"Sarılar" ölkəni silkələyib

Fransada "rəngli inqilab" doğulur



Fransada benzinin və dizelin qiymətinin artırılmasına qarşı noyabrın 17-dən davam edən "Sarı jiletlilər”in etiraz aksiyası daha da genişlənməkdədir. Bir neçə həftədir davam edən etiraz aksiyası zamanı 2 minə yaxın şəxs həbs edilib, 130 min adam yaralanıb. Xalq etirazlarını yatırtmaq üçün ölkə üzrə 89 mindən çox polis cəlb edilib. Buna baxmayaraq, etirazçılar polislərin müqavimətini qıraraq güc tətbiq ediblər. Aksiyaçılar dövlət başçısının proseslərə nəzarəti itirdiyini iddia edərək, onun istefasını və ölkənin Aİ-dən çıxarılmasını istəyiblər. Etirazların birdən-birə vüsət alması və genişlənməsi heç də təsadüfi deyil. Fransadakı mövcud hakimiyyət maliyyə oliqarxları qarşısında götürdüyü öhdəliklərə əməl etmək naminə xalqın üzərinə gedir. 

Nəticədə rəsmi Paris son 50 ilin ən güclü xalq etirazı ilə üz-üzədir. Ümumiyyətlə, son dövrlər Qərbdə, xüsusən Fransada siyasi institutların böhranı müşahidə edilməkdədir. Kütlələr rəsmi hakimiyyətə, nə də müxalifətə etibar edirlər. Getdikcə anonim qruplar, anarxist dəstələr etiraz aksiyalarının əsas aparıcı qüvvəsinə çevrilirlər. Fransada polisin etirazçılara silah və zor tətbiq etməsi, kütləvi həbslər həyata keçirməsi digər dövlətlər tərəfindən narahatlıqla izlənilir. ABŞ Prezidenti Donald Tramp Parisdəki aksiyalara münasibət bildirərkən Paris müqaviləsinin Fransaya lazım olmadığını, ölkəni bütünlüklə etiraz dalğasının bürüdüyünü, insanların "Biz Trampı istəyirik” şüarları səsləndirdiyini deyib. 

Tramp etirazların sona çatması üçün Paris hökumətinə çağırış edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Fransada günlərdir davam edən etirazlardan danışıb. Ərdoğan bildirib ki, İstanbulda baş verən "Gəzi hadisələri”ndə insan hüquqları müdafiəsinə qalxanlar Parisdə yaşananlar qarşısında kor, kar və lal olublar: "Bu gün dünyada insan hüquqları deyə bağıranların ən pis keçmişə sahib olmaları təsadüf deyil. Mediada Fransa, Hollandiya və Brüsseli izləmədik. Gəzi hadisələrində dünyanı ayağa qaldırdınız. Niyə? Bura Türkiyə olduğu üçün? İndi eyni şəkildə bu hadisələri də yayımlayın! Dürüst deyillər. Bizi demokratiya imtahanına məcbur edənlər, nişangah onlara yönələndə demokratiyanı kənarlaşdırmaqdan çəkinmirlər”.

Xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də Fransadakı mövcud Emmanuel Makron hakimiyyətinin mahiyyətini uzaqgörənliklə analiz edərək Azərbaycan tərəfindən onun Bakıya səfəri ilə bağlı əvvəlcədən razılaşdırılmış addımlar atmayıb. 

Çünki Makronun Ermənistana səfəri zamanı gey parad nümayəndələri ilə birgə nümayiş etdirdiyi davranışlar, xüsusi məkana çəkilmələri barədə informasiyalar mediaya sızdıqdan sonra Azərbaycan tərəfi qeyri-ciddi tərəfdaşla əlaqələrin davamında maraqlı olmayıb. Ona görə də Fransada Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi ilə bağlı keçirilən təntənəli mərasimdə Azərbaycan tərəfi prezident və ya baş nazir səviyyəsində deyil, xarici işlər naziri səviyyəsində təmsil olunmaqla kifayətlənib. Rəsmi Bakı davamlı olaraq Fransanın ermənipərəst mövqeyinə kəskin etiraz bildirərək Dağlıq Qarabağdakı işğalçı xunta rejimi ilə Fransanın ayrı-ayrı şəhərlərinin sıxlaşan əlaqələrinə etiraz olaraq Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrlikdən uzaqlaşdırlacağı haqda xəbərdarlıq edib. 

