Eyyub Hüseynov: “Sarpız” yerli sortdur, onu təkcə xaricdən gəlmə sort kimi təqdim etmək düzgün deyil”
“Sarpız” da qarpızın bir növüdür
Əgər həqiqətən toxum İrandan gətirilibsə, GMO olması ehtimalı daha da artır
Eyyub Hüseynov: “Sarpız” yerli sortdur, onu təkcə xaricdən gəlmə sort kimi təqdim etmək düzgün deyil”
Eyyub Hüseynov: “Sarpız” yerli sortdur, onu təkcə xaricdən gəlmə sort kimi təqdim etmək düzgün deyil”
Qarpız mövsümü, təəssüf ki, zəhərlənmələrsiz ötüşmür. Bu günlərdə Tovuzda bir ailənin 5 üzvü qarpızdan zəhərlənib. Belə hallar da yayın bu ləzzətli və xeyirli giləmeyvəsini bəzən arzuolunmaz edir. Artıq illərdir ki, mütəxəssislər qarpızı mövsümündə istehlak etməyi məsləhət görür. Amma nə edəsən ki, iyun ayı gələr-gəlməz qarpızlar da bazara ayaq açır.
Vaxtından tez yetişmiş qarpızın zərərli ola biləcəyini təxmin etdiyimiz halda çoxumuz nəfsimizə yenilirik. Ancaq qarpızı təhlükəli edən təkcə vaxtından tez yetişdirilməsi deyil, həm də məhsuldarlığın bol olması üçün istifadə olunan müxtəlif kimyəvi maddələrdir. Məhz kimyəvi maddələrin çoxluğu qarpızı mövsümündə də zəhərə döndərir.
Bu azmış kimi indi də içi sarı qarpızlar satışa çıxıb. Zahirən adət etdiyimiz qarpızlardan seçilməyən bu məhsulun yalnız kəsildikdə fərqli olduğu üzə çıxır. "Xəzər” TV-nin videosüjetində bununla bağlı məlumat verilmişdi və bildirilmişdi ki, içərisi sarı qarpızlar Saatlıda Mayıl Həşimovun bostanında yetişdirilir və "sarpız” adı ilə tanınır. Sarpızlar istehlakçıların marağına səbəb olub. Elə bu səbəbdən də 1 kiloqramı 60 qəpiyə təklif edilən sarpız 2 gün ərzində 800 kiloqram satılıb. Xəzər TV-yə açıqlamasında sarpızın toxumunun İrandan gətirildiyini deyən fermer onun bir çox xəstəliklərin dərmanı olduğunu qeyd edib.
Amma sarpızlara şübhə ilə yanaşanlar və onu almaqdan ehtiyatlananlar da az deyil. Sarpızla bağlı rəsmi qurumların reaksiyası özünü çox gözlətməyib.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Modern.az saytına açıqlamasında birmənalı şəkildə insanları bu qarpızdan imtinaya çağırıb:
"Hesab edirəm ki, Kənd Təsərrüfatının mütəxəssislərinin bu sahədə araşdırmalar aparmasına ehtiyac var. Hər halda yalnız onların müsbət rəyindən sonra sarı qarpızları yemək olar deyə, düşünürəm. Qarpızın ənənəvi rəngi bildiyimiz kimi tünd çəhrayı rəngdə olur.
Hesab edirəm ki, sarı qarpızın genetik modifikasiya olunmuş məhsul (GMO) olması ehtimalı yüksəkdir. Eyni zamanda onun sarı olması təbii yolla yetişdirilən sortdan, növdən də asılı ola bilər. Bütün hallarda bu sahənin mütəxəssislərinin rəy bildirməsinə ehtiyac var. Məhsulun GMO, yaxud hibrid sortlarından olması ehtimalı yüksəkdir.
Biz Gigiyena və Epidemologiya Mərkəzi olaraq məhsulun tərkibində nitratların, xüsusi elementlərin qalıq miqdarı, məhsulda zərərli elementlərin olub-olmaması haqqında məlumat verə bilərik. Təbii ki, məhsulu müayinə etdikdən sonra”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də vətəndaşlara sarı yox, ənənəvi çəhrayı qarpız istehlak etmələrini tövsiyə edib: "Təbii ki, müxtəlif növ meyvələrin müxtəlif sortları var. Məsələn, badımcanın yumru, oval, uzunsov şəkildə olan sortları mövcuddur.
Bu da qarpızın bir sortudur. Mən deməzdim ki, bu, GMO məhsuludur. Hesab edirəm ki, seleksioner tərəfindən yaradılmış sortdur.
Amma yaxşı olar ki, istehlakçılar dədə-baba, ənənəvi, yerli adaptasiya olunmuş qarpız sortlarından istifadə etsinlər. Qarpız adətən kütləvi şəkildə iyunun 15-dən sonra yetişirdi. Amma son illər tez yetişən qarpız sortlarından istifadə edilir. Sarı qarpız seleksiyada istifadə olunur və çox da geniş yayılmayıb”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında maraqlı məlumat verdi:
- Azərbaycanda sarı qarpız yetişdirilir. Sabirabad rayonunda sarı qarpız sortu illərdir var. Yəni, "sarpız” yerli sortdur, onu təkcə xaricdəngəlmə sort kimi təqdim etmək düzgün deyil. Ancaq mən daim istehlakçılara məsləhət görürəm ki, ümumiyyətlə, qarpız alarkən onun qabığının rənginə, içərisinin sağlam olmasına diqqət etsinlər. Hansı qarpızın ki, tumları xırda və azdır, onun GMO olması ehtimalı böyükdür. Normal qarpızların tumu nisbətən iri və çox olur. Qarpızı düzgün şəraitdə saxlamaq lazımdı. Qarpız uzun müddət soyuducuda qalmamalıdır. Çalışmaq lazımdır qarpız evə gətirilən kimi qısa müddət ərzində yeyilsin. Çox soyudulmuş, axşamdan səhərə qalmış qarpızlar yeyilməməlidir. Qarpızı digər qidalarla, isti yeməklərlə birgə istehlak etmək də olmaz. Çox zaman zəhərlənmələrə məhz bu səbəb olur. Deyirlər, sarı qarpızlar böyrək daşı üçün müalicəvi əhəmiyyətlidir. Ancaq bu qarpızların alıcısı həmişə az olub. Sarı qarpızların GMO olub-olmamasını yoxlamaq üçün bizdə laboratoriyalar var. Əlaqədar qurumlar bu qarpızlardan alınmış nümunələri laborator şəraitdə yoxlasınlar və əhaliyə dolğun məlumat versinlər.
E.Hüseynov sarı qarpız toxumlarının İrandan gətirilməsinə də münasibət bildirdi:
- Ümumiyyətlə, İranda genetik modifikasiya olunmuş məhsullar bol istehsal edilir. Təəssüf ki, İran bununla öyünür. Mümkündür ki, kimsə sarı qarpız toxumunu İrandan gətirmiş olsun. Əgər həqiqətən toxum İrandan gətirilibsə, GMO olması ehtimalı daha da artır. Ancaq bizim özümüzdə də yerli sarı qarpız sortu yetişdirilir. Satışa çıxarılanların mənşəyi dəqiqləşdirilməlidir ki, təhlükə dərəcəsi bilinsin.
Məlahət Rzayeva