"Səssizlik ən gözəl dil"dir

5 nəfər xanım ehtiyacı olanlara jest dilini öyrətmək üçün yola çıxıblar



"Düşünün ki, birisinin jest dilini öyrənməsi, bu dilin daşıyıcılarının əhatəsində olması, onlara az da olsa xeyir verməsi nə dərəcədə maraqlı, eyni zamanda məsuliyyətlidir. Yaş məhdudiyyəti olmadan gözəl bir gün bəxş etdiyimiz insanlar artdıqca, hər tədbirdən sonra "yenə olacaq?” sualını eşitdikcə özümüzü çox xoşbəxt hiss edirik. Məhdudiyyətli övladı olan valideynlərin xeyir-duasını alarkən komanda üzvlərini cəmiyyətə xeyir verən gənclər kimi görmək əvəzsiz bir hissdir”.

Bu sözləri "Deaf Community" MMC-nin rəhbəri Nuranə Abıyeva deyib. Eşitmə və danışma əngəli olan insanlar üçün bir-birindən maraqlı və xeyirxah tədbirlər həyata keçirən gənc xanım rəhbərlik etdiyi komandanın üzvləri və onların fəaliyyəti ilə bağlı "Şərq”ə danışıb. Onun sözlərinə görə, komanda ilk dövrlərdə ayrı-ayrı MMC-lərin tərkibində fəaliyyətini davam etdirib. Lakin 2018-ci ilin noyabr ayından etibarən rəsmi şəkildə MMC olaraq fəaliyyət göstərir: 

"Komandamız 29 yanvar 2017-ci ildən bəri eşitmə və danışma məhdudiyyətli insanların yaş, maraq məhdudiyyəti olmadan cəmiyyətə inteqrasiyası üçün fəaliyyət göstərir. Azərbaycanda bu sahədə könüllülərdən ibarət çalışan ilk MMC məhz "Deaf Community" komandasıdır. Komanda daxilində fəaliyyət göstərən şəxslər əvvəllər daha çoxluq təşkil etsə də, hazırda komandada 5 nəfər xanımdan ibarət əsas heyət və 14 nəfər könüllü xanım işçi var. Könüllü heyət kimi çalışan şəxslər tələbələrdən, layihəmizi izləyən, tədbirlərimizdə iştirak edən gənclərdən ibarətdir.

Bu günə qədər "Deaf Community" özəl və tarixi günlər, matəm və bayram günləri ilə bağlı çoxlu sayda videoçarxların, tədbirlərin və görüşlərin keçirilməsini, jest dilində ilk danışıq klublarının yaradılmasını, məhdudiyyətlilərlə danışa bilən insanlar arasındakı ünsiyyəti, görüşləri təşkil edən, yerli və xarici filmlərin surdotərcümə ilə məhdudiyyətlilər üçün təqdimatını aparan bir komandadır. Həm əyləndirici, həm maarifləndirici, həm də jest dilinin yayılması yönündə işlər görən komandamız artıq 3-cü ildir ki, fəaliyyətini davam etdirir”.

Bu işə ilk dəfə fərdi şəkildə başladığını deyən N.Abıyeva daha sonra tələbələrindən ibarət komanda yaratdığını bildirir: 

"Deaf Community" yarandığı gündən etibarən əsasən gənclərin nələr istədiyini nəzərə alıb və biz daha çox gəncləryönümlü işlər görməyi qarşımıza məqsəd qoymuşuq. Amma tədbirlərimizdə uşaqlar da iştirak edib. Ən çox eşitmə və danışma məhdudiyyətli insanların valideynləri keçirilən tədbirlərə qatılırlar. Əyləncəli layihələrimiz olduğu kimi, ciddi görüşlərimiz və tədbirlərimiz də olur. Bu komandanı quranda daha geniş və məsuliyyətli işlər görməyi hədəfləmişdim. Düşünürəm ki, istəyimə də çatdım. Komandamız jest dilini nə qədər bilsələr də, daim öyrənməyə, incəlikləri araşdırmağa davam edir. Özümüzü daim inkişaf etdirməyə çalışırıq ki, səhvimiz olmasın. Bizim devizimiz "səssizlik ən gözəl dil”. Bu devizi Azərbaycanın hər bir bölgəsində, hər bir yerində düzgün şəkildə yaymaq, məhdudiyyətli insanları daha ön plana çəkmək üçün işlər görməyi düşünürük.

Hazırda 5 nəfər xanım olaraq fəaliyyətimizi davam etdiririk. Hər bir xanımın da fəaliyyətindən çox razıyam. Onların hər biri ayrı-ayrı sahələrdə fəaliyyət göstərmələrinə baxmayaraq ehiyacı olan insanlara jenst dilini öyrətməkdə əllərindən gələni əsirgəmirlər”.

Komandanın baş surdotərcüməçi Arzu Babayeva:

 "İxtisasca fizika müəllimliyi üzrə təhsil almağıma baxmayaraq doğulduğum gündən bu dilin içində olduğum üçün jest dili həyatımda önəmli yeri tutur. Komandanın bütün layihələrinin, filmlərinin və videoroliklərinin tədbirlərdə canlı surdotərcümələrini edirəm. Eyni zamanda tələbələrə jest dilini öyrətməklə məşğulam”.

Baş təlimçi Turan Məmmədli: 

"Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təhsil almışam. Komandada əsas fəaliyyətim jest dilinin necə öyrənilməsi və öyrədilməsi yönündə işlər görməkdir. Bu sahədə fəaliyyətə əvvəlcə fərdi olaraq başlamışdım. Əsasən də uşaqlara jest dilinin öyrədilməsinin tərəfdarıyam. Çünki ilk baxışdan uşaqları necə yönləndirsən, onun həyatı da o cür davam edəcək. Uşaqların dünyanı xilas edəcəyini düşünürəm. Ona görə də bu dili ən çox uşaqlara aşılamaq istəyirəm. Komandamızın son tədbirlərindən biri nağılların canlı surdotərcümə ilə məhdudiyyətli uşaqlara təqdim edilməsi oldu. Bu da mənim layihələrimdən biri idi”.

Komandanın rəssam-dizayneri Ülkər Qəhrəmanova: 

"Rəssamlıqla məşğul olsam da, jest dilinə çox marağım var idi. Hətta rəssamlığa belə jest dilini qatmaq, rəssamlıq qabiliyyəti olan məhdudiyyətli şəxslərə dəstək olmaq və gələcəkdə bu sahədə irəliləmək istəyən xanımlar üçün bir örnək olmaq istəyirəm. Məhz buna görə də bu sahədə olduqca həvəslə çalışıram. Hazırda özümə aid bir butikim var və rəssamlıq üzrə dərslər verirəm. Xanımların əl qabiliyyətlərini irəli çəkən işlərdə onlara dəstək olmağı sevirəm”.

İnzibati işlər üzrə idarəçi Nazilə Ələkbərova: 

"Əsas ixtisasım həkim-allerqoloqdur. Eyni zamanda "Deaf Community" MMC-də könüllü olaraq idarəçiliyi həyata keçirirəm. Müəyyən tədbir və görüşlərin düzgün və tam şəkildə həyata keçirilməsi olduqca vacibdir. Jest dilinə marağım isə çoxdan var. İstəyirəm ki, heç olmasa, qarşımdakı insanlara bu dillə bağlı nəyisə öyrədə bilim və jestlərlə danışan insanların komplekslərini aradan qaldırmağa çalışım”.

Yeganə Bayramova