" "Şərq”i oxu” abunə kampaniyası çərçivəsində tanınmış ictimaiyyət nümayəndələrinin qəzetimizə dəstəyi davam edir. Bir neçə gündür ki, cəmiyyətdə tanınan nüfuzlu şəxslər redaksiyamıza gələrək abunə marafonuna qoşulurlar. Redaksiyamıza təşrif buyuran bütün ziyalılar başda "Şərq” qəzeti olmaqla, ümumilikdə çap mətbuatının yaşamalı olduğunu vurğulayırlar və qəzetlərə dəstəklərini ifadə edirlər.
"Şərq”in bugünkü dəyərli qonaqlarından biri də araşdırmaçı yazar Sərxan Carçıdır.
"Şərq"in abunə kampaniyasına qoşulan S.Carçı dəstəyini belə izhar etdi:
"Neçə gün idi ki, "Şərq"ə gəlmək istəyirdim. Nəhayət, bu gün "Şərq" qəzetinin redaksiyasına gəlib, dəyərli ziyalımız, ilk kitabımın ön sözünün müəllifi Akif Aşırlı ilə görüşdüm. Bilirik ki, "Şərq" qəzeti meydana çıxdığı andan bu günə kimi millətimizin, dövlətçiliyimizin keşiyində durub. Hər kəsə tribuna olmağı bacarıb. Rəhbərliyi də ehtiyacı olan heç kimdən dəstəyini əsirgəməyib. Amma belə bir qəzet bu gün çətin günlərini yaşayır. Qəzetin taleyi abunəçilərin əlindədir. Əlbəttə, bu qəzetin yaşaması üçün dəstək göstərməliyik. "Şərq"in timsalında klassik qəzet ənənəmizə sahib çıxmalıyıq".
"Şərq" qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı bu dəstək üçün S.Carçıya minnətdarlıq ifadə etdi:
"Klassik media ənənələrinin yaşaması üçün göstərdiyiniz diqqət təqdirəlayiqdir. Əlbəttə, tanınmış ictimaiyyət nümayəndələrinin, tədqiqatçıların, ayrı-ayrı sahələrdə çalışan insanların "Şərq"ə göstərdiyi dəstək bizi sevindirir. Təşəkkür edirik !"
Ayyət Əhməd