Sarksiyandan başqa nə gözləmək olardı ki ?! - Yenə yalan, yenə saxtakarlıq...

Elman Nəsirov: "Sarkisyanın qərəzli çıxışlarında məqsəd beynəlxalq ictimaiyyəti aldatmaqdır"
"Halbuki Sarkisyan hakimiyyəti 2008-ci ildən indiyə qədər münaqişənin həlli imkanlarını buxovlamaq, yeni maneələr yaratmaq, təxribatlara imza atmaqla məşğul olub"





"Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışından başqa nə isə gözləməyin mənası yoxdur”.

Bu barədə "Sherg.az”a Ermənistan prezidentinin AŞ PA-dakı çıxışı zamanı Azərbaycan haqqında reallığı əks etdirməyən fikirlər səsləndirməsindən danışarkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib. 

O bəyan edib ki, S.Sarkisyanın çıxışı konstruktiv, münaqişənin həlli ilə bağlı imkanlar yaradan mövqeyi olsa idi, təəccüblənməyə əsas var idi:

"Sarkisyan hakimiyyəti 2008-ci ildən indiyə qədər münaqişənin həlli imkanlarını buxovlamaq, yeni maneələr yaratmaq, təxribatlara imza atmaqla məşğul olub. Sarkisyanın qərəzli çıxışlarında məqsəd beynəlxalq ictimaiyyəti aldatmaqdır. O, ənənəvi olaraq münaqişənin həllində köhnə ampulasını nümayiş etdirir, reallıqların təhrifini gücləndirir, münaqişənin həll olunmamasında Azərbaycanı günahlandırır. Guya Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması, hərbi dillə danışması, Azərbaycanın indiyə qədər əldə edilmiş razılaşmaları yerinə yetirməməsi barədə ittihamlar səsləndirir. Sarkisyan baş nazir olmaq eşqinə düşüb. 

Bu ilin aprel ayında Ermənistanda baş nazir postunun sahibi məlum olacaq. Sarkisyan Karan Karapetyanı özünə ciddi rəqib kimi görür. O, Fransa prezidenti Emmanuel Makronla görüşündə də özünün baş nazirliyi üçün həmin ölkədəki erməni diasporasından xeyir-dua almağa çalışdı. Beləliklə, özünə saxta yolla etimad mühiti yaratmaq istəyir.

Dəfələrlə belə açıqlamaların şahidi olmuşuq. Amma hesab edirəm ki, ATƏT-in Minsk qrupu Ermənistan prezidentinin bu davranışından sonra ona qarşı mövqe ortaya qoysun. Çünki belə danışıqlar, yanaşmalar münaqişənin sülh yolu ilə həllini buxovlayır. Minsk qrupu qətiyyətli mövqe, siyasi iradə ortaya qoymalı, prosesə ciddi yanaşmalıdır”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında çıxışına münasibət bildirib. H. Hacıyev deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas ədalətsizlik və ya Ermənistan rəhbərliyinin dediyi kimi "ədalətin defisiti” ilk növbədə Azərbaycanın suveren ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlının etnik təmizləməyə məruz qalması və onların bütün fundamental hüquqlarının pozulmasıdır.

Aysel Aslan