Şagirdin intiharı...

Direktor bezdirdi, məktəbli də canına qıydı“Məktəb direktorunun adının belə bir olaya qarışması, doğrudan da, Azərbaycan təhsili üçün utancverici bir haldır”
Təhsilimizi bərbad günə qoyan məktəb direktorları indi də şagirdləri canından bezdirib. Biz 10-cu sinif şagirdinin dözməyib canına qıydığı cəhalət dolu bir cəmiyyətdə yaşayırıq. "Ətrafdakı gəncləri tanıdıqca özümü şərəfli ölümə etibar etdim. Özümü öldürmək mənim zəifliyim deyildi. Ədalətsiz gənclərin, müəllimlərin haqsız...”- deyə bibisinə vatsapda mesaj yazıb mayın 11-də Cəlilabadın Seyidbazar kəndində evin arxasında "pres ipi”ni 2 dəfə boynuna dolayıb, intihar edən Vüsal Mirzəyevin ailəsi oğullarının ölümünə görə kənd məktəbinin direktoru və onun həyat yoldaşını günahlandırırlar. Son cümlə də beləcə Vüsalın ömrü kimi yarımçıq bitir...
Mərhum V.Mirzəyevin dayısı Niyaməddin Mirzəyevin "qafqazinfo”ya verdiyi açıqlamaya görə, Vasifin özünü asmasına Seyidi kənd məktəbinin direktoru Etibar və onun həmin məktəbdə müəllimə işləyən həyat yoldaşı İradə müəllimə səbəb olub. Bacısı oğlu direktorun həyat yoldaşı İradə müəllimənin hazırlıq kursundan çıxdığı üçün uzun müddət ona təzyiq olunub.
Mərhum şagirdin bibisi Vüsalə Yusifova isə qardaşı oğlunun tez-tez məktəbdə döyüldüyünü deyib: "Vüsal deyirdi məni təhqir edirlər, sıxışdırırlar, adam içinə çıxmağa qoymurlar. Deyirdi bu məktəbdən bezmişəm. O məktəbdə hamı ona qarşı idi, Vüsal tək qalmışdı”.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilib. Qurumdan bildirilib ki, rayon təhsil şöbəsi məsələyə aydınlıq gətirəcək.
Cəlilabad Rayon Təhsil Şöbəsindən isə bir cümləlik cavab verilib: "Qeyd etdiyiniz məsələ cinayət hadisəsi olduğundan hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur”.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibb ekspertizası təyin edilməklə iş üzrə istintaq tədbirləri davam etdirilir.
10-cu sinif şagirdinin özünü asmasında məktəb direktorunun və onun həmin məktəbdə müəllim işləyən xanımının adının hallanmasının üzücü olduğunu vurğulayan Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü "Şərq”ə açıqlamasında bu xəbərin onu dərindən sarsdığını deyib: "Məktəb direktoru tərəfindən bir şagirdin təcrid edilməsi və onun digər uşaqlar tərəfindən döyülüb, təhqir olunması təhsilimizin adına ləkədir. Burada hər şeydən əvvəl bir şagirdin özünü öldürmə həddinə çatdırılmasından gedir. Görünür, məktəbdəki təzyiqlərə dözməyən 15-16 yaşlı uşaq intihardan başqa çıxış yolu tapmayıb. Təbii ki, o uşaq intihar əvəzinə özündə güc tapıb, mübarizə də apara bilərdi. Görünür, bu qədərinə iradəsi çatmayıb. Sözün açığı, bu cür situasiyalara qarşı mübarizə üsulları şagirdlərimizə aşılanmır, bu barədə söhbətlər aparılmır. Hesab edirəm ki, valideynlər arasında da bu istiqamətdə ciddi maarifləndirmə tədbirləri aparılmalıdır”.
Son illər ümumiyyətlə məktəblilər və yeniyetmələr arasında intihar hallarının artmasını təəssüflə vurğulayan ekspert deyib ki, imtahandan kəsilən, sevdiyi qızdan "yox” cavabı alan, ailəsindən küsən gənclərin özlərinə qəsd etməsi kimi hallarla tez-tez rastlaşırıq: "Amma bu hadisə tamamilə fərqlidir. Burada söhbət yalnız o şagirdin düşdüyü affekt vəziyyətdən getmir. Birmənalı şəkildə həmin gənc intihara vadar edilib. Məktəb direktorunun adının belə bir olaya qarışması, doğrudan da, Azərbaycan təhsili üçün utancverici bir haldır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu hadisəni ciddi şəkildə araşdırmalı və statusundan asılı olmayaraq səbəbkar olan kəs məsuliyyətə cəlb olunmalıdır. Bu da yerdə qalanlara görk olmalıdır ki, şagirdləri incitmək, onların şərəf və ləyaqətini təhqir etmək olmaz. Bizim gözümüzdə uşaq da olsalar, onların da bir şəxsiyyət olduğunu unutmamalıyıq. Əks halda, onlara qarşı sərgilənən təhqiredici münasibətlər bu cür faciəvi hallarla nəticələnə bilir. Bu uşaq özünü öldürüb, sabahkı gün də birinin çıxıb, onu təhqir edən məktəb direktorunu öldürməyəcəyinə heç kəs zəmanət vermir”.
