Sabiq rəis sensasiyalı açıqlama verdi

“Bu söz-söhbətə görə ailəm dağılır”
"Mən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən 5 il bundan əvvəl azad olunmuşam, sonra ora getməmişəm”.
Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Müzəffər Məmmədov deyib.
M. Məmmədov bildirib ki, müəssisəyə hər kəsin daxil olması qeyri-mümkündür: "Müəssisəyə daxil olanda buraxılış vərəqi yazılır, hər yerdə kameralar quraşdırılıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov orada cəza çəkən Lamiyə Quliyevanın övladı olması ilə bağlı məsələlərdə mənim adımı hallandırıb. Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır. Elçin Behbudov mən işləyən zaman dəfələrlə müəssisədə monitorinq keçirib. Hər dəfə öz maraq dairəsində olan bir neçə məhkumla
görüşürdü. Ona məhkumlar üçün maarifləndirici söhbət etməyi təklif edirdim, razılaşmırdı. Bundan başqa məndən dəfələrlə şəxsi işləri ilə bağlı xahişlər edirdi. Xahişlərini yerinə yetirmədiyim üçün münasibətimiz bir qədər soyuq idi. Evdə yoldaşım deyir ki, yalan deyirsə, Elçin Behbudovu məhkəməyə ver. Mən ağsaqqal adamam, uşaq deyiləm. Mənim orda nə işim var axı?”
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov mətbuata açıqlamasında Müzəffər Məmmədovun tez-tez 4 saylı cəzaçəkmə müəssisəsinə gedərək, Lamiyə Quliyeva ilə görüşməsi barədə məlumatı olduğunu deyib.
Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub. Ədliyyə Nazirliyi Penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov APA-ya açıqlamasında məhkumun öz istəyi ilə ana olduğunu, uşağın atasının kimliyi barəsində isə araşdırma aparıldığını deyib.