Müəllimlərin qiymətləndirilməsi əvvəlcə şagirdlərdən başlanmalıdır
Bu tədris ilində Azərbaycanın 12 şəhər və rayonu üzrə diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimin əməkhaqqısı artırılıb. Bu isə qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi deməkdir.
Təhsil Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin ümumi təhsil müəssisələrində çalışan, əvvəllər sınaq imtahanlarında iştirak etməyən və iştirak edib aşağı bal toplayan, eləcə də Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq, ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib. İmtahanlar proqram təminatı əsasında kompüterlər vasitəsilə aparılıb. Müəllimlərin dərs yükünə, pedaqoji fəaliyyət üzrə stajına, ali və ya orta ixtisas təhsilli olmasına, sinif rəhbəri və fəxri adının olub-olmamasına və digər bir neçə meyara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılıb.
Müəllimlərin sınaq qiymətləndirilməsinin aparılmasını çox əhəmiyyətli sayan təhsil eksperti, sabiq təhsil naziri Firudin Cəlilov bunun düzgün, lakin gecikmiş qərar olduğu qənaətindədir: "Müəllimlər sınaqdan keçirildikdən sonra biz onların müəllimlik keyfiyyətinin dərəcəsini müəyyən edə bilirik. Elə müəllim var ki, fənni yaxşı bilir, amma dünyagörüşündə qüsurlar var.
Bəzilərində isə tam əksidir. Bunlar hamısı sınaq qiymətləndirmədə üzə çıxır və nəticədə minlərlə müəllimin keyfiyyət göstəricisi əlimizdə olur.
Əslində bunu 20 il bundan öncə etmək lazım idi. Mənə şübhəli gələn attestasiyanın aparılması məsələsidir. Müəllimlər müxtəlif olur. Şagirddən, tələbədən soruşmaq lazımdır ki, bu müəllim necə dərs deyir. Yəni müəllimin qiymətləndirmə mərhələsi əvvəlcə tələbədən, şagirddən başlanılmalıdır. Müəllim sonradan komissiyadan keçməli, test imtahanı verməlidir. Yəni müəllimlər mütləq dərəcələrə ayrılmalıdır. 1-ci, 2-ci, 3-cü dərəcəli müəllimlər olmalıdır və onların maaşı arasındakı fərq çox böyük olmalıdır. Bu şərait yarananda təbii ki, o zəif müəllimlər öz üzərlərində işləyəcək və çalışacaq ki, maaşa görə yuxarı kateqoriya alsın. Kim də özünü yüksək dərəcəyə çatdıra bilmirsə, onlarda çıxıb gedəcəklər. Çünki əgər 1-ci dərəcəli müəllim 500 manat maaş alırsa, buna isə 200 manat maaş verirlərsə və bu özünü o həddə çatdıra bilmirsə, 1-2 ildən artıq qala bilməyəcək. Yəni məktəblərdə ələnmə başlayacaq. Bu sistemə çoxdan keçmək lazım idi”.
Müəllimlərin imtahanlara cəlb edilməsi və biliklərinin yenidən yoxlanılması ilə bağlı yaranan narazılıqların absurd olduğunu deyən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, nazirliyin həyata keçirdiyi diaqnostik qiymətləndirmə heç də pis proses deyil: "Bu imtahan əsasən müəllimlərin metodiki səviyyəsinin, ixtisas biliyi və təşkilatçılığının üzə çıxarılması üçün keçirilir. Nəticələrdən sonra isə bəlli olur ki, hansı müəllimin məlumatlılıq dərəcəsi nə qədərdir? Təbii ki, ən yüksək nəticə göstərənlərlə bərabər zəif nəticə göstərənlər də olur. Zəif müəllimlərə isə istiqamətlər göstərilir ki, öz üzərlərində işləsinlər. Yüksək nəticə göstərənlərə isə öz təcrübələrini yaymaq tövsiyə edilir”.
Ekspert hesab edir ki, qiymətləndirmə zamanı müəllimlərə qarşı heç bir ədalətsiz münasibət sərgilənmir. Qiymətləndirmədən yüksək qiymət alan müəllimlərin dərs saatları və əməkhaqları artırılır. Test imtahanlarından, müsahibələrdən keçə bilməyən müəllimlərə isə yenidən imtahan üçün şərait yaradılır. Yenə deyirəm, diaqnostik qiymətləndirmənin heç bir mənfi təsiri yoxdur. Amma bir məsələ var ki, gələcəkdə bu qiymətləndirmə zamanı müəllimləri sorğu-sual etməkdənsə, onların dərsləri dinlənilsə, daha yaxşı olar”.
Ə.Ağayev sonda qeyd edib ki, müəllimlərin qiymətləndirilməsi ilə bağlı monitorinqlərdə iştirak edənlər mütləq monitorinqdən çıxmış adamlar olmalıdır.
Şəymən