Bu problemin kökünün gedib, müəllim-şagird münasibətlərinə dayandığını vurğulayan Məlahət xanım deyib ki, müəllimlərimiz zəmanə uşaqları ilə ayaqlaşa bilmirlər: "Zaman dəyişir, şagirdlərin psixologiyası dəyişir, amma müəllimlərimiz dəyişmir. Hələ də müəllimlərin əksəriyyəti sovet dövründən qalma təhsil sistemi ilə hərəkət edirlər. Şagirdə hələ də bir obyekt, əşya kimi yanaşırlar. Müəllimlərimiz elə hesab edir ki, şagird sözünü deyib, haqqını tələb etməməlidir. Təcili olaraq məktəblərdə maarifləndirici tədbirlər keçirilməli və hər kəsə haqları aşılanmalıdır. Müəllimlər də, şagirdlər də öz hüquqlarını bilməli və ona uyğun davranışlar sərgiləməlidirlər. Ötən il Xırdalan və Sumqayıt məktəbləri ilə bağlı yayılan şiddət video-çarxlarını yəqin ki, xatırlayırsınız. Bütün bunların da kökündə müəllim-şagird münasibətlərinin bərbad halda olması dayanır. Sovet quruluşunun dağıdılmasının üzərindən 25 il keçməsinə baxmayaraq imperiya stereotipləri hələ də məktəb müəllimlərimiz tərəfindən yaşadılır. Əksəriyyət hələ də qəbul edə bilmir ki, şagirdlər də müəllimlərin bərabəri olan bir subyektdir. Təhsil ocaqlarını "kiflənmiş” qaydalarla idarə edən məktəb direktorları, şagirdə dinməz- danışmaz əşya kimi yanaşan müəllimlər özlərini yeniləməli və zəmanəyə ayaq uydurmağa çalışmalıdırlar”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruczadə yaşamaq instinktinin təbiətdə ən vacib instinktlərdən biri olduğunu deyib: "İnsan həyatı boyu bütün fəaliyyətini demək olar ki, bu instinktin motivləri əsasında həyata keçirir. İntihar etmək, yaşamaq eşqinə qarşı çıxmaq isə mütləq güclü bir səbəb tələb edir. Hansı ki, bu, həyatla bağlı bütün ümidin itməsi anlamına gəlir. Əgər bir məktəbli intihar edirsə və intihar həddinə çatdıran şəxs kimi ali təhsil almış, təcrübəli pedaqoq olan məktəb direktoru göstərilirsə, sözsüz ki, bu, ikiqat faciədir. Bizim təhsil sistemimizdə pedaqojiyönümlü bütün ixtisaslarda əsas tədris olunan fənlərdən biri də məhz psixologiya elmidi. Çünki insanla işləmək üçün ilk növbədə hər yaşın özünəməxsus xüsusiyyətlərini, fərqli insan psixikalarını və ondan irəli gələn davranış fərqliliklərini bilmək lazımdı. Əgər həqiqətən, məktəb direktoru sözügedən şagirdi təhqir edib, döydürürmüşsə, demək ki, həmin müəllimin ümumiyyətlə pedaqogikadan xəbəri yox imiş. Bu isə o deməkdir ki, bu cür hadisələrin qarşısını almaq üçün mütləq şəkildə bütün müəllimlərlə daimi psixoloji maarifləndirmə işini həyata keçirmək lazımdı. Digər tərəfdən şagirdlər arasında da həm psixoloji, həm də hüquqi maarifləndirmə işi həyata keçirmək lazımdı ki, bu kimi hallarda intiharı seçim etməkdənsə, həmin davranışı nümayiş etdirən müəllimdən şikayət etmək, bu barədə valideynlərinə məlumat vermək kimi hüquqlarının olduğunu bilsinlər. Digər tərəfdən həmin şagirdin ailəsindəki daxili münasibətlər də qaydasında olsaydı, bu vəziyyət yaranmazdı. Ailədə uşaqların öz hiss və düşüncələrini bölüşə biləcəyi bir mühitin olması çox vacibdi. Əgər mühit olsaydı, həmin şagird məktəbdə direktorun etdiyi hüquq pozuntusunu ailə üzvlərinə danışardı və nəticədə bu faciə baş verməzdi. Bütün bunlar cəmiyyətimizin, xüsusilə regionda yaşayan vətəndaşlarımızın psixoloji maarifləndirmə işinə nə qədər böyük ehtiyac olduğunu göstərir”.
Şəymən