“Şərq”in yenə qonaqları var - Mətbuat Muzeyi ziyarət olundu - Fotolar

"Şərq” qəzetinin nəzdində yaradılmış Mətbuat Muzeyinin növbəti ziyarətçiləri yeni yaradılmış siyasi partiyanın rəhbərliyi və nümayəndələri olub. Bu dəfə muzeyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev, partiya üzvü, "Cümhuriyət” qəzetinin baş redaktoru Rafael Becanov, təşkilat funksionerləri - Mehriban Sadıqova, Pərviz Şıxaliyev, Tural İrfanlı və digər şəxslər ziyarət ediblər. Redaksiyamıza təşrif buyuran şəxsləri qarşılayan baş redaktor Akif Aşırlı əvvəlcə muzeyin ərsəyə gəlməsi haqda ziyarətçilərə məlumat verib. Muzeyin yaranması ideyasından danışan baş redaktor bildirib ki, burada Azərbaycan mətbuatının bütün mərhələlərini əks etdirən dəyərli eksponatlar toplanıb:
"Bakı Dövlət Universitetində və özəl ali məktəblərin birində jurnalistika fakültəsində tarixindən dərs deyirdim. Daha sonra iki cildlik sistemləşdirilmiş "Azərbaycan Mətbuat Tarixi” kitabını yazdım. Birinci cild 1875-ci ildən 1920-ci ilə qədər, ikinci cild isə 1920-ci ildən 1990-cı illərə qədər olan dövrü əhatə edir. Həmin kitabı hazırlayarkən mətbuat tarixinin ayrı-ayrı dövrlərinə dair nümunələr əldə etdim. Düşündüm ki, artıq bu işi sistemləşdirməyin və mətbuat muzeyi yaratmağın vaxtıdır. 
Hazırda "Şərq” qəzetinin nəzdində yaratdığımız Mətbuat Muzeyi 6 otaqdan ibarətdir. Burada əksər qəzetlərin nümunələri var. Bəziləri orijinaldır. 
O cümlədən ayrı-ayrı tanınmış jurnalistlərə aid sənədlər, əşyalar da Muzeydə sərgilənir”. A.Aşırlı bəyan edib ki, muzeyi yaradarkən kömək edənlər olub. Ancaq işin böyük əksəriyyəti daxili imkanlar hesabına görülüb:
 "Ümumilikdə 16 portret hazırlatmışıq, bəziləri isə hədiyyə edilib. Hər dövrə bir otaq həsr etmişik. Birinci dünya müharibəsi illərini, Cümhuriyyət dönəmini, sovet dövrünü, mühacirət və repressiya illərini əhatə edən otaqlar qurmuşuq. Biz sovet dövrünü kənarda qoya bilmərik. Çünki həmin dövrdə, milli şüuru öləziləşdirməyə imkan verməyən, dilimizi qoruyan görkəmli jurnalistlər olub. Ən azından sətraltı mənalarda fikirlərin ifadə ediblər, yazı dilini formalaşdırıblar. Buna görə də onları unutmaq olmaz. Son olaraq isə Nuru Paşa odasını hazırlamışıq. Nümunələrin çoxunu Türkiyədən, köhnə kitab və əşyalar satılan yerlərdən əldə etmişik. Əhməd bəy Ağaoğluna aid 160 sənədin sürətini Türkiyədən, qızı Surəyyə Ağaoğlunun arxivindən gətizdirmişik. Bəzi sənədlərin orijinalını müəyyən məbləğ müqabilində almışıq. Çalışmışıq ki, hər dövrü əhatə edək”.
Eksponantlarla tanışlıqdan əvvəl qonaqlarla baş redaktor arasında kiçik dialoq da baş tutub.
Razi Nurullayev: "Muzeyə ayrılan 6 otaq qəzetlə bir yerdə fəaliyyət göstərir?”
Akif Aşırlı: "Bəli, muzey qəzet redaksiyasının içindədir və heç bir maneçiliyi yoxdur. Hətta muzey fonunda fəaliyyət göstərmək jurnalistlərə şövq verir, məsuliyyət yaradır”.
Mehriban Sadıqova: "Muzeylə maraqlananlar, gəlib-gedənlər varmı?
