Şahbaz Xuduoğlunun həyat yoldaşı yol qəzasında həlak olub

Qəzada xəsarət alan bacısının vəziyyəti isə ağırdır
Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə dünən saat 15.30 radələrində qeydə alınıb. 90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin, 1974-cü il təvəllüdlü Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Məlumata görə, kəllə-beyin travması və çoxsaylı bədən xəsarətləri alan qadının vəziyyəti ağır qiymətləndirilir. Bununla bağlı Bakıdan həkim briqadası dəvət olunub.
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakı şəhər sakini Rafiq Muxtar oğlu Mustafayevin idarə etdiyi 90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado” markalı avtomobil yoldan çıxaraq aşıb. Əlavə edək ki, avtomobili idarə edən R. Mustafayev "Qanun” Nəşrlər Evinin sürücüsüdür.
Sabir Rüstəmxanlı: "Şahbaz da qəzada xəsarət alıb”
"Yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb”.
Bunu APA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib. S. Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Ş. Xuduoğlu da xəsarət alıb: "Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq”.
Şahbaz Xuduoğlu: "Oğlumun xəbəri yoxdu, qızım yoldadı...”
Dünən axşam saatlarında Könül Rüstəmxanlının meyiti Bakıya, Sultanəli məscidinə gətirilib. Lent.az-ın məlumatına görə, məscidin qarşısına "Qanun” nəşrlər evinin əməkdaşları, Şahbaz Xuduoğlunun qohumları, dostları, jurnalistlər toplaşıblar.
Şahbaz Xuduoğlu avtomobilin 200 metr məsafədən dərəyə yuvarlanaraq çaya düşdüyünü bildirib. O bu faciədən oğlunun hələ xəbərinin olmadığını, Türkiyədə oxuyan qızına isə Bakıya qayıtmaq üçün bilet alındığını deyib.
Mərhumun cənazəsi yuyulduqdan sonra yaşadığı evə aparılıb.
Allah rəhmət etsin!