“Əvvəlcə Sergey Lavrovun münaqişənin həlli ilə bağlı təklifləri olduğunu iddia etsələr də, daha sonra onun regiona əliboş gəldiyini deyirlər”
Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb. Erməni rəhbər bildirib ki, Rusiya Qarabağ üzrə yeni heç nə təklif etmir. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov regiona səfərləri zamanı heç bir konseptual təkliflə çıxış etməyib:
"Ümumiyyətlə, yeni təkliflər olmayıb. Ermənistan-Rusiya əlaqələrinin gündəliyi o qədər zəngindir ki, səfərlər zamanı müzakirələr yalnız Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmır. Rusiya XİN rəhbəri əmindir ki, münaqişənin həlli yalnız ATƏT-in Minsk Qrupunun patronajlığı ilə mümkündür”. Münaqişənin həlli ilə bağlı şəxsi düşüncələri barədə sualı cavablandıran Ermənistan prezidenti vurğulayıb ki, bunun üçün təmas xəttində qurbanlar olmamalıdır: "Bu, müəyyən atmosfer, inam yaradacaq. Əgər razılaşmalar yerinə yetirilmirsə, onda şübhə qurdu hərəkət etməyə başlayır, inamsızlıq atmosferi dərinləşir”.
Düşmən ölkə rəhbərinin açıqlamaları ilə bağlı "Şərq”ə danışan Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ermənistanın növbəti dəfə oyun oynadığını deyib. Ekspertin sözlərinə görə, əvvəlcə Sergey Lavrovun münaqişənin həlli ilə bağlı təklifləri olduğunu iddia etsələr də, daha sonra onun regiona əliboş gəldiyini deyirlər:
"Əslində Lavrovun münaqişənin həlli ilə bağlı planları ictimaiyyətə tam açıqlanmayıb. Biz əsasən, Madrid və genişləndirilmiş Madrid formullarını bilirik və onlara üstünlük veririk. Çünki, həmin planlar problemin mərhələli həllini özündə ehtiva edir. Nəzərə alaq ki, Rusiya XİN rəhbərinin bölgəyə səfəri zamanı dilə gətirdiyi həll variantları və hansısa çözüm formulları tələb formasını almayıb. Ona görə də düşmən tərəf bu məsələdə oyun oynamağa başlayıb. Belə baxanda Lavrovun Bakı və İrəvana bütün səfərləri nəticəsiz qaldı.
Lavrov tərəflərə real olaraq heç nə təklif etmədi”. Politoloq bildirib ki, Azərbaycanın ən böyük tələbi odur ki, Rusiya Ermənistana təzyiq göstərsin: "Kremlin düşmən ölkəyə təzyiq etməməsi birbaşa Sarkisyanın işinə yarıyır. Yaranmış vəziyyətdən sui-istifadə edən Sarkisyan Azərbaycana mesaj göndərir və bir qədər də acıq verərək demək istəyir ki, "baxın, Azərbaycan Moskva ilə sıx əlaqələr qurur, dialoq aparır, amma Rusiya heç vaxt Ermənistana təzyiq etmir”.
Bütün hallarda Ermənistan rəhbərliyi başa düşməlidir ki, əgər danışıqlar nəticə vermirsə, həmsədr ölkələr yeni təklif irəli sürmürsə, bu o demək deyil ki, Azərbaycan prosesləri sakit izləyəcək və hərbi qüdrətini nümayiş etdirməyəcək. Gündən-günə artan hərbi imkanlarımızla Ermənistana təzyiq göstərməyə davam edəcəyik”.
İsmayıl