daha çox "Qarabağ klanı”na bağlıdır.
Düşmən ölkədəki siyasi və iqtisadi gərginliyi şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağdakı separatçı rejim gedəcək. Analitik separatçı rejimlə Nikol Paşinyanın başçılıq etdiyi hökumət arasında ciddi fikir ayrılığının olduğunu bildirib: "Son vaxtlarda Paşinyan Qarabağdakı rejimin əleyhinə sərt çıxışlar edir. Hesab edirəm ki, Paşinyan bununla Bako Saakyanın rəhbərlik etdiyi qondarma rejimi devirmək niyyətini ortaya qoyur. Təsadüfi deyil ki, erməni baş nazir son çıxışlarından birində Qarabağdakı rejimin Ermənistan rəhbərliyi əleyhinə bəyanatlar verdiyini və bu məsələni seçkilərdən sonra Xankəndinə gələrək, Bako Saakyanla müzakirə edəcəyini dedi.
"Qarabağ klanı”nı siyasi səhnədən tamamilə sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoymuş Paşinyan Qarabağ separatçıları haqda da sərt qərarlar qəbul edəcək. Çünki Paşinyan Rusiyanın Saakyan vasitəsi ilə Ermənistan əleyhinə plan qurmasından narahatdır.
Buna görə də, Saakyanın Moskvaya səfərini təsadüfi hesab etmir və bundan narahat olduğu göz qabağındadır. Bu baxımdan düşünürəm ki, Bako Saakyanın rəhbərlik etdiyi rejim Paşinyanın maraqlarına uyğun deyil”. Siyasi şərhçi bildirib ki, Saakyanı devirməyi planlayan Paşinyanın əsas məqsədi Qarabağdakı rejimin başına öz adamını qoymaqdır: "Hesab edirəm ki, Saakyan yola salındıqdan sonra Azərbaycanın Paşinyanla substantiv danışıqlara getməsi mümkün ola bilər. Bakı Paşinyana bir neçə ay müddətində şans verib ki, prosesləri öz xeyrinə dəyişsin və danışıqlar masasına otursun”.
İsmayıl