Şadlıq evləri təslim olan deyil





İqtisadiyyat və Sənaye Nazirliyi toylardakı vəziyyətlə bağlı tədbirlərini davam etdirir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bununla bağlı xəbərdarlıq məktublarını Bakı şəhəri üzrə 235, digər şəhər və rayonlar üzrə 343 şadlıq sarayının rəhbərlərinə göndərib.

Xəbərdarlıq məktubunda qanunvericiliyə uyğun olaraq bu sahədəki pozuntulara qarşı və müəyyən qanunvericilik aktlarının pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallar haqqında məlumat verilib.

ASİHMDX bundan əlavə, Bakıda fəaliyyət göstərən 100-dən çox şadlıq evinin rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirib. Görüş zamanı istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların təmin edilməsində şadlıq evlərinin vəzifələri, qanunvericiliyin pozulmasına görə müəyyən edilmiş məsuliyyət tədbirləri bir daha iştirakçıların nəzərinə çatdırılıb. Bu işlərin təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib, mövcud problemlərin təxirə salınmadan aradan qaldırılması yolları müzakirə edilib.

ASİHMDX tərəfindən toylar zamanı qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əməl olunması, o cümlədən istehlakçıların seçim sərbəstliyinin təmin olunması vəziyyətinə nəzarət məqsədilə yoxlamalar aparılmasını da nəzərdə tutub. Habelə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində əlavə tədbirlər həyata keçiriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, belə tədbirlərin görülməsi zəruridir: "Lakin kafi deyil. Çünki toylarda və yas mərasimlərində istehlakçıların hüquqları çox pozulur. Amma İqtisadiyyat və Sənaye Nazirliyinin əhaliyə və sahibkarlara maarifləndirici xarakterli məlumatlar göndərməsi müsbət haldır”.

E.Hüseynovun fikrincə, İSN-in bu təşəbbüsü xoş niyyət və xəyal olaraq qalacaq: "Ona görə ki, tələb təklifdən artıqdır. Şadlıq evlərində insanlar toy etmək üçün növbələrdə dayanıb. Bu zaman mütləq keyfiyyət arxa plana keçir. Toy etmək istəyəndə, şadlıq evi ilə müqavilə bağlamaq istəyəndə, sahibkar müqavilə bağlamaqdan imtina edərək "get, başqa şadlıq evində toy et” cavabını verəcək”.

Birlik sədri alternativ mübarizə üsullarından istifadə etməyi təklif edib: "Nə qədər ki, digər başqa mübarizə vasitələri yaranmayıbsa və bazar iqtisadiyyatından düzgün istifadə edilməyibsə, inzibati yollarla problem öz həllini tapmayacaq. Yalnız Vergilər Nazirliyi şadlıq evlərində xidmət ödənişi əvəzində qəbzlərin verilməsinə nail ola bilər. Alternativlərdən məsələn, çadır toylarından və digər toy etmə vasitələrindən geniş istifadə edərək keçmişinə doğru bir addım atmalıdır. Və yaxud şadlıq evlərini boykot edə bilər. Belə olan halda şadlıq evlərinin sahibləri təslim olaraq istehlakçıların hüquqlarına diqqətlə yanaşacaqlar”.

Vüqar Şahinoğlu