"Səsimizi eşitdilər..."

Mahnı müsabiqəsi ilə yeni nəslə böyük bir dayaq, yol göstərən bir cığır açmış olurlar
"Mədəniyyət" kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə bəstəkarlar arasında estrada janrında mahnı müsabiqəsi elan olunub.

Müsabiqənin əsas məqsədi müasir estrada mahnılarının yaranmasına xidmət etmək, eyni zamanda, bəstəkarlar tərəfindən yazılan mahnıları üzə çıxarmaq, istedadlı gənclərə dəstək olmaqdır. 

Müsabiqə, həmçinin ölkəmizin müasir iqtisadi-mədəni inkişafının mədəni müstəvidə işıqlandırılmasını təmin edəcək, habelə yüksək səviyyəli mədəniyyət nümunələri geniş tamaşaçı kütlələri arasında təbliğ olunacaq.

Azərbaycan Televiziyası öz fəaliyyətində gənc nəslə vətənpərvərlik, qəhrəmanlıq ideyalarının təbliğini, xalqa, millətə, bayrağımıza, doğma Bakımıza, Azərbaycanımıza hörmət və sevgi hisslərinin aşılanmasını hər zaman əsas missiya kimi öz üzərinə götürür. 

Yetişməkdə olan gənc nəslin maariflənməsi Azərbaycan Televiziyasının əsas məqsədlərindəndir. Bu baxımdan belə müsabiqələrin təşkili təqdirəlayiqdir.


Müsabiqədə iştirak etmək istəyənlər estrada janrında olan əsərlərin notunu və müğənninin ifasını elektron formada avqustun 25-dək Medeniyyet@ aztv.az ünvanına göndərə bilərlər.
Münsiflər heyətinin seçdiyi qaliblərə pul mükafatı veriləcək.

Belə bir müsabiqənin keçirilməsi Azərbaycan musiqisinə nə verə bilər? Gənc bəstəkarların üzə çıxması və tanınmasında rol oynaya bilərmi? Suallarımıza bəstəkar Nailə Mirməmmədli cavab verdi: 

"Həqiqətən çox təqdirəlayiq bir addımdı. Çox müsbət bir layihə kimi dəyərləndirmək olar. Səhv etmirəmsə, Ramil Qasımovun fikridir. Yenə də dövlət kanalı səhnəmizdə yaranan bu xaos vəziyyətin aradan qalxması üçün ciddi bir addım atır. Səsimizi eşitdilər. Yeni gələn nəslə böyük bir dayaq, yol göstərən bir cığır açmış olurlar. Gənc nəsil bu yolda addımlasın. İstedadlı gənclərimiz var ki, onlar bəzən musiqiyə səhv yanaşma ilə formalaşıblar. Onlara bir dəstək olacaq. Burada münsiflərin kimliyi də vacib məqamlardan biridi. Mən əminəm ki, belə bir ciddi müsabiqənin münsifləri də bu sahənin peşəkarları olacaq. 

Onların seçimi də təsir gücünə malik olacaq. Zövqlü, keyfiyyətli musiqilər seçilərsə, bu, gələn nəslə də bir stimul verəcək. Mən inanıram ki, münsiflər bu seçimdə obyektiv olacaqlar. Əminəm ki, seçilənlər ötəri bəstəkarlar olmayacaq. Bu həm də bəstəkarlıq sahəsinə gəlmək istəyən gənclərdə bir özgüvən, inam yaradacaq ki, mən düz yoldayam. Bu yolda mənə imkanlar yaradıla bilər. Peşəkar bəstəkarlıqla məşğul olanlar bir az da həvəslənə bilərlər. Nəticədə Azərbaycan musiqisi qazanmış olacaq. Yeni bəstəkar mahnıları meydana gələcək. 

Müğənnilərin o bəstəkarlarla işləmək şansları artacaq. Dövlət kanalının bu addımını həqiqətən alqışlayıram. Çünki mənim özümün tələbələrim arasında istedadı olanlar var ki, bu, onlara bir təkan verə bilər. Onlar bu müsabiqədə iştirak etməklə səhnəyə vəsiqə qazanmış olarlar. Bu müsabiqə Azərbaycan musiqisini, Azərbaycan səhnəsini bayağı musiqilərdən təmizləyə bilər".

Tahirə