Sarkisyan sərsəmlədi

“O, cinayətkar kimi tərbiyə olunub, ona görə elə danışır”



Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı növbəti dəfə hədələyib. "Bizdən sürprizlər gözləyin!” deyən separatçı rejim rəhbəri qeyd edib ki, öldürülən ermənilərə görə, azərbaycanlıların necə ağır hesab ödədikləri, ödəməkdə davam etdikləri və bundan sonra da ödəyəcəkləri heç kimdə şübhə doğurmur.

Hər insidentə cavab verilib və bundan sonra da veriləcək: "Bu yaxınlara qədər bizim cavab addımlarımız forma baxımından simmetrik, itki baxımından isə asimmmetrik idi. İndi isə cavablar forma baxımından da asimmetrik olacaq. Gözü qızmış adamlar sürprizlər gözləməlidir”. Ermənistan prezidenti onu da əlavə edib ki, onun masası üzərində bütün mümkün variantlar var: "Qarşı tərəflə danışıqları soyuq başla apara bilərik və buna borcluyuq. Əks halda, biz sülhü qəbul etdirməyə məcburuq”.

Sarkisyanın təhdidlərinə cavab verən millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, o, cinayətkar kimi tərbiyə olunub. Deputatın sözlərinə görə, Sarkisyan həmişə yeni cinayətlər törətmək haqqında düşünür: "Bu sərsəm bəyanat Sarkisyan və ətrafında olanların yarıtmaz fəaliyyətini ört-basdır etməyə hesablanıb. Ucuz açıqlamalarla ölkəsində ona qarşı olan qüvvələrin qəzəbini səngitmək istəyir. Son günlər cəbhədə yaranan gərginlik də bununla əlaqədardır. O, Ermənistan cəmiyyətinin diqqətini cəbhəyə yönəldib, ictimai rəyi yayındırmaq fikrindədir”.

Parlament üzvü söyləyib ki, Sarkisyan belə bəyanatları öz gücünə arxalanıb vermir: "Bütün beynəlxalq təşkilatlar və güclər bilir ki, Ermənistan elə vəziyyətdədir ki, Azərbaycandan işğal etdikləri əraziləri də əlində saxlaya bilməz. Azərbaycan ordusu ilə üz-üzə gələcək gücdə deyillər. O, məlum açıqlamanı havadarlarına güvənərək verir. Özünün iflasa uğramış siyasətini pərdələmək məqsədilə cəmiyyətin diqqətini cəbhəyə yönəldir”.

E.Məmmədov düşmən ölkə liderinin hədəsini növbəti sərsəmlik adlandırıb: "Ermənistan qüdrətli Azərbaycan ordusu qarşısında dayana bilməz. İşğalçı ölkə rəhbərinin özü də yaxşı anlayır ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Belə sərsəmliklər keçməz. Azərbaycan ordusu onların cavabını verir. Hər atışmada düşmən ordusu ağır itkilər verib, geri çəkilir. Düşünürəm ki, cinayətkarları torpaqlarımızdan çıxarıb, qələbə marşını çalacağıq”.

Ayyət Əhməd