Hakimiyyətdən biabırçı şəkildə qovulan adam, Qarabağ mövzusunda manipulyasiya etməkdədir
"Serj "bəlkə bu dəfə də alındı” düşüncəsi ilə belə həssas mövzu ilə cəmiyyətdə özünə qarşı etimadı bərpa etməyə çalışır, uğursuz cəhdlər edir"
Hakimiyyətdən rüsvayçı şəkildə uzaqlaşdırılan Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan hələ də siyasi gündəmdə müxtəlif üsullarla aktiv olduğunu göstərməyə çalışır. Sarkisyan Respublikaçılar Partiyasının iclaslarını təşkil edərək hələ də siyasi fəaliyyətinə son vermədiyini və partiyasının bu seçkilərdə yer alacağını bildirir. Hakimiyyətdə olduğu kimi, bu gün də "Qarabağ kartı”ndan sui-istifadə etməyə cəhd edir.
Sabiq prezident və baş nazir Serj Sarkisyanın fəallaşmasını "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı bildirib ki, bütün siyasi rıçaqlarını itirən Sarkisyan əvvəlki illərdə olduğu kimi, yenidən Dağlıq Qarabağ mövzusundan istifadə edərək rəqibinin mövqeyini zəiflətməyə çalışır:
"Bu günlərdə Dağlıq Qarabağla bağlı guya radikallıq nümayiş etdirərək müxtəlif bəyanatlar səsləndirən "vurulmuş baş nazir” bildirib ki, münaqişənin həllində Ermənistanın bir addım da geri çəkilməsinə imkan verməyəcək. Sarkisyan bəyan edib ki, bunun üçün lazım gələrsə, silaha da əl atılacaq. Bunlar göstərir ki, Sarkisyan hərbi xunta rejiminin rəhbəri olaraq səhra komandiri təfəkküründən kənara çıxa, müharibə xofu ilə erməni ictimaiyyətini manipulyasiya etmək xəstəliyindən xilas ola bilmir.
Nəhayət gec də olsa, erməni xalqı başa düşür ki, onun ən böyük düşməni elə Sarkisyan və onun kimi düşünənlərdir. Əslində Sarkisyanın bu tipli sözləri onun şəxsiyyətinə yad deyil. O, məhz Dağlıq Qarabağda başlayan separatçılığın üzərindən siyasi pillənin ən yüksək nöqtəsinə gəlib çatmış şəxsdir. Serj "bəlkə bu dəfə də alındı” düşüncəsi ilə belə həssas mövzu ilə cəmiyyətdə özünə qarşı etimadı bərpa etməyə çalışır, uğursuz cəhdlər edir”.
Politoloq bildirib ki, Sarkisyanın absurd fikirləri ilk növbədə Ermənistan cəmiyyətində kəskin tənqidlə, iztehza və ironiya ilə qarşılanıb:
"Ermənistanın kütləvi informasiya vasitələrində və ictimai-siyasi dairələrində onun bu yalanları rişxənd doğurub. Erməni ekspertlərin qənaətincə, Sarkisyan hakimiyyəti Ermənistan tarixində talançılığı ilə qalıb. Yerli media vasitələrində bu barədə dərc edilən materialların birində deyilir ki, "Sarkisyan Ermənistanda yeganə liderdir ki, onun prezidentliyi dövründə dördgünlük aprel döyüşləri sayəsində düşmən ölkənin mifi darmadağın olub. Döyüş hazırlığının olmaması baxımından Ermənistan ordusunun biabırçı vəziyyəti bütün dünyaya nümayiş etdirilib”.
E.Aşırlının sözlərinə görə, Sarkisyanın hakimiyyət illəri həm də Ermənistanda sosial-iqtisadi böhranla xarakterizə olunur:
"Onun hakimiyyəti illərində Ermənistanın xarici borcu 10 dəfədən çox artıb. Əhalinin həyat səviyyəsi xeyli pisləşib. Sarkisyan hakimiyyəti dövründə düşmənin xarici borcu 4.5 milyard dollara çatıb. Ermənistan sürətlə boşalıb. Elə indi də əhalinin 42 faizi ölkəni tərk etmək niyyətindədir. Ermənistanın Milli Statistika Xidmətinin açıqladığı rəsmi hesabata görə, ölkə əhalisinin az qala yarısı kasıblıq həddində yaşayır. Nəticə etibarı ilə Sarkisyanın on illik iqtidarı dövründə Ermənistanın siyasi, iqtisadi, diplomatik və hərbi cəhətdən böhranı daha da dərinləşib”.
İsmayıl