Savçenko vətəninə qayıtdı və mesaj verdi

“Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram”



İki ildir Rusiyada həbsdə saxlanılan ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenko Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə əfv olunub. Məlumat üçün bildirək ki, N.Savçenko 2014-cü ilin iyulunda Donbasda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülüb və Rusiyaya aparılıb. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunurdu.

Azadlığa buraxılan Savçenko Ukrayna Prezidentinin göndərdiyi xüsusi təyyarə ilə Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb. Rostovda N.Savçenkonu Ukrayna Prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko və Ali Radanın sədr müavini İrina Geraşşenko qarşılayıblar. Prezident Poroşenko isə Savçenkonu Kiyev hava limanında qarşılayıb. Qarşılıqlı razılaşmaya əsasən Poroşenko tərəfindən əfv edilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrov da Rusiya tərəfinə təhvil verilib. Xatırladaq ki, Yerofeyev və Aleksandrov 2015-ci ilin mayında Ukraynanın Luqansk vilayəti ərazisində Ukrayna əsgərləri tərəfindən əsir götürülüb.

"Mənə pislik arzulayanlara təşəkkür edirəm, sizin acığınıza sağ qala bildim”

Borispol aeroportunda jurnalistlərin suallarını cavablandıran Nadejda Savçenko ona mənəvi dəstək olanlara təşəkkürünü bildirib: "Biganə qalanlara da təşəkkür edirəm ki, mənə maneçilik törətmədilər”. O, həmçinin Donbasda hərbi əməliyyatlar zamanı həlak olanların valideynlərindən də üzrxahlıq edib: "Onların övladları qayıtmadılar, mən isə sağ qaldım. Mən ölənləri qaytara bilmirəm, lakin bir daha həyatımı döyüş meydanında qoymağa hazıram. Əlimdən gələni edəcəyəm ki, məhbəsdə olan hər kəs azadlığa çıxsın”.

"Bütün ukraynalı əsirlərin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəyik”

Ukrayna Prezidenti Pyotr Poroşenko da Rusiyada jurnalistlərin ölümündə ittiham olunan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılması və vətənə qayıtması ilə bağlı açıqlama verib. O, feysbuk səhifəsində yazıb ki, "bizim Nadya artıq Ukrayna torpağındadır. Onu qayıtması münasibəti ilə təbrik etməkdən məmnunam. Ukraynalıları və bütün dünyanı bu qələbəmiz münasibəti ilə təbrik edirəm. Bütün ukraynalı əsirlərin azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəyik”.

İsmayıl