Sağalmaz “yara”...

Ortadakı pulları həkimlərlə şirkət bölür



Hazırda Azərbaycanın dərman bazarında ciddi problemlər var. Bu problemlərdən ən təhlükəlisi, müxtəlif vasitələrlə, mənşəyi məlum olmayan, saxta və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsidir. Kifayət qədər nəzarətin olmaması isə belə dərmanların satışa çıxarılmasına və insanların istifadəsinə səbəb olur. Digər mühüm problem isə dərman biznesinin ayrı-ayrı yüksək vəzifəli məmurların inhisarında olmasıdır.

Bu hal ölkədə dərmanların qiymətində süni artımın yaranmasına rəvac verir. Elə bu səbəbdən də hökumət önləyici addımlar atmağı qərara alıb. Milli Məclis "Dərman vasitələri haqqında” qanuna dəyişiklik edib. Müvafiq prosedurdan sonra Nazirlər Kabineti tərəfindən normativ hüquqi sənəd hazırlanacaq. Süni qiymət artımı ilə bağlı jurnalistlərin suallarını cavablandıran baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov da dərmanların qiymətində müşahidə olunan süni artımın yaxın vaxtlarda aradan qaldırılacağını deyib. Qanundakı dəyişikliyin problemi həll edib-etməyəcəyini isə zaman göstərəcək.

Azərbaycan Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dərman və digər tibbi vasitələrin qiymətlərinin tənzimlənməsində ciddi problemlərin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dərman satışı ilə məşğul olan şirkətlərin bəzi həkimlərlə əlbir fəaliyyəti insanların sağlamlığı üzərində çirkli biznesin qurulmasıdır: "Xalq arasında "firma dərmanları” adı ilə məşhurlaşmış preparatlar insanlara eyni tərkibli başqa dərmanlardan 3-4 dəfə baha başa gəlir. Arada əmələ gələn fərqi isə həkimlə şirkət bölür. Hesab edirəm ki, qanunda nəzərdə tutulan dəyişiklik qeyd olunan fırıldaqçılığın miqyasını kiçildə bilər”. Müsahibimizin fikrincə, əczaçılıq dərman ticarəti səviyyəsinə endirilib: "Bu sahədə vəziyyət olduqca bərbaddır. Günah bu sferaya cavabdeh olan şəxslərdədir. Azərbaycan regionda dərman və tibbi ləvazimat ixracatçasına çevrilə bilər. Bunu etmək üçün ölkəmizdə bütün imkanlar var”. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tədqiqatçı İlqar Altay da bildirib ki, dərman sektoru insan həyatı üçün əhəmiyyətli olduğundan dövlət tərəfindən tənzimlənməlidir. İ.Altayın fikrincə, başıpozuq dərman ticarəti narkotika qədər təhlükəlidir: "Dərman ticarəti üzərində fırıldaqçılıq digər ticarət növlərindən qat-qat asandır. Məsələn, hər hansı ərzağın qiymətini hamı bilir və onu çox da süni artırmaq olmur. Ancaq ölkəyə yeni gətirilən dərman preparatlarının qiyməti barədə əhalidə məlumat olmur. Maya dəyəri 3 manata ölkəyə gətirilən dərmanı hətta onqat artığına, yəni 30 manata da sata bilirlər. Yaxud bir aptekdə 12 manata rast gəlinən eyni dərmanı 200 metr aralıda 2 manata almaq olur. Yəni, nəzarətsiz, sistemsiz, başıpozuq dərman ticarəti narkotika alveri qədər qanunsuz gəlir gətirir və bir o qədər də sağlamlığa ziyan vurur. Bu hal insanlarda narazılıq yaradır. Çünki xəstə, təqaüdçü və imkansız şəxsin külli məbləğdə pulu ədalətsiz olaraq, bir qrup saxtakarın cibinə axır”. İlboyu araşdırma işləri ilə əlaqədar xarici ölkələrdə olduğunu söyləyən İ.Altayın sözlərinə görə, sivil ölkələrdə ən sərt rejim dərman istehsalı, satışı və istehlakı üzərindədir: "Əvvəla, həmin ölkələrdəki bütün apteklər əhalinin ehtiyacı üzrə standart yerlərdə və ölçüdədir. İkincisi, reseptsiz heç bir aptekdə heç bir dərman ala bilməzsən. Üçüncüsü, dərmanların qiymətində konkret sabitlik var. İnsanlar qiymət və keyfiyyət baxımından tam arxayındılar”.

İqtisadçı Azər Mehdiyev isə digər ekspertlərdən bir qədər fərqli düşünür. O, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsini məqbul variant hesab etmir: "Söhbət dərman bazarında baş verən proseslərdən gedirsə, burada məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, ölkəyə gətirilən dərmanların təhlükəsizliyinin qiymətləndirilməsi olduqca vacibdir. Çünki dərmanların kefiyyətinin hansı səviyyədə olmasına hökumət tərəfindən ciddi nəzarət olmalıdır.

İkincisi, bu dərmanların gətirilməsində inhisarçılıq aradan qaldırılmalıdır. Əgər bu inhisarçılıq aradan qalxarsa, dərman bazarında qiymətlərin tənzimlənməsi mümkündür”. Bu sahədə hüquqi baza formalaşdırmağın və buna uyğun tənzimləmənin mümkünlüyünü dilə gətirən A.Mehdiyev sistemdə öncə keyfiyyəti vacib sayır: "Bunun üçün Səhiyyə Nazirliyi əsas dərman komponentlərinin tərkibini təsdiq etməlidir. Əsas komponentlər müəyyən olunduqdan sonra cəmiyyət üçün də aydınlaşma yaranır. Yəni, firmaların buraxdığı dərmanlarla əsas dərmanlar arasındakı fərq ortaya çıxar və insanlar bunu ayırd edə bilirlər. Əslində, firma dərmanlarına əlavə komponentlər qatmaqla, onları müxtəlif adda satışa çıxarırlar. Bu zaman da əsas dərmanlardan fərqli olaraq, həmin məhsulların qiyməti baha olur. İcbari tibbi sığortanın tətbiqində də bu modeldən çıxış etmək lazımdır. Əgər əsas dərmanların tərkibi təsdiq olunsa və ölkəyə gətirilən dərmanların keyfiyyətinə ciddi nəzarət edilsə, qiymətlərin tənzimlənməsi öz-özlüyündə baş verəcək”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə fərqli mövqedən yanaşır. O, dərman qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı xüsusi bir qanunun qəbuluna ehtiyac olmadığını bildirib. Ekspertin qənaətincə, Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi bu problemi həll edə bilər: "Son aylar bizim birlik, o cümlədən bəzi aidiyyəti orqanlar bu istiqamətdə işlər görürlər. Çünki mütəmadi olaraq, çoxsaylı istehlakçı şikayətləri daxil olur və biz də bunları araşdırırıq. Təbii ki, bunu bütün dərmanlara şamil etmək doğru olmazdı. Normal, keyfiyyətli dərmanlar da var. Doğrudur, Azərbaycanda qiymətlər həddindən artıq bahadır. Çünki dərman bazarında inhisarçılıq hökm sürür. Bu sahədəki qanun dəyişiklikləri müsbət qiymətləndirilə bilər. Amma mənfi tendensiya odur ki, qanunlar kağız üzərində qalır. Bunlar istehlakçı hüquqlarını qoruyan kompleksin çox zəif olmasından irəli gəlir. Hər halda, bu istiqamətdə ciddi addımların atılması zəruridir”.

İsmayıl