Sabiq XİN başçısı Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü şərh etdi: "... Ümid..."

Tofiq Zülfüqarov:“Problem ondan ibarətdir ki, reallıqda iki amil bu və ya digər şəkildə məsələnin həllində önəmli rol oynaya bilər. İndiki mərhələdə hər iki amil mövcud deyil"


"Ermənistan və Azərbaycan prezidentlərinin görüşündən gözləntilər o səviyyədədir ki, irəliləyiş mümkün deyil”.

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. 

O bildirib ki, Ermənistan tərəfindən səsləndirilən bəyanatlar irəliləyişə ümid vermir:

"Problem ondan ibarətdir ki, reallıqda iki amil bu və ya digər şəkildə məsələnin həllində önəmli rol oynaya bilər. Birincisi, Ermənistan işğalçı siyasətindən əl çəkməlidir. İkincisi isə, beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin Ermənistana təzyiq göstərməsidir. 

Bu Ermənistanın işğalçı siyasətindən əl çəkməsinə şərait yarada bilər. İndiki mərhələdə hər iki amil mövcud deyil.

Azərbaycanın mövqeyinə gəlincə, danışıqlarda hər iki tərəfin müəyyən niyyəti olmalıdır. Ancaq sülhə niyyət olduğu şəkildə hansısa nəticə əldə oluna bilər.

Təəssüf ki, Ermənistanın konstruktiv mövqeyi yoxdur. Ona görə, prezidentlərin görüşündə real nəticələrin gözlənilməsi mümkün deyil”.

Qeyd edək ki, hazırda Cenevredə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın görüşü keçirilir. Məlumata görə, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edir.

Aysel Aslan