Akif Aşırlı: "Əlbəttə, gəlib-gedirlər. BDU-nun jurnalistika fakültəsinin tələbələri gəlirlər. Ayrı-ayrı redaksiyalardan da gələn olur. Muzeyi ziyarət edən hər kollektiv üçün geniş izahat veririk. Türkiyənin Azərbaycandakı səfiri muzeyimizi iki dəfə ziyarət edib”.
Razi Nurullayev: "Muzeyin hüquqi əsası yoxdur, eləmi?”.
Akif Aşırlı: "Yox, hələki yoxdur. Muzeyi kimsənin yardımı olmadan, redaksiyanın daxilində öz istəyimizə uyğun yaratmışıq. Ancaq kömək edən bir-iki nəfər olub. Məsələn, xalq şairi Nəriman Həsənzadə öz təqaüdünü muzeyə yardım üçün göndərib. Millət vəkili Cavanşir Feyziyev maddi köməklik göstərib. Başqa yardım edən olmayıb”.
Rafael Becanov: "Çox böyük iş görmüsüz. Bizim qəzet ("Cümhuriyyət” qəzeti- red) muzey təzə açılanda buradan geniş reportaj hazırlayıb. Əgər muzey nə zaman rəsmi quruma çevrilərsə, tərkibində Mətbuat Muzeyi Fondu yaratmaq olar”.
Akif Aşırlı: "Siyasi partiyaların içərisində muzeyi ilk ziyarət edən sizsiniz. Başqa partiyalardan, ictimai təşkilatlardan gələn olmayıb”.
Razi Nurullayev: "Muzeyin fəaliyyətindən daha çox adam xəbər tutduqca, gündəmə gəldikcə gələnlərin sayı da çoxalacaq. Sosial sifariş yaranacaq ki, dövlət də bununla yaxından maraqlansın. Azərbaycanda bu işi hər kəs görmür, görə bilmir. Heç kim öz sahəsində bu cür təşəbbüs göstərmir. Heç müasir dövrümüzdəki qəzet nüsxələrini saxlaya bilmirik. Təəssüflər olsun ki, insanların əməyinə çox gec qiymət verilir. Hesab edirəm ki, təkcə Türkiyənin deyil, başqa ölkələrin səfirlərini də muzeyə dəvət etmək lazımdır”.
Daha sonra baş redaktor Akif Aşırlı qonaqları otaq-otaq gəzdirərək dəyərli eksponatlarla bağlı ətraflı məlumat verib. 
Ziyarətçilər Mətbuat Muzeyini ziyarətdən və gördükləri mənzərədən məmnunluq duyduqlarını deyiblər. 
Partiya sədri Razi Nurullayev öz təəssüratlarını bu cür bölüşüb: "Muzey çox xoşuma gəldi. Hesab edirəm ki, kifayət qədər böyük bir iş görülüb. Əmin olun ki, buranı ziyarət etməyən insanda mətbuat muzeyi barədə düzgün fikir olmur. Mən də gəlməzdən qabaq düşünürdüm ki, axı mətbuat muzeyi necə ola bilər? Ancaq eksponatları müşahidə etdikdən sonra fikirlərim tamamilə dəyişdi. Gördüm ki, burada Azərbaycanın çox önəmli tarixi var. Muzeyi ziyarət edən insan uzun müddət gördüklərinin təsirindən çıxa bilməz. Ona görə də Akif müəllimə çox sağol deyirəm. Ümid edirəm ki, muzey dövlət statusu alacaq və daha da zənginləşəcək”.
Qeyd edək ki, redaksiya-muzeydə sərgilənən eksponatlar arasında XIX əsrin sonlarında Cənubi Qafqazda nəşr olunmuş qəzetlərin, həmçinin Azərbaycanın ilk milli mətbuat nümunələrinin orjinal nüsxələrinə, jurnalistlərin xatirə şəkillərinə rast gəlmək olar. Azərbaycan Xalq Cümhuriyyətinin dönəmində nəşr olunmuş dövrü mətbuat nümunələri ayrıca nümayiş olunur. Sovet mətbuatının, həmçinin müasir dövr qəzetlərinin nüsxələri də eksponatlar arasındadır. Bununla yanaşı, muzeydə mühacirət dövrü, habelə Cənubi Azərbaycanda nəşr olunmuş milli qəzetlərin orjinal nüsxələrinə də rast gəlmək olar.
İsmayıl