Çünki orda qiymətlər çox bahadır, çətin ki, hansısa şair, yazıçı ordakı çayxanaya tərəf dönsün
Yazıçı-dramaturq Elçin Hüseynbəyli Sahil bağının "Sənətçilər bağı" adlandırılması təklifi ilə çıxış edib. Daha doğrusu, yazar bu təklifini şifrəli, eyni zamanda hər kəsin başa düşəcəyi dillə arzu və ümidə bürüyüb hekayəyə oxşar tərzdə qələmə alıb. E.Hüseynbəyli yazır ki, onsuz da Sahil bağını yazarlar öz aralarında "Yazarlar bağı", "Sənətçilər bağı" adlandırır. Çünki kimin qonağı gəlsə, ya da dostlarla gəzişmək istəsə, Sahil bağına gedir. Belədirsə, bu bağ niyə də rəsmən "Sənətçilər bağı" adlandırılmasın?
Söhbət sovet adamlarının "26 Bakı komissarları" adına bağ kimi tanıdığı yerdən gedir. Bağın başı bəlalıdır. Vaxtilə onu millətimizin düşməni Stepan Şaumyan və onunla birgə kommunanın "aparıcı simaları" Məşədi Əzizbəyov, Fioletov, Çaparidze "zəbt" etmişdi. Ortada əlində məşəl tutan bir kişi büstü də vardı, evlənənlər qarşısında dayanıb xatirə şəkli çəkdirərdi. Amma tarixin pərdəsi qalxdı, həqiqətlər üzə çıxdı və qırmızı kommuna da bağdan çıxarıldı. O zaman da Azərbaycan Yazıçılar Birliyinə üzv olanlar bu bağın yaradıcılıq bağı kimi fəaliyyət göstərməsini istədilər. Ancaq yenə olmadı.
Həmin bağ, təbii ki, əlverişli mövqeyinə görə (paytaxtın mərkəzi hissəsində, gediş-gəliş gur olan yerdədir - red.) şairlərə yox, sahibkarlara verildi. Bakı şəhər İcra Hakimiyyəti bağı gözəlləşdirdi, sahibkarlar da "özəlləşdirdi". Paytaxtda sənətçilərin toplandığı başqa bir bağ da vardı - Vahid bağı. Vahid Poeziya Evi orda yerləşirdi və şairlər, yazarlar, musiqilər Vahidin işığına ora toplaşırdılar. Daha o Vahid bağı da yoxdur. Vahidin heykəli İçərişəhərə "sürgün" edilib, şairlər, sənətçilər də bağdan perik düşüb.
Bizimlə söhbətində "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs də həmin bağdan danışdı:
- Ora lap əvvəllər Gomurnat bağı (Qubernator - red.) adlanırdı. Xan əmidən tutmuş, Əbülfət Əliyev, Habil Əliyev, Sabir Mirzəyev, Əlibaba Məmmədov... bizim bir çox məşhur sənətkarlarımız, musiqiçilərimiz, şairlərimiz o bağa yığışardılar, şeir, sənət müzakirələri aparardılar. Kim hansı sənətçini axtarsa, o bağda tapardı. Sonra o bağı Vahid bağı adlandırdılar. Orda çayxana da vardı. Yaradıcı insanlar üçün uyğun bir məkan idi. İndi belə bir yer yoxdur.
"Sahil bağı"nın "Sənətçilər bağı" adlandırılması fikrinə gəlincə, Q.Ağsəs bunun real olmadığını dedi:
- Sahil bağı sənətçilər, yazarlar üçün münasib yer deyil. Çünki qiymətlər çox bahadır. Dərd burasındadı ki, bizim adımız özümüzdən böyükdür. Elə bilirlər pullu adamlarıq. Çay sifariş verəndə qiyməti kəllə-çarxa çıxır. Lap o bağı "Sənətçilər", "Şairlər bağı" adlandırsalar da, mahiyyət dəyişməyəcək. Heç bir sahibkar mənfəətindən keçib şairə, yazıçıya güzəşt etməyəcək. Sahibkarlarımız çoxdu, sözə sahib çıxanı yoxdur. Bundan incimək lazım da deyil. Mən bir çox ölkələrdə olmuşam, paytaxt şəhərləri gəzmişəm.
Ümumiyyətlə, dünyanın hər yerində mərkəzi yerlərdə qiymətlər həmişə baha olur. Amma bir qədər kənara çıxdıqda qiymətlərdə əməlli fərq görürsən. "Sənətçilər bağı" olacaqsa, bir az kənarda olsa yaxşıdır. Münasib qiymətlər olar, dost-tanışla əyləşib söhbətləşərik, bir stəkan çayı rahat içərik. İnanın, bulvarda çay dəstgahı 30 manata başa gəlir. Yayın istisində masaya əncir mürəbbəsi də gətirirlər. Mən ordan keçəndə çayxanaya tərəf ümumiyyətlə baxmamağa çalışıram. Bu hesabla "Sahil bağı"nın "Sənətçilər bağı" adlanacağı da real görünmür, lap adlansa da, çətin ki, hansısa yazıçı, şair ordakı çayxanaya tərəf dönsün.
Məlahət