Sarkisyan İrəvanda qiyam şousu düzəldib

Qabil Hüseynli: “Bu gün hakimiyyət üçün təhlükə yaranıbsa və ölkədə vəziyyət doğrudan da gərgindirsə, niyə radikal addımlara əl atılmır”
Arzu Nağıyev: “Sarkisyan rejiminin məqsədi Rusiya və Qərbə guya müxalifətin bir sıra məqamlarla razılaşmamasını, o cümlədən Dağlıq Qarabağ məsələsində güzəştə getməmək tələbinin olmasını göstərməkdir”


Ermənistanda fövqəladə vəziyyət davam edir. "Təsisedici parlament” radikal müxalif hərəkatının üzvü Alek Eniqomşyanın sözlərinə görə, İrəvanda polis bölməsini tutan silahlı şəxslər elektrik, qida, tibbi köməkdən məhrum ediliblər, ötən gecədən isə binanın telefon rabitəsi kəsilib. Onun sözlərinə görə, hazırda Ermənistan hakimiyyətinin atdığı addımlar vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər ki, bu da danışıqların uğurla yekunlaşmasına mane olacaq.

Onu da deyək ki, bu gün səhər saatlarında əraziyə yaxınlaşmaq və hasarı dağıtmaq cəhdi edilib, idarənin üzərində hərbi helikopter aşağı məsafədən uçub. Eniqomşyanın dediyinə görə, vəziyyət ciddi şəkildə gərginləşə bilər: "İstənilən dəqiqə ciddi hadisələr baş verə bilər. Lakin biz ümid edirik ki, hakim rejim ehtiyatlı davranacaq və ermənilər arasında qan tökülməsinə mane olacaqlar”. Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış radikal müxalifətçi Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb. Girov saxlanılan şəxslər arasında Ermənistan polisinin rəis müavini, general-mayor Vardan Yegiazaryan və İrəvan polisinin rəis müavini, polkovnik Valeri Osipyan da olub.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanda baş verən qiyam cəhdləri hakimiyyətin qurduğu siyasi şoudur. İrəvandakı etiraz aksiyalarını ciddi qəbul etmədiyini vurğulayan politoloq Ermənistandakı anti-hökumət, anti-dövlət çıxışlarını heç bir ölkədə müşahidə etmədiyini deyib: "Təsəvvür edin, bir qrup polis məntəqəsini tutur, ancaq hökumət fövqəladə elementlərdən istifadə etmir. Yəni, polis məntəqəsini azad etmək üçün cəhdlər göstərilmir. Müxalifətin özü də bu proseslərdə yaxından iştirak etmir. Hazırkı proseslər iki təsəvvür yaradır. Əvvəla, Ermənistandakı köhnə müharibə veteranları aranı qarışdıraraq sülh danışıqlarına maneə olmaq istəyirlər.

Digər tərəfdən isə Sarkisyanın özü tərəfindən yaradılmış xüsusi bir qrup vasitəsilə guya Ermənistan əhalisinin Azərbaycanla aparılan sülh danışıqlarından narazı olduğu görüntüsünü yaratmağa çalışır. Eyni zamanda Ermənistan əhalisini ayağa qaldırmaqla xalqın hazırkı şərtlər daxilində sülh müqaviləsini imzalamağa hazır olmadığını bəyan edir”.

Ermənistanda kifayət qədər ziddiyətli və şübhəli proseslər baş verdiyini deyən Q.Hüseynli qeyd edib ki, qiyamçılar polis məntəqəsini tutubsa, hökumət buna qarşı tədbirlər görməlidir: "Ermənistandakı proseslər məntiqə uyğun deyil. Bu gün hakimiyyət üçün təhlükə yaranıbsa və ölkədə vəziyyət doğrudan da gərgindirsə, niyə radikal addımlara əl atılmır, daxili qoşun qüvvələrindən istifadə edilmir? Bunlar deməyə əsas verir ki, proseslər Sarkisyanın özü tərəfindən idarə olunur. Bu hadisələr ziddiyət təşkil edən faktlarla doludur”.

Politoloqun sözlərinə görə, Sarkisyanın İrəvanda qurduğu qiyam oyunu müharibə variantını qaçılmaz edir: "Ermənistan rəhbərliyi həm Azərbaycana, həm də Rusiyaya göstərmək istəyir ki, əhali guya sülh danışıqlarının davam etdirilməsinə razı deyil. Ermənistanın məqsədi danışıqlar prosesindən yayınmaqdır. Görünür, Ermənistan yalnız müharibə istəyir. Onlar dinc yolla işğal etdikləri torpaqlardan çıxmaq niyyətində deyillər”.

Siyasi şərhçi Arzu Nağıyev də Ermənistanda baş verən iğtişaşların Sarkisyan və onun komandası tərəfindən qurulan siyasi şou olduğu qənaətindədir. Onun sözlərinə görə, Sarkisyan rejiminin məqsədi Rusiya və Qərbə guya müxalifətin bir sıra məqamlarla razılaşmamasını, o cümlədən Dağlıq Qarabağ məsələsində güzəştə getməmək tələbinin olmasını göstərməkdir: "Sarkisyan bu variantla Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlamağa, danışıqlar prosesini uzatmağa və bundan vaxt qazanmağa çalışır. Sarkisyan bununla özünün hakimiyyət müddəti bitdikdən sonra oyundan çıxmağa çalışır. Bunu da həm Qərb, həm Rusiya, həm də Azərbaycan yaxşı başa düşür. Sarkisyan Dağlıq Qarabağ separatçılarına müstəqillik söz versə də, bu gün ona əməl edə bilmir. O, özünün məhz bu proseslər üzərindən hakimiyyətə gəldiyini başa düşür və qorxur.

Azərbaycan tərəfi də ciddi şəkildə şərtlər irəli sürür və status-kvonu aradan qaldırmaq istəyir. Bu məqsədlə öz təkilflərini dəfələrlə ATƏT-ə və digər maraqlı dövlətlərə təqdim edib”.

Politoloq bildirib ki, Jirar Səfilyan və onun tərəfdarları güclü siyasi dayaqları olan qüvvə deyil: "Onlar sadəcə bəhanə kimi istifadə edilən oyunçulardır. Qərb də dolayı yolla etirazçıları nəzarətdə saxlayır. Sarkisyanın onlarla görüşünə gəldikdə isə, bu, həmin oyunların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Digər halda etirazçıların lokallaşdırılması çoxdan baş tutardı”.

Şəymən