Şahlar Əsgərov alqışladı

“Kreditlərin verilməsi gənclərin təhsilinə böyük töhfələr verəcək”


Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün "Təhsil haqqında” qanuna dəyişikliklər ediləcəyini bildirib.

Komitə sədri deyib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın məsuliyyəti və vəzifələri əksini tapacaq:

"Artıq parlamentin Elm və təhsil komitəsinə təhsil haqlarını ödəyə bilməyən tələbələrlə bağlı qanunun hazırlanması üçün Təhsil Nazirliyindən, Gənclər və İdman Nazirliyindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın. Hesab edirəm ki, "Təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri bu ilin sonuna qədər parlamentin iclasına çıxaracağıq”.

Qanuna edilən dəyişiklikləri müsbət qiymətləndirən təhsil üzrə ekspert, professor Şahlar Əsgərov "Şərq”ə bildirib ki, müvafiq kreditlərin verilməsi gənclərin təhsilinə böyük töhfələr verəcək:

"Əlbəttə ki, mükəmməl qanun yazmaq mürəkkəb məsələdir. Amma tədricən qanunlara belə dəyişiklik etmək və qanunu yüksək səviyyəyə gətirmək mümkündür. Parlament nümayəndələrimiz də bu sahədə addımlar atır. Qanunun daha da təkmilləşdirilməsi gənclərimizə böyük köməklikdir”.

Yeganə Bayramova