Sərdar Cəlaloğlu seçkiyə qoşulacaq gənclərin uğur qazanacağına inanmır

“... Fantaziya ilə hərəkət edirlər”


Parlament seçkisinə 2 aylıq bir zaman qalıb. Demək olar ki, əksər partiyalar seçkiyə hazırlıq işləri görür, namizədlərini müəyyən edirlər. Ancaq müşahidələrə görə, budəfəki seçkilər əvvəlkilərdən fərqli olacaq. Çünki indi seçkiyə qatılmaq istəyən gənclərin sayında nəzərəçarpacaq dərəcədə çoxalma var.

Gənclər əvvəlki seçkilərə nisbətən daha çox aktivlik nümayiş etdirirlər. Seçki öncəsi gənclərdən ibarət "125”-lər və "Ağ blok” adlı siyasi blokların yaradılması da dediklərimizi sübut edir. Bundan başqa, fərdi qaydada namizədliklərini irəli sürəcək gənclər də kifayət qədərdir. Bəzi ekspertlərin iddiasına görə, gənc fəal Tural Abbaslının yaratdığı "Ağ blok” təşkilatı ənənəvi müxalifət düşərgəsini narahat etməyə başlayıb. Çünki müxalif liderlər partiya siyasətindən narazı qalan gənclərin həmin bloka axışmasından ehtiyat edirlər. Amma bunun əksini düşünənlər də var. Məsələn, gənclərin siyasi fəallığından danışan ADP sədri, politoloq Sərdar Cəlaloğlu hesab edir ki, partiyanın ayrı-ayrı üzvlərinin müstəqil blok yaratması siyasi etikaya uyğun deyil: "Bəllidir ki, Müsavat daxilində problemlər var, fikir ayrılığı var. Ona görə də, insanlar öz maraqlarını partiyadan kənarda təmin etməyə cəhd edirlər. Ancaq bütövlükdə siyasi cəhətdən ciddi ziddiyət yoxdursa, partiyanın ayrı-ayrı fərdlərinin bloklar yaradıb seçkiyə getməsi nonses, yəni ağıla sığmayan bir hərəkətdir”.

S.Cəlaloğlu gənclərin aktiv siyasətindən heç bir şey gözləmədiyini bildirib: "Əgər kifayət qədər siyasi təcrübəsi olan, siyasi proseslərdə bişən insanlar müsbət nəticə əldə edə bilmirsə, siyasi təcrübəsi olmayan gənclərin nəyəsə nail olacağını düşünmək fantaziyadan başqa bir şey deyil. ABŞ və Avropa ölkələrinin təcrübəsi göstərir ki, siyasətdə ciddi nailiyyətləri daha çox yaşlı adamlar edir. ABŞ Konqresinin yaş tərkibinə baxsaq, bunun şahidi olarıq. Bizdə isə tərsinədir, çalışırlar ki, gənclik faktorunu siyasətdə önə çəksinlər. Təcrübəsiz, naşı, kifayət qədər dünyagörüşü, biliyi olmayan insanları önə çıxarsınlar. Çünki gənclərlə oynamaq, ehtiraslarından yararlanmaq asandır”.

ADP sədrinin fikrincə, gənclik faktorunun siyasətdə yeri gəldi-gəlmədi şişirdilməsi yanlışdır: "Gənclər harada təcrübə qazana bilər? Yalnız özündən yaşlı nəslin yanında siyasi fəaliyyət göstərməklə. Əgər gənclər kifayət qədər siyasi təcrübəsi olan adamların yanından ayrılıb müstəqil fəaliyyət göstərirlərsə, bunun heç bir nəticəsi ola bilməz. Bunu Azərbaycanda fəaliyyət göstərən bütün gənc təşkilatlara aid edirəm. Onlar gənclik ehtiraslarından istifadə edib hay-küy salırlar, ancaq heç bir siyasi nəticə əldə edə bilmirlər. Çünki onlar gənclik fantaziyalarının təsiri altında hərəkət edirlər. Gənclik yaxşı şeydir, ancaq onu istiqamətləndirməsən, nizamlamasan, dağıdıcılıqdan başqa bir şeyə yaramaz”.

İsmayıl