“Şərq”ə məktub gəldi

Ana oğluna şəhid statusunun verilməsini istəyir
Gəncənin Kəpəz rayon sakini Salmanova Xatirə Qulu qızı redaksiyamıza məktubla müraciət edib. O, müraciətində 4 günlük aprel döyüşlərində böyük şücaətlər göstərərək həlak olmuş oğlu Fərman Əsədliyə şəhid statusunun verilməsi ilə bağlı yardım istəyib.
Yazıda X.Salmanova qeyd edib ki, bu il aprel ayının 2-də oğlu F.Əsədli və kürəkəni Sadiq Əliyev Tərtər istiqamətində gedən döyüşlərdən xəbər tutan kimi həmin rayona yollanıblar. Onlar ilk olaraq adıçəkilən rayonun Şıxarx qəsəbəsində yerləşən N saylı hərbi hissənin Nəzarət Buraxılış Məntəqəsinə (NBM) gəliblər. NBM yaxınlığında "QAZ -3308” markalı avtomaşının dayandığını görən Fərman sürücü əsgər Şirinovun donmuş vəziyyətdə qaldığını görür və digər mülki şəxslərdən birinin maşının akkumluyatorunu çıxarıb bu avtomaşını işə salır. Fərman özü sükan arxasına keçir. Sürücü əsgər Şirinovu isə yanında oturdub, şəhid olmuş əsgərlərin cənazəsini hərbi hissənin qərargahına təhvil verir. Hərbi hissənin yüksək rütbəli zabitləri Fərmana bu hərəkətlərinə görə, minnətdarlıq edirlər. Bundan sonra rayonun mərkəzinə qayıdan Fərmanla Sadiq siqaret, kolbasa və başqa ərzaq məhsulları alıb, yenidən NBM qayıdırlar. Və aldıqları azuqələri əsgərlərə paylayırlar. Daha sora Gəncəyə qayıtmağı qərara alırlar və yola çıxırlar. Şıxarx qəsəbəsinin qurtaracağına az qalmış N saylı hərbi hissənin zabiti kapitan Mübariz Rəhimovla rastlaşırlar. Bu qənaətə gəlirlər ki, zabiti mənzil başına çatdırsınlar. Beləliklə, həmin zabiti maşına otuzdurub hərbi hissə qərargahına doğru irəliləyirlər. Şıxarx qəsəbəsinin qum-çınqıl kombinatı adlanan ərazisinin təxminən 5 yüz metrliyində qəflətən düşmən tərəfindən atılmış mərmi qəlpələri oğlumu ölümcül yaralayır. Kürəkənim isə həyatı təhlükəsi olmayan xəsarətlər alır. Ordumuzun zabiti isə heç bir xəsarət almır. Oğlum Tərtər Rayon Mərkəzi Xəstəxanasına gətirilir və bir neçə saatdan sonra elə oradaca dünyasını dəyişir. Oğlumun atası, yəni həyat yoldaşım Əsədov Elçin də istefada olan polkovnik-leytenantdır. Uzun müddət ordu sıralarında şərəflə xidmət göstərib. İndi istəyimiz odur ki, oğlumuza göstərdiyi hünər və rəşadətə görə, şəhid statusu verilsin. Amma bunu etmirlər”.
Şikayətçi diqqətə çatdırıb ki, məsələ ilə Gəncə şəhər və eyni zamanda Kəpəz rayon icra hakimiyyətlərinə müraciət etsələr də, müsbət cavab ala bilməyiblər: "Gəncə şəhəri İcra hakmiyyətinin hüquqşünası Xəqani Əbdüləzimov və Kəpəz Rayon İcra Hakimiyyətinin hüquqşünası Vurğun Səmədova oğlumun şəhid statusu alması üçün arayış vermədilər. Sonda isə bildirdilər ki, gedin, Tərtər Rayon İcra Hakimiyyətinə müraciət edin. Sizin işinizə onlar baxa bilər. Bir sözlə, yaxalarını kənara çəkib, müraciətə baxmadılar”.
Oğlunun mülki vətəndaş olduğunu söyləyən X.Salmanova onu da əlavə edib ki, Fərman vətənin müdafiəsi yolunda şəhid olub: "Onu yolda maşın vurub öldürməyib ha, deyəsən ki, ona şəhidlik statusu düşmür. O, heç bir döyüş tapşırığı almadan qabağa atılıb. Fərman ailəlidir. Özünə uyğun təminatı da vardı. Amma oğluma şəhid statusu vermirlər”.
Sonda X.Salmanova qəzetimiz vasitəsilə aidiyyəti şəxslərdən oğluna şəhidlik statusunun verilməsini xahiş edib: "Mən bir xəstə anayam. Fərmanın azyaşlı qız övladını və atasının qısa müddətə göstərdikləri qəhrəmanlıqları nəzərə alıb, ona şəhid adı vermənizi rica edirəm”.
Ayyət Əhməd