"Binalarda baş verən yanğınların çoxu elektrik qısaqapanmasından baş verir""Bir evdə eyni anda həm paltaryuyan, həm qabyuyan maşın, həm tozsoran, həm də televizor işlətmək olmaz"
Ötən gün Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, yanğın ümumi sahəsi 48 m2 olan 2 otaqlı mənzilin bir otağında baş verib. Məlumata görə, 15 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Maraqlıdır, çoxmərtəbəli binalarda bu kimi olayların baş verməməsi üçün insanlar hansı təhlükəsizlik məsələlərinə əməl etməlidirlər? Yanğın baş verdikdə hadisə yerindən xəsarətsiz çıxmaq üçün hansı addımlar atılmalıdır?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az”a bildirib ki, ilk öncə çoxmərtəbəli binalar yanğın təhlükəsizliyinə qarşı norma və standartlar nəzərə alınmaqla inşa edilməlidir.
Onun sözlərinə görə, binada yaşayan sakinlərin fövqəladə vəziyyətdə daha az ziyan çəkmələri üçün bütün lazımi təhlükəsizlik tədbirləri görülməlidir:
"Hər bir binanın ehtiyat su çəni olmalı və bu çən daim dolu vəziyyətdə saxlanılmalıdır. Eyni zamanda yanğın hidrantlarının saz vəziyyətdə saxlanılması, yanğınsöndürmə balonları ilə bina təchiz edilməsi, təhlükəsiz toplanış yerinin olması yanğın vaxtı insanların təhlükəsiz şəraitdə təxliyə edilməsini təmin edir. Nəzərə alaq ki, indi elektronika dövrüdür. Hər evdə demək olar ki, bütün növ elektrik cihazları var. Demək ki, bunlardan ehtiyatlı davranmaq lazımdır. Binalarda baş verən yanğınların çoxu elektrik qısaqapanmasından baş verir.
Bu da onu göstərir ki, sakinlər elektrik cihazları ilə ehtiyatlı davranmalıdırlar. Bir evdə eyni anda həm paltaryuyan, həm qabyuyan maşın, həm tozsoran, həm də televizor işlətmək olmaz. Çünki ev alanda bilmirik ki, evin elektrik naqilləri yüksək yüklənməyə kifayət qədər dözümlüdür, ya yox. Ona görə gərginliyi çox yükləmək olmaz. Daha sonra binaların həyətinə giriş daim açıq olmalıdır. Bir çox binaların həyətində yol qırağına bəzi insanlar özləri üçün dəmir butka qoyur anbar kimi istifadə edir və ya kimisi qaraj düzəldir. Bu kimi əlavələr də yolu daraldır. Amma fövqəladə vəziyyətdə hər dəqiqə hər saniyənin böyük rolu olduğunu nəzərə alsaq, o zaman görün necə vəziyyət yaranır. Bunun üçün insanlar yaşadıqları binanın həyətində nəqliyyat vasitələrini elə saxlamalıdır ki, fövqəladə vəziyyətdə yanğınsöndürən, təcili tibbi yardım, xilasetmə maşınlarının girib-çıxmasına maneə törətməsin.
Buna həm binada yaşayan sakinlər maraqlı olmalıdır, həm də binanın cavabdeh şəxsləri bunu təşkil etməlidir. Qeyd edim ki, yanğın vaxtı insanlar daha həyəcanlı, təlaş içində olur. Nə etməli olduqlarını unudurlar. Ona görə insanların fövqəladə vəziyyətdə necə davranmalarına dair maarifləndirilməsinə ehtiyac var. Fövqəladə vəziyyətdə insanlar özünü ələ almalı, soyuqqanlı olmalıdırlar. Çoxmərtəbəli binalarda liftdən istifadə etməmək lazımdır. Yanğın zamanı insanlar evin içərisində yaş dəsmalı nəfəs yollarına tutub tüstüdən zəhərlənmək təhlükəsindən qoruna bilər. Sağ-salamat təxliyə olunduqda evin qapı-pəncərəsini bağlamaq, özünüz üçün təhlükə riski yoxdursa, köməyə ehtiyacı olanlara, yaşlılara, uşaqlara yardım etmək olar”.
Kənan Eynuroğlu