Əldə edilən məlumata görə, Prezident İlham Əliyevin Parisə son səfəri zamanı imzalanmış müqavilələrin icrası Azərbaycan tərəfindən dayandırılıb. Fransanın demokratik normalara, beynəlxalq hüquqa və iki ölkənin ortaq maraqlarına zidd addımları Azərbaycan tərəfini belə sərt addım atmağa vadar edib. Məsələ ondadır ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk zamanlardan bəri Fransa ilə əlaqələrə xüsusi əhəmiyyət verib. 

Erməni lobbisinin güclü olduğu ölkə ilə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa nail olub. Bu münasibətləri üçüncü ölkələrin təsirindən çıxarmağa müvəffəq olub. Obyektivlik naminə qeyd edilə bilər ki, əvvəlki hakimiyyətlərin, o cümlədən Fransua Ollandın hakimiyyəti zamanı Fransa da Ermənistan və Azərbaycanla əlaqələrdə balansı qorumağa çalışıb. Adətən Cənubi Qafqaz səfərlərinin trayektoriyasını müəyyən edərkən də bu balansı nəzərə alıb. Ancaq Makron yeritdiyi siyasətlə erməni lobbisinin təsirindən kənara çıxa bilmədiyini biruzə verib.

Fransadakı prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını üzərinə götürən dövlətlərdə baş verənlər ölkə ictimaiyyəti üçün maraqlıdır. Bu dövlətlərin ədalətli olmaları öz vətəndaşlarına münasibətdə tutduqları mövqe ilə də ölçülür: 

"Öz vətəndaşına ədalətli olmayan bir dövlət başqasının problemində, yaxud bu halda Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv mövqe tuta bilərmi? 

Cəmiyyətin haqlı etirazının zor tətbiqi ilə boğulması, heç şübhəsiz, güclü olmaq demək deyil. Bu dövlətlərin qüdrəti güc tətbiq etmədən həm ölkə daxilində, həm də xaricdəki münaqişələrin danışıqlar, dinc yolla həllindədir. Əksi isə ümidlərin doğrulmaması və məyusluq yaradır. Fransadakı aksiyalar ölkənin bir çox təbəqəsini əhatə edir. Etirazçılara səhiyyə işçiləri, 100-dən çox liseyin şagird və müəllimləri, habelə regionlar da qoşulublar. Aksiya iştirakçılarını parlamentdə təmsil olunan və olunmayan bütün siyasi partiyalar, mühacirlər də dəstəkləyirlər. 

Ölkənin aparıcı siyasi partiyalarının liderləri hakimiyyəti aksiya iştirakçılarının hüquqlarını pozmaqda ittiham ediblər. Fransada keçirilən rəy sorğularının nəticələrinə əsasən, respondentlərin 80 faizi "sarı jiletlilər”i dəstəkləyir. Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen parlamentin buraxılmasını təklif edib. Bu onu göstərir ki, 3 avrosentlik qiymət artımına etirazın miqyası, sosial təbəqəsi genişlənir və iştirakçıların sayı artır. Fransanın baş naziri Eduard Filipp "sarılar"la görüşməyəcəyini bildirib. 

O, yeni vergi ödəmələri ilə bağlı planı parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri ilə görüşdə elan edəcəyini söyləyib. 

Ancaq Fransada sosial tələblərlə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu ölkədə sosial ədalət idealları uğrunda daim mübarizə aparılır. 2016-cı ilin yayında Fransa xalqı mübahisəli yeni əmək məcəlləsi layihəsinə etiraz olaraq aksiyalar keçirib. Bu sənəddə Fransada gün ərzində maksimum 10 saatlıq iş müddətinin 12 saata çatdırılması, əmək müqaviləsində dəyişiklik etmək istəyənlərin işdən azad edilməsi və çox işləyib müqabilində az əməkhaqqının ödənilməsi kimi maddələr yer alır. Əksəriyyətini müxalifətçilərin təşkil etdiyi Senat layihəni dəyişdirərək qəbul etdikdən sonra mətn təkrar parlamentə təqdim olunmuşdu. 

Həmin vaxt Fransua Olland prezident, Emmanuel Makron isə iqtisadiyyat naziri idi. Beləliklə, baş verənlərə, "boz kardinallar”ın fəaliyyəti ilə bağlı yayılan xəbərlərə, irəli sürülən tələblərə əsasən, demək olar ki, Fransada "rəngli” inqilab doğulur. Odur ki, "sarılar”ın hərəkatının Fransanı dəyişəcəyini ehtimal etmək olar. Əks halda, etirazların yenidən baş qaldıracağı istisna olunmur. Çünki inqilab hədəflərinə çatmayanda yenidən yaranır”.

İsmayıl